Alınmaz qala sayılan Şuşanı iki il bundan əvvəl erməni işğalından azad edən Azərbaycan Silahlı Qüvvələri şanlı tarix yazdı.
Bizim Şuşa səfərimiz elə bir tarixi hadisədir ki, sözlə ifadə etmək çox çətindir. Şuşaya qədəm basmaq, Şuşaya yenidən qovuşmaq insanda ən böyük duyğular yaradır, insanın ürəyi köksünə sığmır. Şuşada Vaqif Poeziya Günlərinin yenidən keçirilməsi Dünya azərbaycanlıları üçün ən sevincli hadisədir.
Biz Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə sonsuz təşəkkürümüzü bildirir, qəhrəman şəhidlərimizin ruhu qarşısında baş əyirik. Şuşada Vaqif Poeziya Günlərinin bərpası torpaqlarımızın işğaldan azad edilməsinin bir daha təsdiqidir. Möhtərəm Prezidentimiz İlham Əliyevin xalqa müraciətlə dediyi “Əziz Şuşa, sən azadsan” sözləri hər birimizin qəlbini fərəh hissi ilə doldurdu.
Torpaqlarımızın işğaldan azad edilməsindən çox qısa zaman keçib. Bu gün Şuşada möhtəşəm quruculuq, abadlıq işlərinin sürətlə aparılması adama başqa bir güc verir. Eyni zamanda, bütün dünyaya göstəririk ki, böyük mədəniyyət abidələrini, tarixi abidələri dağıtmaq, məhv etmək ermənilərin xislətidir. Azərbaycan xalqının məqsədi isə hər zaman qurmaq, yaratmaq, inkişaf etdirməkdir. Vaqifin məqbərəsi əvvəlki əzəməti ilə ucalır. Eləcə də güllələnmiş abidələr (heykəllər) öz yerinə qaytarıldı.
Düşünürəm ki, Üzeyir bəyin, Xurşidbanu Natəvanın, Bülbülün ruhu şaddır. Çox qısa zamanda digər tarix, mədəniyyət abidələri də bərpa olunacaq.
Şuşa şəhərinə gedəcəyimiz günün axşamı – 28-dən 29 avqusta keçən gecəni səhərədək gözümə yuxu getmədi, mən bu gecənin sevincini heç cür ifadə edə bilmirəm. Şuşa şəhərinə getmək, onu öz gözlərinlə görmək hər bir azərbaycanlının ən böyük arzusudur. Bu torpaq olduqca müqəddəsdir. Biz mənəviyyatımızın, ruhumuzun beşiyi olan Şuşaya çox borcluyuq.
Əgər bir il öncə kimsə desəydi ki, Şuşada tədbir keçiriləcək və sən də orada iştirak edəcəksən, heç vaxt inanmazdım.
Çox qısa müddətdə böyük hadisələr baş verir. Bu müddətdə burada mədəniyyət tədbirləri – “Xarıbülbül” festivalı, Vaqif Poeziya Günləri kimi böyük layihələr həyata keçirilir. Hələ ki, insan bunun mahiyyətini, böyüklüyünü, tarixiliyini tam mənası ilə dərk etmir. Müəyyən vaxt keçəndən sonra bunları daha yaxşı dərk edəcəyik.
Hər bir azərbaycanlının qəlbində Şuşa şəhərinin xüsusi yeri var. İlk növbədə əlbəttə, musiqi, muğam beşiyi kimi. Bir dəfə Şuşanı görən insan ömrü boyu unuda bilməz bu şəhəri. Burada dünyaya göz açıb, burada yaşamış insanlar Şuşasız yaşaya bilməz. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev bu fikri bütün azərbaycanlılara şamil edərək demişdi: “Biz Şuşasız yaşaya bilmərik!” Həqiqətən də hər bir azərbaycanlı 28 il idi ki, bu hisslə yaşayırdı. Elə buna görə idi ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə “şir ürəkli” cəsur oğullarımız sıldırım qayalardan qalxıb Şuşaya daxil oldular, düşmənlə əlbəyaxa döyüşdə onları məğlub edib, şəhəri azad etdilər.
Bütün bu qələbələr uşaqdan-böyüyə, hər bir vətəndaşımızın qəlbini sevinc, fərəh hissi ilə doldurdu. Bu insanlardan biri də mənəm. Çünki mənim də həyatımın iki ili Şuşada keçib. O vaxtlar fəaliyyət göstərən Şuşa Kənd Təsərrüfatı Texnikomunda “Kənd təsərrüfatının iqtisadiyyatı, təşkili və planlaşdırılması” fənni üzrə müəllim işləyirdim. Ömrümün əlamətdar, ən yaddaqalan günlərindən biri 1982-ci il yanvar ayının 14-dür. Həmin gün Ulu öndərimiz qarlı-çovğunlu bir gündə görkəmli şairlər, ədiblər, ziyalılar və şuşalılarla birlikdə öz təşəbbüsü ilə ucaltdığı Molla Pənah Vaqifin möhtəşəm məqbərəsinin açılışına gəlmişdi.
Mən özümü xoşbəxt sanıram ki, həmin tədbirdə mən də iştirak etmişəm. Tədbirin rəsmi hissəsi qurtardıqdan sonra Heydər Əliyev tribunadan aşağı düşərək ətrafında olan mühafizəçilərə tapşırdı ki, kənara çəkilin, insanlara mane olmayın, xalqla təmasda olmalıyam. Mən də bu fürsətdən istifadə edərək Ulu öndərin iki addımlığında dayana bilmişdim.
Deyirlər tarix təkrar olunur. Mən özümü xoşbəxt sayıram ki, bu gündə – yəni 30 avqust 2021-ci ildə Vaqifin yenidən qurulan bu möhtəşəm məqbərəsinin önündə Vaqif Poeziya Günlərində 39 ildən sonra yenidən iştirak etmişəm və Ulu öndərimizin davamçısı, Azərbaycan Prezidenti, Ali Baş Komandan, öz dəmir yumruğu ilə düşmənin başını əzərək, igid əsgərlərimizin şücaəti ilə işğal altında olan torpaqlarımızdan qovan möhtərəm İlham Əliyevin iki addımlığında dayana bildim. Buna görə özümü ikiqat xoşbəxt sanıram.
Yaşasın Azərbaycan xalqı, yaşasın Cənab Prezidentimiz, yaşasın güclü Azərbaycan Ordusu !
Əsgər Müzəffəroğlu – Bərdə RİHB aparatının sektor müdiri-baş mühasibi, Yazıçılar Birliyinin üzvü.

