Cəmiyyət 

Türkü terrorla qorxutmaq axmaqlıqdır

Həmişə Türkiyənin sevincini öz sevincimiz, kədərini isə öz kədərimiz hesab etmişik. Ona görə də hamımız qardaş ölkədə törədilən qanlı terror aktına görə çox üzgünük.

İstanbulun məşhur Taksim meydanında törədilən partlayış nəticəsində 6 nəfərin öldüyü, 81 nəfərin isə müxtəlif dərəcələrdə yaralandıqları bildirilir. Orada ölənlər və yaralananlar bizim qardaş və bacılarımızdır. Səbirsizliklə gözləyirik ki, bu vəhşi teraktın təşkilatçıları aşkara çıxarılıb sərt şəkildə cəzalandırılsınlar. Hələlik ilkin məlumat ondan ibarətdir ki, Küçükçekmeşədə təhlükəsizlik xidmətinin keçirdiyi əməliyyat zamanı Əhlam Əlbəşir adlı qadın saxlanıb. O, terakt aktının icraçısı və Suriya əsillidir. Əhlam Əlbəşirin PKK terror təşkilatı tərəfindən xüsusi kəşfiyyatçı kimi yetişdirildiyi və terror aktını törətmək üçün Afrin-İdlibdən Türkiyəyə qeyri-qanuni yollarla daxil olduğu məlum olub.

İstanbul Terrorla Mübarizə Şöbəsi qruplarının apardığı araşdırmalarda terror aktını törədən Əhlam Əlbəşir və digər şübhəlilərlə bağlı yeni təfərrüatlar üzə çıxıb.

“TRT Haber”  xəbər verir ki, terrorçu Əlbəşir təxminən bir il əvvəl PKK/YPG terror təşkilatı tərkibində kəşfiyyatçı kimi təlimlərə başlayıb.

Əhlam Əlbəşir 4 ay əvvəl “B” adlı terrorçu ilə Afrindən qaçaq yolla Türkiyəyə daxil olub. Esenlerdə yaşayan Suriya əsilli başqa bir terrorçunun yanına gələn Əhlam Əlbəşir və “B” kim olduqları məlum olmasın deyə özlərini ər-arvad kimi göstərməyə başlayıblar. Cütlük tekstil sexində işə də düzəlib.

Türkiyəyə terror törətmək üçün daxil olan terrorçular bu müddət ərzində türk kəşfiyyatı tərəfindən yaxalanmamaq üçün əmr aldıqları Ayn Əl Ərəbdəki terrorçularla heç bir rəqəmsal mühitdə əlaqə saxlamayıblar. Terrorçuların Ayn Əl Ərəblə əlaqəsini Esenlerdə birlikdə qaldıqları şəxs təmin edib. Hadisə günü “B” adlı terrorçudan bomba yüklü paketi alan Əhlam Əlbəşir diqqəti cəlb etməmək üçün 45 dəqiqə bombanı üstünə qoyduğu skamyada oturub. Saatlı bombanın partlamasına az qalmış skamyadan qalxaraq hadisə yerindən qaçan Əlbəşir əvvəlcə taksi ilə Əsənlərdə qaldığı ünvana gedib. Buradakı evdəki qızıl və pulları götürdükdən sonra Küçükçekmecəyə gedib.

Qaldığı evdə polislər tərəfindən yaxalanan Əlbəşirin polis bölməsində dindirilməsi davam edir. Əlbəşirin əri rolunu oynayan “B” adlı terrorçunun tutulması üçün iş gedir.

Onu da qeyd etmək lazımdır ki, rəsmi təhlükəsizlik əməkdaşları  İstanbul terrorunun digər icraçılarını da artıq müəyyən edərək həbs etməyə başlayıblar. Məlum olub ki, partlayışın törədilməsində birbaşa iştirak etmiş qadın terrorçu Suriyadakı PKK/PYD-YPG terror qruplaşmasının üzvüdür. Terror törətmək tapşırığını da məhz PKK/PYD-YPG-dən alıb. Onun həbs olunmasından sonra daha 46 nəfər terrorçu ələ keçirilib.

Ancaq rəsmi Ankaranı yalnız terroru törədənlər deyil, həm də bu qətliamı sifariş edənlər də maraqlandırır. Eyni zamanda, rəsmi Ankara yalnız bu ittihamlarla da kifayətlənməyib. Belə ki, Türkiyənin daxili işlər naziri Süleyman Soylu İstanbuldakı terror aksiyası ilə ölkəsinə konkret mesajlar verildiyini vurğulayıb: “Türkiyə verilən mesajları aldı. Ancaq heç kim Türkiyəni öz yolundan döndərə bilməz. ABŞ səfirliyinin başsağlığı mesajını da qəbul etmirik”.

Terrorla bağlı dövlətlər və beynəlxalq təşkilatlar Türkiyəyə başsağlığı verir, onun yanında olduqlarını bildirirlər.

“Türkiyənin İstanbul şəhərində baş vermiş partlayış nəticəsində ölən və yaralananların olması barədə xəbəri böyük kədərlə qarşıladıq.”  Türk Dövlətləri Təşkilatınınn (TDT) rəsmi “Twitter” hesabında, həmçinin bildirilib: “Dünyasını dəyişənlərə Allahdan rəhmət, yaralılara tezliklə şəfa tapmağı arzu edirik”. Eyni zamanda, belə ağır məqamda TDT-nin Türkiyənin yanında olduğu vurğulanıb.

Belə məlum olur ki, bəzi dövlətlər Türkiyənin dünyada qlobal güc mərkəzlərindən birinə çevrilməsini qətiyyən istəmirlər. Onlar dünyadakı bir çox narahat nöqtələrdə Türkiyənin onları qarşılamasına, nüfuzunun artmasına dözümsüzlük göstərirlər. Açıq görünür ki, həmin dövlətlər Türkiyənin artan nüfuzundan ehtiyatlanır, onu öz qarşılarında görmək istəmirlər. Ona görə də terror, təxribat, təzyiq, şantaj və digər bu kimi üsullarla onun mövqeyini sarsıdıb sıradan çıxarmağa çalışırlar. Türk Dövlətləri Təşkilatının yaradılmasında və türkdilli ölkələrin ortaq əlaqələrinin  getdikcə möhkəmləndirilməsində əsas rol oynayan Türkiyənin hakim mövqe tutması bu qurumun bədxahlarının “kürkünə birə salır.”

Erməni ASALA terror təşkilatının İstanbuldakı teraktı öz üzərinə götürməsi barədə verdikləri məlumat isə gülünc bir mesajdır. Yəni, bizdən qorxun, biz də varıq. Ancaq ASALA bununla kifayətlənməyərək Azərbaycana hədə-qorxu gəlməyi ilə də özünü axmaq vəziyyətə salır. Qatillər unutmasınlar ki, onların “qoçu”larından olan Monte Melkumyanın başını it başı kimi kəsən İbad Hüseynli və yüzlərlə onun kimi igid oğullarımız var. ASALA quldurlarından hansı yaşamaq istəmirsə gəlsin.

Daha çox xəbərlər