Qarabağın tacı Şuşaya uzanan Zəfər yolu
Ümummilli Lider Heydər Əliyevin söylədiyi: “Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə, Azərbaycan yoxdur” fikrinin davamı, Prezident İlham Əliyevin başlatdığı yeni tarixin başlanğıcı oldu. Çünki bu yol bizi Qarabağın tacı olan, qəlbimizin döyündüyü, şanlı bayrağımızın qürurla dalğalandığı Şuşamıza aparır.
28 il ərzində işğal altında əsir olan torpaqlarımızda yaşayış məntəqələri, sosial-iqtisadi infrastruktur obyektləri məhv edilmiş, təbii sərvətlər talan olunaraq, tarixi-mədəniyyət və dini abidələrimizə, ətraf mühitə ciddi ziyan vurulmuşdur. 2020-ci il sentyabrın 27-də başlanan 44 günlük Vətən müharibəsində Azərbaycanın tarixi qələbəsi ilə başa çataraq əzəli torpaqlarımızın tapdaq altında qalmasına son qoyularaq, yeni tarix yazıldı.
Bu gün Qarabağın bərpasında prioritet istiqamətlərdən biri də yol infrastrukturunun bərpasıdır. 44 günlük Vətən müharibəsi bitdikdən dərhal sonra Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi inkişaf planının hazırlanması üçün tapşırıqlar vermişdir. Belə tapşırıqlardan biri də Şuşa şəhərinə yeni avtomobil yolunun çəkilməsi olmuşdur. 2020-ci il noyabrın 16-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına səfəri zamanı Şuşa şəhərinə qədər uzanacaq yeni avtomobil yolunun təməlqoyma mərasimindən dərhal sonra layihənin icrasına start verilmişdir. 2020-ci il noyabrın 17-də Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalamışdır.
Başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürən 101 kilometrlik Zəfər yolu Qarabağın tacı olan Şuşa şəhərinə qədər uzanır. Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarının ərazisindən xüsusilə Füzuli Beynəlxalq Hava Limanının yaxınlığından keçir. “Zəfər yolu” sözügedən rayonların 20-dən artıq yaşayış məntəqəsini əhatə edir. Füzuli rayonundan Şuşaya çəkilmiş, Azərbaycan xalqının qazandığı parlaq Qələbənin simvolu Zəfər yolu bizi müqəddəs ünvana çatdıran ən uzun yoldur. Yol 2 hərəkət zolağından ibarətdir
2021-ci il noyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Füzuli rayonunda Zəfər yolunun açılış mərasimi olub. Zəfər yolu həmçinin Alxanlı qəsəbəsi, Füzuli şəhəri, Köndələnçayın sahilindəki Əhmədbəyli kəndi, İkinci Mahmudlu kəndlərinin içindən keçib gedir. Əhmədbəyli-Füzuli–Şuşa avtomobil yolu sayəsində Bakı şəhərindən Şuşa şəhərinədək olan məsafə daha da qısalaraq təqribən 345 km təşkil edir.
Zəfər yolu bir daha Qarabağda ciddi şəkildə quruculuq işlərinin və Qarabağın iqtisadi inkişafının göstəricisidir. Çünki yolların çəkilməsi iqtisadi inkişaf üçün başlıca amillərdən biridir. Bərpa-quruculuq işlərinin sürətlə həyata keçirilməsi tez bir zamanda Vətən həsrəti çəkən insanların geri dönməyini gerçəkləşdirəcək.
Cavid Mehdizadə,
YAP Xətai rayon təşkilatının fəalı

