Gündəm 

Türk dünyası böyük bir ailədir

Türk Dövlətləri Təşkilatına üzv  ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindəndir.
İlham Əliyev

Türk dünyası böyük bir coğrafiyanı əhatə edir. Bu coğrafiyada yaşayan etnoslar və mövcud olan dövlətlər özünün zəngin təbii sərvətləri, qədim milli-mənəvi və dini dəyərləri, antik tarixdən bu günə qədər görkəmli elm, ziya sahibləri, o cümlədən dünya elminə əvəzsiz tövhələr verən mütəfəkkirlər, alimlər, dünya mədəni daxil olan və adları qızıl həriflərlə tarixin yaddaşına yazılan şairləri, yazıçıları, ədibləri, habelə dövlət xadimləri, böyük sərkərdələri, dünya siyasətini yönləndirmək gücünə malik olan nəhəng imperiyaları ilə səciyyəvi xarakter daşıyır.

Son onillikdə Türk dünyasının böyük bir ailə olmasını təsdiq edən daha bir amil Türk dünyasına daxil olan Dövlətlərin bir araya gəlməsi, onun  təşkilatlanması və Türk Dövlətləri Təşkilatı adlı bir beynəlxalq təşkilatda birləşməsi ilə özünü göstərir.

Bu məsələlərə daha geniş aspektdən yanaşan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Türk Dövlətləri Təşkilatınının  Səmərqənddə keçirilən IX Zirvə Görüşündə çıxışı zamanı bu məsələyə xüsusi diqqət ayırmışdır.

Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan həmişə türk dünyasının sıx  birləşməsinə öz tövhəsini verib və bundan sonra da türk dünyasının birliyi amallarına sadiq qalacaq. “2009-cu ildə Naxçıvan Zirvə Görüşündən başlayaraq təşkilatımız böyük inkişaf yolu keçmişdir. Türk dünyası 200 milyona yaxın insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edir və böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malikdir,” –deyə Prezident İlham Əliyev bildirib.

Türk dünyasının böyük bir ailə olduğunu deyən Azərbaycan Prezindenti qeyd edib: “Bir –birimizin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməliyik. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal tranformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığımızı fəallaşdırmalıyıq”.

Dövlət başçısı öz fikirlərini daha da inkişaf etdirərək türk ailəsinin təkcə müstəqil türk dövlətlərindən ibarət olmadığını, onun coğrafi sərhədlərinin daha geniş olduğunu toplantı iştirakçılarının nəzərinə çatdırmışdır.

Ölkəmizin Prezidenti daha sonra qeyd etmişdir: “Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır. Əfsuslar olsun ki, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti bu imkanlardan məhrumdur. ”

“Türk dövlətlərindən kənarda yaşayan soydaşlarımızın öz ana dilində təhsil almaları daim təşkilatın gündəliyində olmalıdır. Bu istiqamətdə lazımi addımlar atılmalıdır” deyən Dövlət Başçısı İlham Əliyev bu problemlərin həm də türk dünyasını əhatə edən böyük bir ailənin məsuliyyəti olduğunu diqqətə çatdırmışdır. Bu mövqeyini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev növbəti fikrində tamamlamışdır:  Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin milli kimliyinin qorunması, onların assimlyasiyaya uğramaması kimi məsələləri artıq təşkilat çərçvəsində daimi əsasda diqqətdə saxlamağın vaxtı gəlib çatmışdır”.

Prezident eyni zamanda Azərbaycandan kənarda yaşayan soydaşlarımızın öz tarixi vətənləri ilə əlaqələrinin kəsilməsinə heç vaxt imkan verməyəcəyini xüsusi vurğulamışdır.

Vətən müharibəsindən sonra azad olunan torpaqları Türkiyənin Cümhur başqanı Rəcəb Tayyib Ərdoğanla üç dəfə ziyarət etdiklərini görüş iştirakçılarına xatırladan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türk dövlət başçılarına müraciət edərək onları da qardaş Azərbaycanın işğaldan azad olunmuş torpaqlarını ziyarət etməyə çağırmışdır.

Bütün bunlar deməyə əsas verir ki, Türk coğrafiyasına aid olan dövlətlərin sürətlə inteqrasiyası tezliklə bu dövlətlərin ailə dəyərləri zəminində vahid orqanizm kimi birləşməsinə gətirib çıxaracaqdır.

Şəhla Xəlilova,
Bakı şəhəri, Ə.Abbasov adına 257 nömrəli tam orta məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini

Daha çox xəbərlər