Şuşanın fəthi dünya hərb tarixinə qızıl hərflərlə düşən döyüş əməliyyatı idi
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyev Zəfər Günü qələbəmizin şanlı səhifəsinin yazıldığı Şuşa şəhərində olub. Dövlət başçısı çıxış edərək əldə olunan böyük qələbə münasibətilə əsgər və zabitlərimizi təbrik edib, Vətən müharibəsində qazandığımız uğurlardan danışıb. Qələbənin əldə olunmasında canlarını fəda edən şəhidlərimizin xatirəsi ehtiramla yad olunub. Müzəffər Ali Baş Komandan qeyd edib ki, Alınmaz qala sayılan Şuşanı iki il bundan əvvəl erməni işğalından azad edən Azərbaycan Silahlı Qüvvələri şanlı tarix yazdı. Bu şanlı tarix bizimlə əbədi olacaq. Azərbaycan xalqı, gələcək nəsillər bu şanlı qələbə ilə haqlı olaraq fəxr edəcəklər. Şuşa dağların zirvəsində Tanrının yaratdığı bir gözəllik tablosudur. Şuşa vətənin sinəsində xalqımızın döyünən ürəyidir. Şuşa xalqımızın yaratdığı ən qiymətli mədəni abidədir. Təəssüf ki, ötən əsrin sonlarında dünyada baş verən geopolitik vəziyyətin fonunda ölkəmizdə yaranan xaos, hakimiyyətsizlik, siyasi çəkişmələr illərdir pusquda olub məqam gözləyən düşmənin əlinə Şuşanın işğalı üçün fürsət verdi. Şuşa naşılığın və hakimiyyət uğrunda çəkişmələrin qurbanı oldu. Şuşanın düşmən tərəfindən işğalı digər rayonlarımızın işğalına da vəsilə oldu. Xalqımız ev-eşiyindən didərgin düşdü, çəkmədiyi bəla qalmadı.Azərbaycan səriştəsizlərin uduzduğu Birinci Qarabağ savaşından məyus olsa da, təslim olmadı. Ruhdan düşmədi, toparlandı, güc topladı. Xalqımız bir gün də olsun Qarabağı yenidən qaytaracağımıza inamını itirmədi. Xüsusilə dövlətimizin başçısı dəfələrlə çox inamla və konkret şəkildə bəyan edirdi ki,biz torpaqlarımızın bir qarışını da heç kimə güzəştə getməyəcəyik. İlham Əliyevin hakimiyyətə gəlişindən sonra ölkədə ordu quruculuğuna diqqət daha da artırıldı. Dövlətimizin iqtisadi gücü günbəgün gücləndi.
Görülən işlər, aparılan uğurlu siyasət hər gün bizi anbaan qələbəyə, Qarabağa yaxınlaşdırırdı. Nəhayət, 27 sentyabr 2020-ci ildə ordumuz İlham Əliyevin sərkərdəliyi ilə düşmənin özbaşınalıqlarına birdəfəlik son qoymaq üçün zəfər yürüşünə çıxdı. Dövlət başçısının dediyi kimi, “Şuşaya gedən yol 27 sentyabr tarixində başlamışdır. Müharibənin ilk günündən son gününə qədər Azərbaycan Silahlı Qüvvələri yalnız irəli gedirdi, 44 gün ərzində bir gün də geri addım atmamışdı. Halbuki biz dünya hərb tarixindən bilirik ki, belə çətin müharibələrdə, xüsusilə bizim üçün əlverişsiz relyef şəraitində gedən müharibələrdə manevrlər də olur, geriyə addımlar da olur və gözlənilməz hadisələr də olur. Ancaq bizi qələbəyə aparan güclü iradə idi, Vətən sevgisi idi, hərbçilərimizin peşəkarlığı idi. Xalqın gücü onun birliyindədir. Azərbaycan əsgər və zabitlərinin şücaətindən bəhs edən Müzəffər Ali Baş Komandan vurğuladı ki, hərbçilərimiz ölümə gedirdilər, “öldü var, döndü yoxdur” şüarı ilə döyüşlərə gedirdilər, bir nəfər də olsun fərari olmamışdır. Bu, xalqımızın yüksək mənəvi keyfiyyətlərindən xəbər verir. Ermənistan ordusunda isə 10 mindən çox fərari olmuşdur. Azərbaycanın Birinci Qarabağ müharibəsindəki məğlubiyyətin səbəbləri haqqında danışan Prezident İlham Əliyev bildirdi ki, o vaxt antimilli ünsürlər hakimiyyəti zəbt etmişdilər, hakimiyyət uğrunda mübarizə aparmışdılar, hakimiyyətə gəlmək üçün Şuşa kimi alınmaz qalanı faktiki olaraq Ermənistana, ermənilərə təslim etmişdilər. Şuşa və Laçın işğala məruz qalandan bir ay sonra AXC-Müsavat cütlüyü hakimiyyətə gəldi. Onlar bu faciə üzərində, tökülən bu qan üzərində, milli rəzalət üzərində hakimiyyətə gəldilər və hakimiyyətdə qaldıqları bir il ərzində ölkəmizi bərbad vəziyyətə qoydular, vətəndaş müharibəsinə start verdilər, öz əsgərlərini əsir götürdülər. Torpaqlar əldən gedirdi, onlar isə talançılıq, soyğunçuluqla məşğul olurdular.
Azərbaycan xalqı bir yumruq kimi birləşərək tarixi missiyasını yerinə yetirdi. Müharibəyə gedən yolun bir çox istiqamətlərdən keçdiyini bildirən Prezident cənab İlham Əliyev güclü iqtisadiyyatın olmasını ən əsas şərt kimi diqqətə çatdırdı. Müstəqillik əldə edəndə Azərbaycanın maliyyə və iqtisadi vəziyyəti çox ağır idi. Ona görə güclü iqtisadiyyatın yaradılması müharibədə qələbənin qazanılması işində önəmli amil kimi nəzərə alınmış və ölkədə güclü iqtisadiyyat yaradılmışdır. Bu gün dünyada müxtəlif yerlərdə gedən iqtisadi proseslər, çətinliklər, böhranlar da onu göstərir ki, Azərbaycan iqtisadiyyatı dayanıqlı iqtisadiyyatdır. Ağır müharibədən çıxmış ölkəmiz azad edilmiş torpaqlarda iki il ərzində genişmiqyaslı quruculuq işləri aparır. Bütün bu işlərin də maliyyə mənbəyi Azərbaycan büdcəsidir.Şuşada Zəfər Günü münasibətilə təşkil olunan tədbirdə çıxış edən Prezident İlham Əliyev ölkəmizin beynəlxalq müstəvidə çox fəal iş aparmasına, eyni zamanda, bir çox ölkələrlə ikitərəfli formatda sıx əməkdaşlıq əlaqələri yaratdığına da diqqət çəkdi. Aparılmış uğurlu xarici siyasət nəticəsində ölkəmiz çoxlu dostlar qazanmış, eyni zamanda, Qarabağ həqiqətləri, erməni işğalı ilə bağlı həqiqətlər dünya birliyinə çatdırılmışdır. İkinci Qarabağ müharibəsinin dərsləri Ermənistan tərəfindən unudulmamalıdır və onlar bilməlidirlər ki, odla oynamaq onlara baha başa gələcək. Hətta bu il “Fərrux” əməliyyatı, “Qisas” əməliyyatı, 13-14 sentyabr Ermənistan-Azərbaycan sərhəddindəki hadisələr – bütün bunlar Ermənistan üçün dərs olmalıdır. Cari ilin 13-14 sentyabr hadisələrini xatırladan ölkə başçısı bu hadisələrin elə-belə baş vermədiyini bildirdi. Təbii ki, Ermənistan ölkəmizə qarşı növbəti hərbi təxribat törətmiş, Azərbaycanın cavabı isə çox təsirli olmuşdur. Prezident İlham Əliyev Ermənistanı öz öhdəliklərini qeyd-şərtsiz yerinə yetirməyə çağırdı. Məhz Zəngəzur dəhlizi də Ermənistanın öhdəliyidir. Ermənistan öhdəlik götürüb ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında yol bağlantısı olsun. İki il keçməsinə baxmayaraq, Ermənistan bu öhdəliyi yerinə yetirməkdən yayınır. Azərbaycanın ədalətli sülh istədiyini bildirən Prezident İlham Əliyev müharibə bitdikdən sonra, iki il ərzində Qarabağ və Şərqi Zəngəzurda böyük quruculuq işlərinin görüldüyünə diqqət çəkdi. Ölkə başçısı eyni zamanda, Azərbaycanın öz Ordusunu gücləndirdiyini və gələcəkdə də gücləndirəcəyini bəyan etdi. Ermənistan bilməlidir ki, bizi indiki çərçivələrdə saxlayan Ermənistanın hansısa havadarının bəyanatı deyil, bizim öz siyasətimizdir. Biz heç kimdən qorxmuruq, heç kimdən çəkinmirik. Erməni xalqı obyektiv həqiqəti anlamalıdır ki, xaricdə oturan və bu bölgəyə bir oyun meydançası kimi baxmaq istəyən dairələrin qurbanına ikinci dəfə çevrilməsinlər. Odur ki, Ermənistan tərəfi Azərbaycanın irəli sürdüyü, beynəlxalq hüquqa əsaslan şərtləri qəbul etməli və bu şərtlər əsasında sülh müqaviləsinin imzalanmasına çalışmalıdır.
Aynur Həsənova,
YAP-ın gənc fəalı

