Yoqa, yoxsa psixologiya? – Zamanəmizin TƏLƏBİ
Müasir dövrümüzün bitib-tükənməyən qayğıları, hər gün aldığımız stress, yaşadığımız travmalar bizi həyata qarşı soyudur. Yaşananlar hər insanda fərqli təzahür edir. Kimsə aldığı travmalardan xəstəyə, kimsə narkotik aludəçisinə çevrilir, bəziləri isə intihara cəhd edərək, həyatdan belə qisas almağa çalışırlar. Sonda olan insanlığımıza olur… Bu və ya digər səbəbləri əsas tutaraq deyə bilərik ki, dövrümüzdə psixologiya və yoqaya olan tələbat gündən-günə artmaqdadır.
Psixoloq İlhamə Oqtayqızı mövzuyla bağlı fikirlərini BiG.AZ-la bölüşüb.
O vurğulayıb ki, yoqa və psixologiya vəhdət halında bir elmdir, insanın inkişaf təkamülünə təsir göstərən fəlsəfədir:
“Yoqa daha qədim və dərin bir elmdir. Yoqa dini inanc, yaxud gimnastika və idman deyil. Sanskrit dilində “birləşmə”,”qovuşma” deməkdir.
Yoqanın məqsədi ruhu rahatlaşdırmaq, bədənimizi, beynimizi ruhumuza təslim etməkdir. Yoqa insana diqqətini toplamaqda, sinir sistemini sakitləşdirməkdə kömək edir. İnsanın özünü kəşf etməsində, özünə dəyər verməsində yol göstərir, “xoşbəxtlik” hormonu sayılan serotoninin çoxalmasına səbəb olur.
Psixologiya da ruh haqqında elmdir. Yəni özünüdərketmə, öyrənmə üsuludur. Psixologiya insanları uşaqlıq travmalarından
təmizləyən, onlara şəxsiyyət kimi formalaşmağa kömək edən, insanları başa düşməyə, anlamağa sövq edən elm sahəsidir.
Yoqa və psixologiya zehni sakitləşdirən, beyni təkmilləşdirən, ruhu dincliyə aparan bir vəhdətdir. Yəni hər iki elm sahəsi ruhun dincliyə qovuşmasına aparan bir yoldur”.

