Şuşaya gedən yol 27 sentyabr tarixində başlamışdır
2020-ci ilin 27 sentyabrında başlayıb 10 noyabrında tarixi Qələbə ilə başa çatan, hərb tariximizə şanlı Zəfər salnaməsi kimi yazılan 44 günlük müharibə dillərdə dastandır. 8 noyabrda Qarabağın tacı sayılan, dilbər guşəmiz olan Şuşa uzun həsrətdən sonra doğma sahiblərinə qaytarıldı. Bu qələbəmiz Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun rəşadəti sayəsində mümkün oldu. Prezident İlham Əliyev bu möhtəşəm zəfərin xoş müjdəsini 1 dəfə çıxışında xalqımıza belə çatdırmışdı: “Müharibə dövründə çoxsaylı müsahibələrdə mən müharibənin gedişatı ilə bağlı bəzi məqamları açıqlayırdım. Təbii ki, hər şeyi deyə bilmirdim. Xüsusilə gələcək planlar haqqında bir çox şeyləri deyə bilmirdim. Verilən suala cavab olaraq cəmi bir dəfə demişdim ki, Şuşasız bizim qələbəmiz yarımçıq olacaq. Əminəm, Azərbaycan xalqı yaxşı anladı ki, bizim son məqsədimiz, müharibənin son məqsədi Şuşanı işğaldan azad etməkdir. Təkcə ona görə yox ki, Şuşa Qarabağın tacıdır. Ona görə yox ki, Şuşanın strateji yerləşməsi faktiki olaraq onun azad olunmasından sonra müharibənin taleyini həll edirdi. O cümlədən ona görə ki, Şuşa Azərbaycan xalqının ürəyidir, canıdır, hər bir azərbaycanlı üçün müqəddəs yerdir”, Artıq 2 ildir ki, xalqımız Şuşanın azad olunduğu günü – 8 noyabrı Zəfər Günü kimi qürur və fəxarətlə qeyd edir.
Bu qələbə bizə çox çətinliklə başa gəlib. Qəhrəman övladlarımız dağlardan, meşələrdən, dərələrdən, cığırlardan bu uzun məsafəni qət edərək, qanlı döyüşlərdə düşməni məğlub edərək Şuşaya yaxınlaşıb. Ondan sonra sıldırım qayalara dırmaşaraq, yüngül silahlarla əlbəyaxa döyüşlərdə düşməni məğlub edib, torpaqlarımızdan qovub, üçrəngli bayrağımızı Şuşada qaldırıb. Şuşaya gedən yol 27 sentyabr tarixində başlamışdır. Müharibənin ilk günündən son gününə qədər Azərbaycan Silahlı Qüvvələri yalnız irəli gedirdi, 44 gün ərzində bir gün də geri addım atmamışdı. Şuşaya qədər bir çox şəhər və kəndlərimiz, o cümlədən Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlı, Suqovuşan, 300-ə yaxın kənd, Laçının və Kəlbəcərin bir hissəsi döyüş meydanında azad edilmişdir.
Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Vətən Müharibəsindəki tarixi Zəfərin ikinci ildönümü günü Şuşadaydı. Göründüyü kimi, dövlət başçısı ölkəmizin əziz günü ərəfəsində və Zəfər Günü məhz hərbçilərlə görüşdü, işğaldan azad olunmuş Füzuli və Şuşada oldu. Şuşanın qurtuluş günü Şuşada, bütün Azərbaycanda bayram edilirdi. Şuşanın azad edilməsi Ermənistan ordusunun belini qırdı. Prezident cənab İlham Əliyevin çıxışlarında həmişə bir məqam qabarıq hiss olunur – dövlət başçısı, xalqın birliyini, Silahlı Qüvvələrimizin xidmətlərini xüsusi vurğulayır. Bu birlik olmasaydı, tarixi Zəfər də çətin olardı. Alınmaz qala sayılan Şuşanı iki il bundan əvvəl erməni işğalından azad edən Azərbaycan Silahlı Qüvvələri şanlı tarix yazdı. Azərbaycan əsgəri sübut etdi ki, müharibənin taleyini təkcə silah və hansısa böyük dövlətə sığınmaqla deyil onu əsl vətənpərvər ruhu və böyük inamla həll etmək olar. Şuşa əməliyyatı bizim qürur tariximizdir. Milli kimliyimizin bütün dünyaya sübutudur.
Günay Dəmirova,
Bakı şəhəri, 116 nömrəli tam orta məktəbin direktor müavini

