Qardaşlığımızın Zəfəri
Möhkəm özüllər üzərində qurulmuş Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu, sıx əməkdaşlıq və strateji müttəfiqlik münasibətləri bu gün ən yüksək səviyyədə olmaqla bərabər, özünün ən qürurverici anlarını yaşayır. Sözün əsl mənasında strateji tərəfdaş olan bu iki qüdrətli dövlətin yaxından iştirakı ilə reallaşdırılan qlobal layihələr regionun mənzərəsini dəyişərək ümumi tərəqqiyə, sabitliyin bərqərar olunmasına mühüm töhfələr verir. Həmçinin Cənubi Qafqazda sülh və təhlükəsizliyin təmin olunması, bu bölgənin yaxın gələcəkdə dünyanın inkişaf mərkəzlərindən birinə çevrilməsi üçün əsaslı zəmin formalaşdırır.
Haqlı mübarizəsində Azərbaycanı heç zaman tək buraxmayan Türkiyə İkinci Qarabağ savaşında da qardaşlarının yanında yer aldı. Vətən müharibəsinin ilk saatlarından Zəfərlə başa çatmasınadək Türkiyənin siyasi və hərbi rəhbərliyi Azərbaycanın yanında oldu. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana dəstək ifadə edərək bildirdi ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır. Bu siyasi və mənəvi dəstək savaşın son gününə qədər davam etdi. Bu, bizə əlavə güc verirdi, bəzi qüvvələrin məsələyə müdaxiləsinin qarşısını aldı. Nəticədə Azərbaycan milli ordusunun düşmənə qarşı təkbaşına savaşda qələbəsi təmin olundu. Bu mövqe dünyaya Azərbaycan–Türkiyə qardaşlığının sarsılmazlığını, hər iki dövlətin haqqın, ədalətin tərəfində dayandığını bir daha göstərdi. 2020-ci il dekabrın 10-da isə iki dövlətin prezidentlərinin Azərbaycanın Vətən müharibəsində Qələbəsinə həsr olunmuş Zəfər paradında çiyin-çiyinə dayanmaları türk dünyasında qürur doğuran hadisə olmaqla yanaşı, beynəlxalq aləmə türkün birliyinin və qüdrətinin növbəti nümayişi oldu.
Tarixi Zəfərimizdən ötən iki ildə Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında daha çox diqqəti çəkən məqamlara nəzər yetirək. Bu gün bərpa edilən Qarabağda və Şərqi Zəngəzurda yenə də Türkiyə-Azərbaycan birliyini görürük. Türkiyə şirkətləri həyata keçirilən quruculuq işlərində fəal iştirak edir, azad olunmuş ərazilərimizə yeni həyat bəxş olunmasına özlərinin layiqli töhfələrini verirlər.
Qarşılıqlı əməkdaşlığın ən yüksək göstəricisinin nəticəsidir ki, 2021-ci il iyun ayının 15-də Şuşada Azərbaycan və Türkiyə prezidentləri 1921-ci il 13 oktyabr tarixli Qars müqaviləsinə sadiq olduqlarını bildirərək “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” imzaladılar. Tərəflər Şuşa Bəyannaməsi imzalamaqla müttəfiqlik münasibətlərinin strateji xarakterini və ən yüksək səviyyədə olduğunu bir daha təsdiqləyiblər.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında qardaş ölkə ilə birgə həyata keçirilən bərpa-quruculuq layihələrinin uğurlu icrası Azərbaycan ilə Türkiyə arasındakı iqtisadi münasibətlərin tarixi-mədəni yaxınlığa və qarşılıqlı strateji tərəfdaşlığa əsaslandığını təsdiqləyir. Bu, həm də ikitərəfli iqtisadi əlaqələrdə çoxşaxəlilik və intensivliklə müşahidə edilməsində özünü göstərir. Belə əlaqələr ticarət, investisiya qoyuluşları və çoxtərəfli münasibətləri əhatə edən regional layihələrdə özünü daha qabarıq büruzə verir. Hazırkı iqtisadi tərəfdaşlıq həm Türkiyə və Azərbaycanın ölkə, həm də region miqyasında nüfuzunun, eyni zamanda, iqtisadi gücünün artmasında əhəmiyyətli rol oynayır.
Azərbaycan və Türkiyəni bir-birinə bağlayan strateji layihələr iki ölkə arasındakı birliyin, qardaşlığın möhtəşəm təntənəsidir. Ölkələrimiz arasında əlaqələrin dinamik inkişafının göstəricisi olan qlobal iqtisadi layihələr Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz , TANAP, TAP kimi enerji layihələri, prezidentlərimizin iştirakı ilə Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin açılması, Türkiyədə “STAR” neft emalı zavodunun işə salınması, 2020-ci ilin dekabrın sonunda Azərbaycan kommersiya qazının Trans-Adriatik Boru Kəməri vasitəsilə Avropaya tədarükünə başlanması və s. ölkələrimizin monolit birliyinin nümayişi kimi fərəh doğurur.
Hazırda siyasi, hərbi müstəvidə olduğu kimi, ölkələrimiz arasında iqtisadi sahədə də əlaqələr möhkəmlənməkdədir. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan və Türkiyə arasında qarşılıqlı ticarət dövriyyəsi 34% artaraq 4,35 mlrd. ABŞ dollarına çatıb. Bu gün Azərbaycan Türkiyəyə sərmayə qoyan ölkələr arasında ilk sıralardadır. Eləcə də Azərbaycanın qeyri-neft sektoruna investisiya yatırımı edən ölkələr arasında Türkiyə ilk sıradadır. Ölkəmizdə müxtəlif sahələrdə Türkiyəyə məxsus 5000-ə yaxın şirkət fəaliyyət göstərir.
Prezident İlham Əliyev 2022-ci il oktyabrın 28-də qardaş Türkiyənin milli bayramı-Respublika Günü münasibətilə Prezident Rəcəb Tayyib Ərdoğana ünvanladığı təbrik məktubunda Bakı ilə Ankara arasında əlaqələrin inkişafına, Şuşa Bəyannaməsinin iki ölkə arasındakı münasibətləri müttəfiqlik səviyyəsinə çatdırmasına, Türkiyənin Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən quruculuq işlərinə göstərdiyi xüsusi dəstəyə toxunub. Dövlətimizin başçısı vurğulayıb ki, bu gün dünyada Azərbaycan-Türkiyə əlaqələrinin bənzəri yoxdur: “İftixar hissi ilə qeyd etmək istərdim ki, dostluq və qardaşlıq üzərində qurulmuş Azərbaycan-Türkiyə əlaqələrinin bu gün dünyada bənzəri yoxdur. Əcdadlarımızın mənəvi mirası olan qardaşlığımız, birliyimiz və həmrəyliyimiz xalqlarımız üçün əsas yol istiqaməti, bölgə və dünya üçün mühüm təhlükəsizlik və sabitlik amilidir”.
Göründüyü kimi, ölkələrimiz arasında dostluq, qardaşlıq münasibətləri yüksələn xətlə inkişaf edir. Azərbaycanla Türkiyə arasında uzun illərin sınağından çıxan dostluq və qardaşlıq münasibətlərinin indiki vəziyyəti bir daha isbatlayır ki, iki ölkə arasındakı əlaqələr əbədidir və heç bir qüvvə, heç bir maneə bu dostluğu, qardaşlığı sarsıda bilməz.

