Siyasət 

Sülhə və sabitliyə xidmət edən addım

Azərbaycanın İsraildə və Fələstində səfirlik açması ilə bağlı qərarı tərəflər arasında sıx əlaqələrin daha da genişləndiyini göstərir

Milli Məclis Azərbaycanın İsrail, Fələstin, Albaniya və Keniyada səfirlik açmasına razılıq verib. Bununla bağlı məsələlər parlamentin noyabrın 18-də keçirilən iclasında müzakirəyə çıxarılıb. Layihələr barədə qanunverici orqanın Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov məlumat verib.

Qanun layihələrinə əsasən, Azərbaycanın İsraildəki səfirliyi Təl-Əvivdə, Fələstindəki Ramallahda, Albaniyadakı Tiranada, Keniyadakı səfirlik isə Nayrobi şəhərində yerləşəcək. Bu şəhərlərin hər biri müvafiq olaraq adıçəkilən ölkələrin paytaxtlarıdır. Toplantıda, həmçinin “Azərbaycan Respublikasının BMT-nin Nayrobi şəhərindəki bölməsində Daimi Nümayəndəliyinin təsis edilməsi haqqında” qanun layihəsi də müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra layihələr səsverməyə çıxarılaraq qəbul edilib.

Azərbaycanın İsrail və Fələstin dövlətləri ilə münasibətləri inkişaf edən xətt üzrə davam edir. Ölkəmiz hər iki dövlətlə əlaqələri inkişaf etdirməkdə maraqlıdır.

1992-ci ilin 15 aprel tarixində Azərbaycan Respublikası ilə Fələstin Milli Hökuməti arasında diplomatik əlaqələrin yaradılması haqqında Protokol imzalanıb. Azərbaycanda Fələstin dövlətinin səfirliyi fəaliyyət göstərir. Azərbaycan Şərqi Əl-Qüds paytaxt olmaqla, Fələstin məsələsinin iki dövlət prinsipi əsasında BMT-nin müvafiq qərarları və qətnamələrinə uyğun həllini dəstəkləyir. Əvvəlki illərdə də Azərbaycan Fələstin ilə əlaqədar bir sıra mühüm tədbirlərə ev sahibliyi edib. Azərbaycan Fələstin xalqının çətin günlərində hər zaman yanında olub və İslam həmrəyliyinə sadiq qalıb. Hazırda Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının gündəliyində Fələstin məsələsi xüsusi əhəmiyyət kəsb edir.

Azərbaycan-İsrail münasibətlərinə gəldikdə isə xüsusi vurğulamaq gərəkdir ki, bu münasibətlər çox yüksək səviyyədədir. İsrail Prezidenti İshaq Hersoq 2022-ci il aprelin 9-da Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubda səfirliyin açılması məsələsinə də toxunmuşdu. İ.Hersoq Azərbaycanın yeni səfirliyinin açılışında birgə iştirak etmək üçün qarşıdakı ildə dövlət başçısı İlham Əliyevi ölkəsinə səfərə dəvət etmək istəyini qeyd etmişdi. Azərbaycan səfirliyinin açılması məsələsinin ilk dəfə İsrail Prezidenti səviyyəsində elan edilməsi xüsusilə diqqət çəkir.

Azərbaycan bu yaxınlarda İsraildə Ticarət və Turizm Mərkəzi açıb. Bu Mərkəzə viza və konsulluq məsələləri hüququ verilib. Tərəflər arasında sıx əlaqələr daha da genişlənir. Azərbaycanın yaxın dostu olan Türkiyə ilə də İsrailin münasibətləri normal məcraya düşməkdədir. Nəzərə alaq ki, İsrailin qonşu ərəb ölkələri ilə də münasibətlərində yaxşılaşma var. Bir neçə ölkə artıq İsraildə öz səfirliyini açmaq qərarına gəlib. İsrail Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Vətən mühribəsi zamanı da bu dost ölkə Azəqbaycana açıq dəstəyini ifadə etmişdi. Azərbaycanda fəal yəhudi diasporu var, həmçinin İsrail cəmiyyətində Azərbaycana qarşı həmişə müsbət fikirlər mövcud olub. Münasibətlərin gündən-günə genişlənməsi səfirliyin açılması prosesini sürətləndirdi.

İsrailin Baş naziri Yair Lapid “Twitter”də qeyd edib: “Azərbaycan İsrailin mühüm tərəfdaşıdır və müsəlman dünyasında ən böyük yəhudi icmalarından birinin vətənidir.” O, rəsmi Bakının İsraildə səfirlik açmaq qərarını alqışladığını bildirib: “Səfirlik açmaq qərarı iki ölkə arasında münasibətlərin dərinliyini əks etdirir. Bu addım İsrail hökumətinin müsəlman dünyası ilə möhkəm siyasi körpülər qurmaq səylərinin bəhrəsidir.”

Y.Lapid, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib və ilk dəfə İsraildə səfirlik səviyyəsində təmsil olunacaq Azərbaycan xalqını təbrik edib.

Daha çox xəbərlər