Gündəm 

İnkişafa və tərəqqiyə aparan yol

Müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. İntibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə ulu öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir.

Müasir Azərbaycan tarixinin bütöv bir epoxası, önəmli bir mərhələsi ulu öndərimiz Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Ümummilli liderin 34 illik rəhbərliyi dövrü Azərbaycan tarixinin ən yüksək inkişaf mərhələsi olmuşdur. Müstəqil ölkəmizin bugünkü uğurları Heydər Əliyev strategiyasının təntənəsidir.

Azərbaycan bu gün hərtərəfli və dinamik inkişaf yolundadır, həyatımızın bütün sahələrində yüksəliş, tərəqqi var. İqtisadi artım tempinə görə respublikamız son illər bütün dünyada lider mövqeyə yüksəlib. Bu gün ölkəmizdə davam edən geniş quruculuq işləri Heydər Əliyev zəkasının bəhrəsidir. Azərbaycanın tarixinə qurucu və xilaskar kimi daxil olmuş ulu öndərimiz xalqımızın taleyində, mənəvi, siyasi və ictimai həyatında misilsiz xidmətlər göstərmişdir.

Azərbaycan tarixinin görkəmli siması olan Heydər Əliyev xalqımızın qəlbində özünə əbədi abidə qurmuş şəxsiyyətdir. Azərbaycanın yeni tarixi məhz ulu öndərin liderliyi və müəllifliyi ilə yaranıb. Bu dahi insan dövlət idarəçiliyinin hər bir mərhələsində vətəninə, xalqına sonsuz məhəbbət və sədaqət hissi ilə yanaşıb, milli ideallara daxilən bağlı olub.

Tarix sübut edir ki, müəyyən səbəblərdən milli dövlətçiliyini və müstəqilliyini itirmək təhlükəsi ilə üzləşən xalqlar çətin sınaqlarda məsuliyyəti üzərinə götürmüş qətiyyətli liderlərin sayəsində mövcudluqlarını qorumuş, çətinliklərə sinə gərmiş, milli ideya ətrafında birləşmişlər. Ulu öndər Heydər Əliyev öz xalqına, Vətəninə sonsuz sədaqəti, tükənməz məhəbbəti, uzaqgörənliyi, xeyirxahlığı, düşünülmüş və gərgin əməyi ilə Azərbaycanın iyirminci əsr ictimai-siyasi, sosial-iqtisadi, mədəni və mənəvi həyatında dönüş yaradaraq ümummilli liderlik ucalığına yüksəlmişdir. Onun ölkəmizə rəhbərlik etdiyi illər intibah, milli tərəqqi, milli oyanış və ən başlıcası müstəqil dövlət quruculuğu dövrü kimi qəbul edilir. Xalqımızın böyük oğlu Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyətinin ən böyük nəticəsi xalqımıza bəxş etdiyi mükəmməl milli dövlət, müstəqil Azərbaycan Respublikasıdır.

Görkəmli dövlət xadimi Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə gəlişi Azərbaycanı, bütöv bir xalqı məhv olmaq təhlükəsindən xilas etdi. Ulu öndərin Azərbaycan tarixində ən böyük xidmətlərindən biri də olduqca ağır şəraitdə müstəqilliyimizi xilas etmək, hüquq və ədalətə, demokratik inkişafa əsaslanan güclü dövlətçiliyin əsasını qoymaqdan ibarət olmuşdur. Məhz böyük öndərin hakimiyyətə qayıdışından sonra Azərbaycanın müstəqillik tarixində yeni, real dövlət quruculuğu səhifəsi açılmışdır.

Ümummilli lider Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə başlıca qayəsini müstəqillik, Azərbaycançılıq, dövlətçilik, ədalətlilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsası qoyulmuş, ölkəmizdə müstəqil dövlət təsisatlarının yaranması və dövlət quruculuğu prosesinin yeni mərhələsi başlanmışdır. Qısa zamanda müdrik rəhbərin dərin məntiqinin, silinməz dəst-xəttinin, zəngin siyasi təcrübəsinin və işıqlı zəkasının ən böyük bəhrələrindən biri olan Konstitusiya layihəsi hazırlanmış və geniş ictimai müzakirələrdən keçərək 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul olunmuşdur. Yeni Konstitusiya Azərbaycanda dövlət quruculuğu sahəsində fundamental islahatlara yol açmışdır. Məhz bu ali sənəddə sosial dövlət konsepsiyası öz əksini tapmış, Azərbaycan dövlətinin hər bir vətəndaşının rifahının yüksəldilməsinin, onun sosial müdafiəsinin və layiqli həyat səviyyəsinin qayğısına qalındığı bəyan edilmiş, insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədi elan edilmiş və qorunması dövlət hakimiyyəti orqanlarının əsas vəzifəsi kimi müəyyənləşdirilmişdir. “Yeni Konstitusiya Azərbaycanda demokratik, hüquqi dövlətin qurulması, demokratik, vətəndaş cəmiyyətinin yaranması üçün bütün əsaslar yaradıbdır, bütün təminatları veribdir. Bizim borcumuz bu təminatlardan, Konstitusiyanın bizə verdiyi qanuni əsaslardan səmərəli istifadə etmək və ölkəmizdə hüquqi, demokratik dövlət yaratmaq, vətəndaşların, insanların hüquqlarının qorunmasını təmin etməkdən ibarətdir”, – deyən ümummilli lider bununla Konstitusiyanın başlıca hədəflərini müəyyən etmişdir.

Konstitusiyanın qəbulundan sonra ümummilli lider Heydər Əliyevin rəhbərliyi və fəal iştirakı ilə məhkəmə-hüquq islahatlarının aparılması, qanunvericilik bazasının yaradılması və təkmilləşdirilməsi sahəsində Azərbaycanda demokratik quruluşun və hüquqi dövlətin möhkəm təməli qoyulmuşdur. Ulu öndər Heydər Əliyevin 1998-ci il fevral ayının 22-də imzaladığı “İnsan hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərmanla və 1998-ci il iyun ayının 18-də xüsusi sərəncamla “İnsan Hüquqlarının Müdafiəsinə dair Dövlət Proqramı” hazırlanmışdır. Dövlət Proqramında insan hüquqları üzrə Azərbaycan Respublikasının səlahiyyətli müvəkkili təsisatının yaradılması, Azərbaycan Respublikasının Cinayət, Cinayət-Prosessual, Mülki və Mülki-Prosessual məcəllələrinin təkmilləşdirilməsi məqsədilə qanun layihələrinin hazırlanması, “Prokurorluq haqqında”, “Vəkillik haqqında”, “Notariat haqqında” qanun layihələri üzrə işlərin tamamlanması və digər mühüm məsələlər nəzərdə tutulmuşdur. Azərbaycanın hüquqi dövlət və humanizm prinsiplərinə sadiqliyini əks etdirən mühüm hadisələrdən biri Avropa Şurasına üzvlüyə qədər ölkədə ölüm hökmünün ləğv edilməsi olmuşdur. 1993- cü ildə ölüm cəzası üzərində moratoriumun qoyulması, 1995-ci ildə əfv komissiyasının bərpası, 10 fevral 1998-ci il tarixdə ölüm cəzasının tam ləğvi müdrik şəxsiyyətin daxilən yüksək humanizm, insanpərvərlik kimi keyfiyyətlərə malik olduğunun bariz nümunəsidir. 2001-ci il 28 dekabr tarixli Qanunla Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatı yaradılmışdır.

İnsan hüquq və azadlıqları, demokratik cəmiyyətdən söz düşəndə diqqət yetirilən ən vacib məqamlardan biri də söz və mətbuat azadlığı, onun necə təmin edilməsidir. 1998-ci il avqustun 6-da Heydər Əliyev “Ölkədə söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” fərman imzaladı. Bu fərmanın bir bəndilə mətbuatda dövlət sirlərini mühafizə edən baş idarə ləğv olundu. Bu, senzuranın ləğvi demək idi.

. Bir sözlə, sadalanan məqamlar bir daha onu göstərir ki, bu gün insan hüquq və azadlıqlarına, qanunların aliliyinə hörmət prinsiplərinə prioritet istiqamət kimi müstəsna dəyər verən müstəqil Azərbaycan Respublikasının hüquqi, dünyəvi və demokratik dövlət imicinin formalaşmasında ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri əvəzsizdir. Ulu öndərin strateji xətti 1993-2003-cü illər Azərbaycanın demokratik prinsiplərə sadiq bir dövlət kimi inkişafında, mühüm bir dövr olmaqla dünya birliyinə inteqrasiya yolunda ona çox böyük nailiyyətlər qazandırdı.

Cinayətkarlığa qarşı mübarizə sahəsində əldə edilmiş bütün müsbət nailiyyətlər qanunun aliliyi prinsipini fəaliyyətinin əsas devizinə çevirmiş ulu öndər Heydər Əliyevin ölkəmizdə həyata keçirdiyi məqsədyönlü hüquqi islahatların məntiqi nəticəsidir. Bu gün tam əsasla demək olar ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə qəbul edilən mütərəqqi qanunlar, həyata keçirilən məqsədyönlü tədbirlər ölkəmizdə demokratik və hüquqi dövlətin möhkəm əsasını yaratmışdır.

Ümummilli liderimiz Heydər Əliyevin xalqımız qarşısında ən böyük və tarixi xidmətlərindən biri də ondan ibarətdir ki, o, sürətli inkişaf yoluna qədəm qoymuş Azərbaycanı cəsarətlə idarə etməyə qadir olan layiqli davamçısını yetişdirmişdir. Belə ki, ölkə Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü daxili və xarici siyasət nəticəsində demokratik inkişaf və tərəqqi, sağlam vətəndaş cəmiyyətinin yaradılması, hüquqi dövlətin formalaşması prosesləri dönməz xarakter almış və görülmüş, eləcə də görüləcək bütün nəhəng və qlobal işlər ancaq bir məqsədə – Azərbaycanın dövlət müstəqilliyinin daha da gücləndirilməsinə xidmət etməklə, ulu öndərin təbirincə desək, onun suverenliyini sözün əsl mənasında, əbədi və daimi etmişdir. Heydər Əliyev qürur hissi ilə deyərdi: “Mən həmişə fəxr etmişəm, indi də fəxr edirəm ki, mən azərbaycanlıyam…”.

Bu gün Azərbaycan xalqı fəxr edir ki, onun Heydər Əliyev kimi bir övladı var. Qəlbi həmişə Azərbaycanla döyünən Heydər Əliyevin parlaq xatirəsi daim anılacaq və seviləcəkdir. Biz də hər birimiz ulu öndərə məhəbbətimizin əyani təzahürü olaraq möhtərəm Prezidentimizin ətrafında daha sıx birləşərək onun qarşıya qoyduğu bütün mühüm vəzifələrin yerinə yetirilməsində fəal iştirak etməli və Heydər Əliyevin şah əsəri olan demokratik, müasir və müstəqil Azərbaycanımızın xoşbəxt gələcəyi naminə səylə çalışmalıyıq.

Böyük türk dünyasının görkəmli ictimai-siyasi və dövlət xadimi olan Heydər Əliyev Azərbaycan xalqının əvəzolunmaz və tarixi bir irsidir. Bu irsi öyrənərək ondan doğma vətənimizAzərbaycanın rifahı naminə istifadə etmək isə hər bir vətəndaşın, öz torpağını və millətini sevən hər bir insanın mənəvi borcudur. Bütün mənalı həyatını öz xalqına bəxş etmiş Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrilmişdir. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaqdır. Yüksək təfəkkür, zəngin dövlətçilik və idarəçilik təcrübəsi qazanmış, müasir düşüncəli, praqmatik lider İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan inamla irəliləyir. Zəngin dövlətçilik məktəbindən dərs alan, təcrübəli diplomat, Azərbaycan Prezidenti cənab İlham Əliyev dünyada ən islahatçı dövlət başçılarından biri kimi qəbul edilir. Sevindirici haldır ki, ümummilli liderimizin siyasi xətti bu gün Prezident İlham Əliyev tərəfindən qloballaşan dünyanın tələbinə uyğun olaraq yeni məzmun və keyfiyyətdə uğurla davam etdirilir.

Yeganə Məhərrəmova,
Bakı şəhəri Azərbaycanın Miili  Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbin direktoru

Daha çox xəbərlər