Cəmiyyət 

Mədəniyyət paytaxtımızda qələbəmizin iki illiyini qeyd etmək qürur verir

08.11.2020…  Bu tarix yaddaşlara qızıl hərflərlə yazılacaq bir gündür. Çünki həmin gün 28 il düşmənin tapdağı altında olan qədim Azərbaycan şəhəri Şuşa azad edildi. Özü də PUA-sız, tanksız və heç bir artilleriya vasitəsi olmadan… Düzgün cızılan döyüş planı və ən əsası igid XTQ-lərimizin qəhrəmanlığı sayəsində əlbəyaxa döyüşlə Şuşa geri alındı. Qarabağımızın “ürəyi” sayılan bu şəhərin möhtəşəm yerdə yerləşməsi və öz əhəmiyyəti döyüşlərin necə çətin olmasını bir daha sübut edir. “Şuşa əməliyyatı” adı ilə yaddaşlara həkk olunan bu döyüş hərb tarixinin ən çətin və ən möhtəşəm əməliyyatlarından biri sayılır. Şuşanın azad olunmasına bütün Azərbaycan sevindi. Xeyr, xeyr bu adi sevinc deyildi. Bu illərin həsrətinin sevinc göz yaşları ilə təzahürü idi. Bütün şəhərlərdə əhali bayram əhval-ruhiyyəsi ilə bu gözəl günü qeyd etməyə başladı.

Şanlı Azərbaycan Ordusunun 44 günlük müharibəsi XXI əsrin müharibəsidir. 44 günlük müharibənin hər bir günü zəfər günü idi. Azərbaycan ordusu bir gün belə geri addım atmadan yalnız irəli gedib. Bu, dünya hərb tarixində çox nadir hallarda müşahidə edilən bir mənzərədir. Düşməni kapitulyasiyanı imzalamağa məcbur etdik. Düşmənə sarsıdıcı zərbələr endirərək 300-dən çox yaşayış məntəqəsini və Şuşanı azad etdik. İndi isə həmin möhtəşəm qələbəmizdən 2 il keçir. Artıq 2 ildir ki, düşmən tapdağı altında olan Qarabağımız azaddır…

Şuşada olan bayran tədbirində cənab prezident İlham Əliyev bir çox məqamlara toxundu. Birinci Qarabağ müharibəsindəki məğlubiyyət, erməni vandalizmi, İranın qeyri-səmimi və riyakarcasına düşmənimizin yanında olması və digər məsələlər göz önünə gətirildi. Ermənilərin məscidlərimizdə donuz və inək saxlaması və bununla belə İranın onlara olan xoş münasibəti, bizə olan qərəzli münasibəti isə açıq-aydın qeyd edildi. Dünya ictimaiyyəti tərəfindən bizə olan münasibət, sülh müqaviləsinin üzərində işlənilməsi məsələsini də nəzərə çatdıran cənab prezidentin sözlərində xüsusi məqamların olması da diqqətlərdən kənarda qalmadı.

Mais Günəşli,
YAP-ın gənc fəalı

Daha çox xəbərlər