Bax, budur İranın əsl siması!
Mayası şər, zülm və istibdadla yoğrulmuş fars-molla iqtidarı özü öz sonunu yaxınlaşdırır
İç üzləri açıldıqca daha çox aydın olur ki, İranın fars-molla rəhbərləri üçün dini-mənəvi dəyərlər çoxdan ayaqlar altına atılıb, heç bir əhəmiyyət kəsb etmir. O dərəcədə ki, onlar xain məqsədlərini, fitnə-fəsadlarını həyata keçirmək naminə utanmadan, xəcalət çəkmədən nəinki xristian Ermənistanı ilə, lap elə şeytanın özüylə də əməkdaşlıq etməyə, öpüşüb-görüşməyə hazırdırlar. Hər gün ortaya çıxan yeni faktlar İranın Azərbaycana dost deyil, düşmən mövqe sərgilədiyini, ölkəmizin günü-gündən artan siyasi nüfuzundan, iqtisadi gücündən və hərbi qüdrətindən narahat olduğunu, təşvişə düşdüyünü göstərir…
Ermənistanın dirçəlməsi üçün özünü əsir-yesir edən İranın şovinist molla rejiminin Azərbaycana qarşı münasibəti aşkar təxribat xarakterlidir. Belə olmasaydı, İranın xüsusi xidmət orqanları qanunsuz silahlı birləşmələr yaradaraq murdar əməllərində istifadə etmək üçün ölkəmizə göndərməzdilər, tula payına Vətənini satanları casusluğa cəlb edib hərbi məlumatlar toplayaraq düşmənlərimizə ötürməzdilər, törətdikləri qatı cinayətlərə görə Azərbaycanda axtarışa verilmiş cinayətkar xainlərə sığınacaq verməzdilər. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) cəmi 15 gün ərzində artıq ikinci dəfədir İranın ölkəmizə, suverenliyimizə, qanunvericiliyimizə qarşı fəaliyyət göstərən casus şəbəkələrinin üzvlərini deşifrə edərək yaxalaması bir çox mətləblərdən xəbər verir.
Xatırladaq ki, 2022-ci il noyabrın 1-də DTX əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı İran xüsusi xidmət orqanlarının əli ilə qanunsuz silahlı birləşmələrin hərbi təlimlərində iştirakı müəyyən edilən 19 nəfər Azərbaycan Respublikası vətəndaşı istintaqa cəlb olundu. Əməliyyat nəticəsində qanunsuz silahlı birləşmə və onun tərəfindən təşkil edilmiş hərbi təlimlər barədə çoxsaylı dəlillər, qeyri-qanuni yollarla Azərbaycana keçirilmiş müasir inkişaf, dünyəvi dövlət ideyalarına qarşı radikal, dini-ekstremist münasibəti təbliğ edən, yayılması ölkəmizdə qadağan edilmiş müxtəlif kitablar, videomateriallar aşkar edilərək götürüldü.
Noyabrın 14-də DTX fitnəkar qonşumuzun xüsusi xidmət orqanları nümayəndələrinin ölkəmizə qarşı həyata keçirdiyi kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınması istiqamətində kompleks əməliyyat-istintaq tədbirlərinin davam etdirilməsi və daha bir casus şəbəkəsinin ifşa edilməsi ilə bağlı daha bir məlumat yaydı. Bəlli oldu ki, DTX-nın dövlətimizin təhlükəsizliyinin keşiyində layiqincə dayanmış əməkdaşlarının peşəkarlığı sayəsində bu dəfə Vətən xaini olan cinayətkar dəstənin pul üçün əməkdaşlığa razılaşmış xəyanətkar üzvləri – Xəzər Dəniz Neft Donanmasında gəmi kapitanı vəzifəsində işləyən Əsgərov Zahir Fəxrəddin oğlu, Rəsulov Elnur Akif oğlu, Rəsulov Arif Əmrah oğlu, Ağazadə Bəxtiyar Rafiq oğlu, Cəfərzadə Mirhafiz Mirisaq oğlu saxlanılaraq istintaqa cəlb edilib. Onların hər birinin fəaliyyəti araşdırılıb, törətdikləri cinayət əməlləri faktlarla sübuta yetirilib və barələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülərək həbs qətimkan tədbiri seçilib. Məlumata əsasən, məxfi əməkdaşlıq zamanı cinayətkarlar müxtəlif vaxtlarda əsasən Azərbaycanın suverenliyi və müdafiə qabiliyyətinin zərərinə istifadə etmək üçün xarici dövlətlərin ölkəmizdə fəaliyyət göstərən şirkət və nümayəndəlikləri, Xəzər dənizində Hərbi Dəniz Qüvvələrinin keçirdiyi təlimlərin yeri və vaxtı, neft platformalarına daşınan yüklər haqqında məlumatları, həmçinin hava limanlarında saxlanılan Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidmətinə aid pilotsuz uçuş aparatlarının, tankların və müxtəlif hərbi avadanlıqların olduğu ərazinin, Bakı şəhərində “Teknofest” Aviasiya, Kosmik və Texnologiya festivalında nümayiş etdirilmiş texnikaların, Bakıda və bir sıra rayonlarda yerləşən strateji və hərbi obyektlərin, zenit-raket komplekslərinin, eləcə də digər radar-nəzarət qurğularının fotoşəkillərini və videoçəkilişlərini müxtəlif vasitələrlə İranın xüsusi xidmət orqanının nümayəndələrinə göndəriblər. Son vaxtlar İranla Ermənistan arasındakı münasibətlər ehtimal etməyə əsas verir ki, “müsəlman qardaşlarımız” Azərbaycanın hərbi imkanları barədə əldə etdikləri məlumatları ermənilərlə də bölüşüblər. Məqsəd isə İkinci Qarabağ müharibəsində Azərbaycanın Qələbəsinə maneə yaratmaq olub. Bu ehtimalı gücləndirən daha bir amil var – Vətən müharibəsi zamanı ordumuzun hücumunu əngəlləməyə və bununla da ermənilərin yenidən müdafiə mövqeləri qurmalarına şərait yaratmağa çalışan iranlı zabitlərin son günlər sosial şəbəkələrdə yayılmış görüntüləri.
Qeyd edək ki, DTX-nin araşdırmaları zamanı barələrində olan cinayət işləri üzrə məsuliyyətdən yayınaraq İranda gizlənən Tohid İbrahimbəyli, Orxan Məmmədov, Elşad Hacıyev və digərləri tərəfindən təsir dairəsində saxlanılan Azərbaycan vətəndaşlarının üzv kimi cəlb edildiyi “Müzakirələr”, “Elanlar” və digər adlar altında “WhatsApp” tətbiqində yaradılmış qapalı qruplar da ifşa edilib.
Bax, budur İranın əsl siması! İranın əsl simasını göstərən həm də odur ki, adı müsəlman olanlar tərəfindən Güney Azərbaycandakı on milyonlarla dili, dini, soykökü bir bacı-qardaşlarımıza zülm edilir. Fars-molla rejiminin xain, irticaçı siyasəti nəticəsində bu gün ölkədə daxili iğtişaşlar getdikcə daha geniş miqyas almağa başlayıb. Artıq milliyyətindən asılı olmayaraq bütün İran xalqı despot hakimiyyətin zülmündən bezib, ölkədə etirazçılar və onlara divan tutmağa çalışan hökumətin əli dəyənəkli təhlükəsizlik qüvvələrinin toqquşmaları səngimir. Bu ölkənin İnsan Haqları Təşkilatının yaydığı məlumata görə, İranın hərbi-polis qüvvələri 57 gün ərzində etiraz aksiyalarında 50-si uşaq olmaqla 330 nəfəri qətlə yetirib.
Bildirilir ki, aksiyalarda 15 092 nəfər tutulub. Onların 1954-nün kimliyi və saxlanıldığı yer məlum deyil. Həbs olunanların 440-ı isə tələbədir. 57 gün ərzində 10-larla şəhərdə aksiyaçılar ölkədəki idarəetmə sisteminə qarşı nümayişlər keçirib, 137 universitetin tələbələri bu nümayişləri dəstəkləyib.
Azərbaycan Demokrat Firqəsinin məlumatına görə, İranda etiraz aksiyaları başlayandan bəri Güney Azərbaycanın Təbriz şəhərində 4 mindən çox dinc sakin tutulub. Onlardan aksiyalar yeni başlayanda həbs edilən 1700 nəfər, həmçinin Təbriz Universitetinn 630-dan çox tələbəsi və sonrakı yürüşlərin 1250 iştirakçısı Təbrizdə Bağışimal adlanan ərazidə müvəqqəti quraşdırılmış soyuq vaqonlarda ağır və dözülməz şəraitdə saxlanılırlar.
Təsadüfi deyil ki, İran rejiminin bütün bu cinayətləri artıq dünya ictimaiyyəti tərəfindən də narahatlıqla qarşılanır və baş verənlərin araşdırılması üçün BMT-nin İnsan Haqları Komitəsinin xüsusi sessiyasının çağırılması planlaşdırılır.
Mayası şər, zülm və istibdadla yoğrulmuş fars-molla rejimi özü öz sonunu yaxınlaşdırır. Hər gün bir az daha artıq…


