Siyasət 

Gənclərin inkişafı üçün geniş imkanlar yaradan uğurlu platforma

YAP  hər zaman gənclərin inkişafına geniş imkanlar yaradır

Gənclər millətin inkişafının təməl daşı, müstəqilliyimizin qorunub-saxlanıl­masının qarantıdır. Azərbaycanda gəncliyin inkişafı istiqamətində mühüm tədbirlərin həyata keçirilməsi ölkə siyasətinin prioritetlərindəndir.  Dövlətin gənclər siyasətinə ölkəmizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası (YAP) da özünəməxsus şəkildə töhfəsini verir.

Ümummilli lider Heydər Əliyev gənclərin  dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi, mədəni həyatında iştirakının təmin edilməsini vacib məsələlərdən biri hesab edirdi. Bu baxımdan da müstəqilliyimizin ilk illərində-1994-cü ildə  Azərbaycan Gənclər və İdman Nazirliyinin yaradılması ilə Azərbaycanda gənclər siyasətinin icrasına başlanıldı.  Böhrandan yenicə çıxmağa başlayan və iqtisadiyyatı ağır vəziyyətdə olan bir ölkədə  ulu öndər Heydər Əliyevin məqsədyönlü siyasəti nəticəsində gənclər üçün yeni imkanlar yaradıldı. 1995- ci il 26 iyun tarixində partiyanın  gənclik qolu olan YAP Gənclər Birliyinin əsası qoyuldu.  1997-ci ildə 2 fevral tarixi Gənclər Günü kimi təsis edildi. 1999-cu ildə isə Ulu Öndər tərəfindən dövlət gənclər siyasəti haqqında Fərman imzalandı.

Ulu öndər Heydər Əliyev siyasətini bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyev gənclərin hamisidir. Dövlət başçısının  gənclər siyasətində  onların xaricdə təhsili, eyni zamanda, yüksək ixtisaslı kadr kimi  yetişdirilməsi əsas yer tutur.  “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın, habelə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın nəticəsində  Azərbaycan gəncləri dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa nail olublar.  Ölkə Prezidenti İlham Əliyevin sərəncamları ilə  2007-ci ilin “Gənclər İli”, 2020-ci ilin “Könüllülər İli” elan edilməsi gənclərə göstərilən böyük etimadı bir daha nümayiş etdirdi. Gənclərə olan diqqət və gənclər siyasətinin davamı olaraq, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi gənclərin intellektual, fiziki və mənəvi inkişafını, ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal iştirakını təmin etməkdə növbəti addım oldu.

Heydər Əliyev ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə 30 ildir ki, zəngin və şərəfli inkişaf yolu keçərək möhtəşəm nailiyyətlər qazanan Yeni Azərbaycan Partiyası öz fəaliyyətində gənclərin potensia­lından səmərəli istifadə olunma­sına xüsusi diqqət yetirir.

Bütün bu tədbirlərin nəticəsində ölkəmizin intellektual gəncliyi öz siyasi talelərini YAP-la bağlayır, partiya sıralarına daimi və sürətli axın edirlər.  Bu gün 800 minə yaxın üzvü olan Yeni Azərbaycan Partiyasının 40 faizini gənclər təşkil edir. Qürurla deyə bilərik ki, partiyanın gənclərə olan diqqət və qayğısı, ölkədə aparılan uğurlu gənclər siyasəti onları YAP-ın ətrafında sıx birləşdirir. Bu gün gənclərin partiyaya axını onların ulu öndər Heydər Əliyevin ideyalarına sədaqətlərini, Prezident İlham Əliyevin siyasətinə inamlarını ifadə etmələri ilə yanaşı, potensiallarını aşkara çıxarmaq, dövlətə, dövlətçiliyə xidmət göstərmək üçün böyük meydan  əldə etməklə bağlıdır.

YAP-ın dövlətin gənclər siyasətinə verdiyi ən böyük töhfələrdən biri də partiyanın tərkibində 1995-ci ildən Gənclər Birliyinin fəaliyyətinin təmin edilməsidir. Yeni Azərbaycan Partiyası Gənclər Birliyi Azərbaycanın ictimai-siyasi həyatında yaxından iştirak edən qurumdur.  Bu qurum mütəmadi olaraq bir çox sosial və ictimai bir çox layihələr həyata keçirir, xeyriyyəçiliklə məşğul olur, kimsəsiz uşaqlar və qocalar evlərini və aztəminatlı ailələri, müxtəlif dərəcəli əlilləri, Birinci və İkinci Qarabağ müharibələri qazilərini, şəhid ailələrini ziyarət edərək onlara maddi və mənəvi cəhətdən dəstək olur. Həmçinin YAP Gənclər Birliyi tərəfindən bir neçə ildir ki, böyük uğurla davam etdirilən və ölkəmizin bütün bölgələrindən olan gəncləri əhatə edən “Yay məktəbi” layihəsi artıq ənənəyə çevrilib.

Ölkəmizdə gənclər siyasətinin səmərəliliyini təmin edən mühüm amillərdən biri könüllülük fəaliyyətinə xüsusi diqqət göstərilməsidir. Könüllülük həm də vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir. Dövlət başçısı tərəfindən 2020-ci ilin ölkəmizdə “Könüllülər İli” elan olunması bunun bariz ifadəsidir. Partiyanın gəncləri də könüllülər hərəkatında fəal iştirak edir. Pandemiyaya qarşı mübarizə tədbirlərinin gücləndirildiyi dönəmdə də könüllülər fəallığı ilə seçilirdilər. Həmin dönəmdə könüllülər yaşı 65-dən yuxarı olan tənha yaşlılara kömək olmağı, onlara sosial xidmət göstərməyi, qayğılarını çəkməyi özlərinin vətəndaşlıq borcu hesab edirdilər.

Azərbaycan dövlətinin  gənclərə inamı, etimadı  44 günlük İkinci Qarabağ müharibəsində   Zəfərimizlə  təsdiqləndi. Rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Dövlət başçısı  İlham Əliyevin sərəncamları ilə döyüşlərdə qəhrəmanlıq göstərən hərbçilərimizin Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülmələri, müxtəlif orden və medallarla təltif olunmaları, onlara xüsusi imtiyazların verilməsi, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması və sair bu kimi addımlar dövlətin bu kateqoriyadan olanlara  diqqət və qayğısı ilə yanaşı, Azərbaycan gəncinin Vətən, torpaq sevgisinin yüksək səviyyədə dəyərləndirilməsinin nümayişidir.

Qısa təhlil əsasında bu qənaətə gəlirik ki, Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Bütün bu uğurlar ulu öndər Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin, həmçinin gənclərin bütün sahələrdə cəmiyyətin avanqard qüvvəsinə çevrilməsinin əyani təzahürüdür.

Daha çox xəbərlər