Gündəm 

Zəfərə gedən yol!

Şuşa Azərbaycan üçün milli qürurdur, milli mənlikdir, mədəniyyətdir, incəsənətdir, mənbəyidir

Rəşadətli Ordumuzun Şuşaya bayraq sancması və bu xəbərin müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən xalqa çatdırılması 28 ildən sonra milli qürurumuzun da, mənliyimizin də, mədəniyyətimizin də, incəsənətimizin də, tariximizin də azad edilməsini, hətta yeni yüksəliş mərhələsinə çatmasını sübut etdi.

Şuşanın işğaldan azad olunması, Qarabağın döyünən ürəyinin xilas olunması deməkdir. Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Azərbaycanın tarixi şəhəri, bütün Qafqazın mədəniyyət mərkəzi hesab edilən, öz hərbi-strateji önəmi ilə yanaşı, həm də mənəvi əhəmiyyəti olan Şuşanın şanlı ordumuz tərəfindən azad olunmasını bəyan etdi. Şuşanın azadlığı ordumuzun gücünün, xalqımızın birliyinin, Ali Baş Komandanımızın sərkərdəlik qabiliyyətinin təzahürüdür.

“Şuşaya gedən yol 27 sentyabr tarixində başlamışdır. Müharibənin ilk günündən son gününə qədər Azərbaycan Silahlı Qüvvələri yalnız irəli gedirdi, 44 gün ərzində bir gün də geri addım atmamışdı. Halbuki, biz dünya hərb tarixindən bilirik ki, belə çətin müharibələrdə, xüsusilə bizim üçün əlverişsiz relyef şəraitində gedən müharibələrdə manevrlər də olur, geriyə addımlar da olur və gözlənilməz hadisələr də olur. Ancaq bizi Qələbəyə aparan güclü iradə idi, Vətən sevgisi idi, hərbçilərimizin peşəkarlığı idi. Sentyabrın 27-də – müharibənin birinci günündə altı kənd azad olunanda Azərbaycan xalqı daha da inandı ki, biz istədiyimizə nail olacağıq, tarixi missiyamızı yerinə yetirəcəyik.” Ali Baş Komandan İlham Əliyevin Zəfər Günü Şuşa şəhərindən çıxışı zamanı səsləndirdiyi fikirlər onun rəhbərliyi və müvafiq tapşırıqları ilə torpaqlarımızın necə azad edilməsindən danışdı.

Azərbaycan illərlə səbirli, əzmli şəkildə güclənərək Şuşanın, ümumilikdə Qarabağın azad edilməsinə doğru irəlilədi. Nəhayət, bu tarix yaşandı, indi dünyanın aparıcı ölkələri Azərbaycan Ordusunun məhz Şuşada reallaşdırdığı hərbi əməliyyatları öz hərbi dərsliklərinə salırlar.

2020-ci ildə tarix yazan Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan ordusu işğalçıları Şuşadan qovaraq bütünlükdə Qarabağı düşmən əsarətindən qurtardı.Cənab Ali Baş Komandanın xalqımıza olan hər bir müraciəti bizi uğurlu və İlhamlı sabahlara ümidləndirir, yetişməkdə olan sağlam nəsillərin bu şərəfli tariximizi daima qoruyub saxlayacağı inamını artırır!

Tünzalə Əliyeva,
YAP Nizami rayon təşkilatının məsləhətçisi

Daha çox xəbərlər