Şuşa bizim döyünən ürəyimiz, qürur mənbəyimiz, qeyrət qalamızdır
Qədim Şuşanın azadlığa qovuşması ilə Vətən tariximizin qəhrəmanlıq salnaməsinə daha bir parlaq səhifə yazıldı. Şuşanın fəthi Qarabağ torpaqlarının azadlığı uğrunda 30 illik ölüm-dirim mübarizəsinin son akkordu oldu. Düşmən darmadağın edilərək təslim oldu. Möhtərəm Prezidentimiz İlham Əliyev müsahibələrinin birində qeyd etmişdi ki, Şuşasız bizim işimiz yarımçıq olar. Çünki Şuşa bizim döyünən ürəyimiz, qürur mənbəyimiz, qeyrət qalamızdır. Bayrağı Günü ərəfəsində qədim Azərbaycan şəhəri, milli mədəniyyətimizin, milli musiqimizin beşiyi, qürur yerimiz Şuşa şəhərinin azad edilməsi ikinci Qarabağ müharibəsində bütün Azərbaycan dövlətçiliyinin tarixinə qızıl xətlərlə yazılmış oldu. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqımızın otuz ilə yaxın həsrətlə gözlədiyi bu şad xəbəri Azərbaycan vətəndaşlarına noyabrın 8-də sübh tezdən Şəhidlər xiyabanından çatdırdı: “Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bütün şuşalıları ürəkdən təbrik edirəm. İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, Zəfərimizin günüdür! Bu qələbəni biz döyüş meydanında qazandıq… Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərimdən biridir. Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”.
Şuşanın azad edilməsi Ermənistan ordusunun müqavimət gücünü tamamilə sarsıtdı. Nəticədə bu əməliyyatdan bir gün sonra – noyabrın 9-da Azərbaycan Ordusu daha 71 kəndi, bir qəsəbəni və 8 strateji yüksəkliyi düşməndən təmizlədi.
Azərbaycan xalqının mətinliyi və dönməzliyi, azadlıq ruhunun sarsılmazlığı və tarixin bütün sınaqlarından alnı açıq çıxmış Azərbaycan–Türkiyə qardaşlığı və müttəfiqliyi, bütün Türk dünyasının mənəvi birliyi Azərbaycanın Cənubi Qafqaz bölgəsində güc mərkəzi və söz sahibi olduğunu şərtləndirən əsas amillərdir. Qlobal siyasi rəqabət meydanında Azərbaycanla üz-üzə gəlmək istəyən istənilən qüvvə bu amillərlə hesablaşmalıdır.
Rəna Süleymanlı,
YAP-ın gənc fəalı

