Sosial 

Balakəndə narkomaniyaya qarşı mübarizə tədbirləri davam edir

Bu gün ölkəmizdə narkotiklərin qanunsuz dövriyyəsi və onlara qarşı mübarizə üzrə normativ-hüquqi bazanın təkmilləşdirilməsi, dövlət orqanlarının fəaliyyətinin yüksəldilməsi və bu sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsi diqqət mərkəzindədir.

Narkomanlığa və narkotik maddələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə  yalnız müvafiq dövlət qurumlarının vəzifəsi kimi deyil, eyni zamanda, gənclərin,  gələcək nəsillərin bu bəladan qorunması üçün tutduğu mövqedən, dini, siyasi baxışlarından asılı olmayaraq   cəmiyyətin    bütün üzvlərinin  vəzifəsi kimi qəbul edilməlidir.

Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2019-cu il tarixli 1334 nömrəli Sərəncamı ilə  “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair  2019-2024-cü illər üçün Dövlət Proqramı”  təsdiq edilmişdir .

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Balakən Rayon Komissiyası Dövlət Proqramının müddəalarına uyğun olaraq hər il, o cümlədən cari il  üçün müvafiq iş planları  tərtib etmiş, bu sahədə qarşıya qoyulan vəzifələrin icrasına çalışmışdır.

Komissiyanın əsas fəaliyyət istiqamətlərindən biri də  gənclərlə, məktəblilərlə,  işləyən və işləməyən, müxtəlif yaş qruplarından olan  vətəndaşlarla mütəmadi görüşlər, mədəni-kütləvi tədbirlər keçirmək, vətəndaşların asudə vaxtlarının düzgün  təşkil etmək, onlarla canlı ünsiyyət yaratmaqla problemlərin hərtərəfli müzakirəsi olmuşdur.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Balakən Rayon Komissiyası tərəfindən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və onlardan sui-istifadə ilə əlaqədar mübarizənin gücləndirilməsi məqsədi ilə ictimaiyyətə məlumat vermək üçün tədbirlər keçirilməsi, ictimaiyyət nümayəndələrinin və din xadimlərinin cəlb edilməsi təmin edilir. Narkomanlığın profilaktikası, antinarkoloji təbliğat-təşviqat sahəsində  tədbirlərin səmərəliliyinin artırılması,  informasiya vasitələrində aidiyyəti orqanlar tərəfindən həyata keçirilən tədbirlər barədə ictimaiyyətin məlumatlandırılmasının təmin edilməsi istiqamətində  tədbirlər həyata keçirilir.

Rayon icra hakimiyyəti Polis şöbəsi, Təhsil şöbəsi, Gənclər və idman idarəsinin, rayon Mədəniyyət Mərkəzinin aparıcı mütəxəssislərinin iştirakı ilə  görüşlər təşkil etmiş, praktiki və metodiki tövsiyələr verməklə əhalinin maarifləndirilməsi, izahat, təbliğat işini gücləndirmişdir. Həmçinin rayon mərkəzində yerləşdirilmiş monitorda narkomaniya əleyhinə video çarxların nümayiş etdirilməsi təmin edilmişdir.

26 iyun – BMT-nin Ümumdünya Narkotiklər Əleyhinə Mübarizə Günü ilə əlaqədar silsilə tədbirlər keçirilmişdir. Rayon “Gənclər evi”ndə  keçirilən tədbirdə Balakən Rayon İcra Hakimiyyətinin, rayon Təhsil şöbəsinin, Polis şöbəsinin, Gənclər və idman idarəsinin nümayəndələri, psixoloqlar və gənclər iştirak etmişlər. Tədbirdə çıxış edən natiqlər problemin həllində əsas addımlardan birinin təbliğat və maarifləndirmə işini genişləndirmək olduğunu vurğulayaraq narkotik maddələrin qəbul edilməsi ilə insanın fiziki, mənəvi və psixoloji cəhətdən məhv olduğunu bildirmiş, həmçinin bəşəriyyət üçün böyük bəla olan narkomaniyaya qarşı mübarizənin bu gün xüsusilə aktual xarakter daşıdığını, narkomaniyaya qarşı aparılan tədbirlərin hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu vurğulamışlar.   Tədbirin sonunda “Narkomaniyaya yox deyək!” adlı sosial-çarx nümayiş etdirilmişdir.

Görülən işlərə, həyata keçirilən profilaktik tədbirlərə baxmayaraq hələ də narkotiklərə qazanc mənbəyi kimi baxanlar vardır. 2022-ci ilin 6 ayı ərzində rayon ərazisində narkotiklərlə mübarizə sahəsində keçirilmiş tədbirlər nəticəsində 76 cinayət faktı (17 satış, 46 saxlama, 12 əkmə) aşkar olunmuş, ümumilikdə 118 kq 739,91qram narkotik vasitə,  21 kq 39 qram qurudulmuş marixuana, 95 kq 667,84 qram qurudulmamış marixuana, 682,65 qram heroin, 327,423 qram psixotrop maddə metamfetamin, 0,20 qram metadon  dövriyyədən  çıxarılmışdır.

2022-ci ilin müvafiq dövrü ərzində  “Xaş-xaş” şərti adı altında Balakən rayonunda    keçirilən tədbirlər zamanı ümumi yaş çəkisi 6950  kq olan 10485 ədəd yabanı halda bitmiş çətənə bitkisi yandırılaraq məhv edilmişdir.

Rayon Mərkəzi xəstəxanasının narkoloji kabinetində qeydiyyatda olan narkomaniyalı xəstələr vaxtaşırı tibbi müayinədən keçirilir, ehtiyac olduqda məcburi müalicəyə  cəlb olunurlar.

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair  2019-2024-cü illər üçün Dövlət Proqramı”nda qarşıya qoyulmuş vəzifələrin icrası məqsədi ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Balakən Rayon Komissiyası tərəfindən  qurumlararası əlaqələrin məqsədyönlü təşkilinə diqqəti artırılmaqla narkomanlığın qarşısının alınması ilə bağlı daha geniş və səmərəli təbliğat və maarifləndirmə işlərinin təşkili, onların davamlılığını, mübarizəni gücləndirmək məqsədi ilə müzakirələrin aparılması, vətəndaş cəmiyyəti institutlarının iştirakının genişləndirilməsi təmin ediləcək,     dövrümüzün aktual, ağrılı problemi olan narkomaniya və onun fəsadları, ona qarşı mübarizə yolları ilə bağlı əhali, xüsusən də gənc nəsil arasında müvafiq  işlərinin aparılması mütəmadi olaraq davam etdiriləcəkdir.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Balakən Rayon Komissiyası

Daha çox xəbərlər