Gündəm 

Səmərqənddə tarixi Zirvə

Türk dövlətləri və xalqları arasında əməkdaşlığın gücləndirilməsi artıq zərurətə çevrilib

Noyabrın 11-i bütün türk dünyasının birliyinin və qardaşlığının növbəti dəfə hər kəsə nümayiş etdirildiyi gündür. Bu dəfə Özbəkistan dostluğumuzun, müttəfiqliyimizin gücləndirilməsi istiqamətində atılacaq yeni addımlara, imzalanacaq yeni sənədlərə ev sahibliyi edəcək. Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin liderlərinin bu gün Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək IX Zirvə görüşü milli mənsubiyyətcə eyni kökə, ənənəvi münasibətlərə, oxşar mədəni dəyərlərə malik türk xalqlarının və dövlətlərinin daha da yaxınlaşması, təşkilatlanması və birliyinin möhkəmlənməsi baxımından çox böyük tarixi əhəmiyyət daşıyır. Təsadüfi deyil ki, TDT-nin 12 noyabr 2021-ci il tarixində Türkiyənin İstanbul şəhərində keçirilən VIII Zirvə görüşündə

çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təşkilatın təməlində təbii müttəfiqlərin yerləşdiyini bildirmişdi. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) adının “Türk Dövlətləri Təşkilatı”na dəyişdirildiyi həmin görüşün çox böyük tarixi əhəmiyyəti olduğunu qeyd edən dövlətimizin başçısı Şuranın təşkilata çevrilməsinin gözəl gələcəyi olduğunu demişdi: “Çünki bu təşkilatın təməlində təbii müttəfiqlər yerləşir və həm tarix, həm mədəniyyət, həm bizim ənənələrimiz, bizim adət-ənənələrimiz, bax, bu, birliyi diktə edir. Eyni zamanda, indiki dünyada təhlükələr hər ay, hər il yaranır və əfsuslar olsun ki, dünyanın aparıcı ölkələri bu təhlükələrə qarşı düzgün addımlar ata bilmirlər və əminəm ki, Türk Dövlətləri Təşkilatının təkcə ölkələrimiz, xalqlarımız üçün deyil, dünya üçün önəmi bundan sonra da artacaq.”

İstanbul görüşündən ötən müddət bir daha göstərdi ki, Azərbaycan Prezidentinin dediyi kimi, dünyada təhlükələr hər il yaranmaqda və artmaqdadır. Ona görə də türk dövlətləri və xalqları arasında əməkdaşlığın gücləndirilməsi artıq tarixi zərurətdir. Bu gün Səmərqənd Zirvə görüşü qloballaşan dünyada get-gedə daha güclü platformaya, daha böyük söz sahibinə çevrilən TDT-nin gələcək fəaliyyətinin “yol xəritəsi”nin çəkilməsi, birlikdə reallaşdırılması zəruri olan qlobal layihələrin razılaşdırılması və onların həyata keçirilməsi istiqamətlərinin müəyyənləşdirilməsi üçün mühüm imkan yaradacaq.

Qeyd edək ki, noyabrın 10-da Özbəkistanın Səmərqənd şəhərində bugünkü Zirvə görüşünə hazırlıqla bağlı TDT Xarici İşlər Nazirləri Şurasının 9-cu iclası keçirilib və Azərbaycanı toplantıda xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edib. İclasa TDT-də müşahidəçi statusu ilə təmsil olunan Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto da qatılıb. Toplantıda TDT-yə üzv ölkələrin liderlərinin Zirvə toplantısının gündəliyi və imzalanacaq sənədlər müzakirə olunub.

Təşkilatın yaydığı məlumata görə, liderlərin sammitində TDT-nin gələcək 5 illik fəaliyyəti ilə bağlı strateji fəaliyyət planı qəbul olunacaq. Həmçinin toplantıda 2009-cu il oktyabrın 3-də TDT-nin Naxçıvanda keçirilmiş iclasından sonra qəbul olunmuş sənədə düzəlişlər edilməsi nəzərdə tutulur.

Zirvə toplantısı çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana “Türk Dünyasının Ali Ordeni” və Özbəkistanın Milli medalı təqdim olunacaq. Məlum olduğu kimi, ötən sammitdə dövlətimizin başçısı İlham Əliyev Azərbaycan Respublikasının ərazilərinin işğaldan azad edilməsi və ərazi bütövlüyünün bərpa edilməsində əldə edilmiş tarixi qələbəyə görə Dövlət Başçıları Şurası tərəfindən “Türk Dünyasının Ali Ordeni” ilə təltif edilmişdi.

Xatırladaq ki, Türk Dövlətləri Təşkilatı (keçmiş adı ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və ya Türk Şurası) 3 oktyabr 2009-cu ildə Naxçıvan müqaviləsi ilə Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan arasında qurulmuş olan beynəlxalq təşkilatdır

Özbəkistan 30 aprel 2018-ci ildə qatılma niyyətinin olduğunu açıqlamış və 14 sentyabr 2019-cu ildə də Türk Şurasına üzv olmuşdur. Bu əməkdaşlıq şurasının qurulması fikri ilk dəfə 2006-cı ildə Qazaxıstanın o zamankı Prezidenti Nursultan Nazarbayev tərəfindən təklif edilmişdir. Hazırda Macarıstan və Türkmənistan TDT-də müşahidəçi dövlətlərdir və yaxın zamanda hər ikisinin Təşkilata tam üzvlük tələbi etməsi gözlənilir.

Bu gün artıq TDT-nin özünü regional güc mərkəzi kimi təsdiq etdiyini söyləmək mümkündür. Belə ki, təşkilata üzv ölkələr öz aralarında münasibətləri möhkəmləndirməklə yanaşı, beynəlxalq müstəvidə də cərəyan edən proseslərə çevik reaksiya verir, eləcə də humanitar təşəbbüslərlə çıxış edir. Ən başlıcası isə Prezident İlham Əliyevin sonuncu Zirvə görüşündə dediyi kimi, təşkilata üzv dövlətlər arasında işbirliyi səmimiyyətdən yaranır. Çünki: “Biz hamımız qardaşıq, bir-birimizə qardaş deyirik, biz hamımız ənənəvi dəyərlər üzərində ölkələrimizi inkişaf etdiririk. Bizim xalqlarımız arasındakı birlik, qardaşlıq gündən-günə möhkəmlənir və biz bu gün böyük coğrafiyanı əhatə edirik, böyük iqtisadi, siyasi, hərbi gücü bu coğrafiyada ehtiva edirik.”

Daha çox xəbərlər