Cəmiyyətin bütün təbəqələri YAP-ın ətrafında sıx birləşib
Yeni Azərbaycan Partiyasının (YAP) yaranması müasir tariximizin ən mühüm ictimai-siyasi hadisələrindən biridir. YAP ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərin əvvəllərində ölkədə baş verən siyasi çaxnaşmalar fonunda zamanın təxirəsalınmaz tələbindən irəli gələrək, Azərbaycan xalqının arzu və istəklərinin ifadəçisi kimi yaranan partiyadır. YAP tarixi zərurətdən yarandı və çox qısa müddətdə ümumxalq partiyasına çevrildi. Ötən 30 ildə partiya Azərbaycan dövlətçiliyinin inkişafı və xalqımızın rifahı naminə fəaliyyət göstərir. Bu əzmin, yorulmazlığın nəticəsidir ki, hazırda YAP nəinki Azərbaycanın, bütün regionun ən güclü və mütəşəkkil partiyası missiyasını uğurla yerinə yetirir.
Ümummilli lider Heydər Əliyevin partiya haqqında 30 il əvvəl böyük uzaqgörənliklə söylədiyi fikirlər hər ötən gün özünü bir daha təsdiqləyir: “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır”. İctimai proseslərdə fəal iştirak edən, müasir müstəqil Azərbaycanın tarixində keçirilən bütün seçkilərdə hər zaman böyük qələbələr qazanan Yeni Azərbaycan Partiyası öz uğurlarını həmişə xalqla vəhdətindən əldə edib. YAP müstəqilliyimizin bütün tarixi mərhələlərində fəaliyyət göstərib və həmişə cəmiyyətin ön cərgələrində olub. Hazırda dünyanın inkişaf etmiş, demokratik prinsiplərinə sadiq, hüquqi dövlətləri sırasında mühüm yeri olan qalib Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasında və inkişaf etdirilməsində Yeni Azərbaycan Partiyasının xidmətləri danılmazdır.
Azərbaycanda YAP-a rəqib ola biləcək hər hansı bir siyasi qüvvə mövcud deyil. Bu partiya ümumxalq partiyasına çevrilib və cəmiyyətin bütün təbəqələri YAP-ın ətrafında birləşib. Hazırda 800 minə yaxın üzvü var və onların təxminən 50 faizini qadınlar təşkil edir.
Milli müstəqillik və dövlətçilik ideyaları ətrafında sıx birləşən Azərbaycan qadınları bu gün də dövlət quruculuğunda, ölkənin ictimai-siyasi həyatında fəal iştirak edərək Vətənimizin sosial-iqtisadi, elmi-intellektual potensialının artırılmasına, mədəniyyətimizin inkişafına layiqli töhfələrini verirlər. Heç şübhəsiz ki, Azərbaycanın ictimai-siyasi həyatında qadınların rolunun artması və fəaliyyət dairəsinin genişləndirilməsi ölkəmizin uğurlarından biridir. Əzmkar və mübariz, intellektli, müasir Azərbaycan qadınının bugünkü fəaliyyəti, dövlətimizin inkişafında verdiyi töhfələrin miqyası isə hər il bir qədər də artır. Çünki Azərbaycan qadınlarının yaratmaq, idarə etmək və özünü təsdiq etmək üçün lazımi imkanları var. Bu imkanlar onlara dövlət tərəfindən yaradılıb.
Artıq on doqquz ildir ki, Prezident İlham Əliyev Ulu Öndərin siyasi kursunu uğurla davam etdirir. 1993-cü ilin ortalarından bu günə Azərbaycan qadını müdrik xalq rəhbərinin ardıcıl və məqsədyönlü səyi, prinsipiallığı, diqqət və qayğısı sayəsində cəmiyyətdə durmadan yüksəlir, ictimai-siyasi həyatda öz layiqli yerini tapır. Bu gün Azərbaycan qadınları həm ailə institutunun qorunub gələcək nəsillərə ötürülməsində, həm də dövlətin ictimai-siyasi həyatında fəal rol oynayırlar. Qadınların idarəçilik sistemində parlamentdə və bələdiyyələrdə təmsilçilik faizləri ildən-ilə artır.
Bu gün xanımlarımızın cəmiyyətdəki vacib mövqeyindən danışarkən Birinci vitse-prezident, YAP Sədrinin birinci müavini, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti xüsusi vurğulanır. Mehriban xanım Əliyevanın fəaliyyəti ölkənin siyasi və ictimai həyatında fəal iştirak edən bir çox müasir qadın üçün nümunədir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva dövlətin inkişafında aparıcı yerlərdən birini tutmaqla yanaşı, Azərbaycan qadınlarını bütün səviyyələrdə çox böyük uğurla təmsil edir. Azərbaycanın beynəlxalq təşəbbüsləri, dünyada razılıqla qarşılanan qlobal humanitar layihələr, həmçinin multikulturalizm, mədəniyyətlərarası dialoq, tolerantlıq və digər inteqrativ xarakterli qlobal layihələr də məhz Mehriban xanım Əliyevanın rəhbərliyi və iştirakı ilə reallaşdırılıb. Fransada, İtaliyada, Rusiyada və başqa ölkələrdə keçirilən çoxsaylı tədbirlər nəticəsində dünya ictimaiyyəti Azərbaycanı daha yaxından tanımağa, ölkəmizə maraq göstərməyə başlayıb. Eyni zamanda, məhz Mehriban xanım Əliyevanın sayəsində ölkədə xeyriyyəçilik əsl hərəkata çevrilib.
Qeyd etməliyik ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətində milli mədəniyyətimizin inkişafı naminə həyata keçirilən layihələr xüsusilə fərqlənir. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bəşəriyyətin şifahi və qeyri – maddi irsinə dair şah əsərləri dünya siyahısına daxil olunan muğam sənətinin qorunub saxlanılması və təbliği istiqamətində görülən misilsiz işlər təqdirəlayiqdir.

