Böyük Qayıdışın yeni ünvanları
Zəngilan, Cəbrayıl və Qubadlıda yeni kəndlərin salınmasına gələn ilin ortalarında başlanılacaq
Əldə olunan şanlı Qələbədən sonra növbəti mərhələ Qarabağın dirçəldilməsi və bölgədə tikinti-quruculuq işlərinin aparılmasıdır. Dövlət tərəfindən Böyük Qayıdış planına uyğun olaraq məcburi köçkünlərin doğma yurd-yuvalarına ən qısa zamanda qayıtması üçün bütün imkanlar səfərbər edilib. Həmin ərazilərdə yeni yaşayış məntəqələrinin salınması, infrastrukturun bərpası, yolların çəkilişi, məktəb, xəstəxana tikintisi sürətlə davam edir.
Zəngilanda reallaşan “ağıllı kənd” layihəsi buna əyani sübutdur. Bu il mayın 27-də “ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi keçirildi. Həmin gün dövlət başçısı İlham Əliyev Ağalı kənd sakinləri ilə görüşü zamanı bütün Azərbaycan xalqına müjdə verərək söyləmişdi ki, “Bu gün Böyük Qayıdış dediyimiz prosesə start verildi. Böyük Qayıdışın birinci kiçik addımı, bax bu gün atılır”. Şanlı Zəfərimizin ardınca xalqımıza verilən bu xoş xəbərdən sonra, yurd həsrətli soydaşlarımız od-ocaqlarına dönəcəyi zamana sayılı günlər qalmasının təsvirəgəlməz sevincini yaşadılar. Çox keçmədən Zəngilanın Ağalı kəndinin sakinləri illərlə arzuladıqları bu xoşbəxtliyi yaşadılar, doğma kəndlərinə qovuşdular. İyulun 19-dan etibarən Zəngilanın Ağalı kəndinə əhalinin dörd mərhələdə köçürülməsinə start verildi. Abşeron rayonunun Masazır kəndindəki “Zəngilan şəhərciyi”ndən dördüncü köç karvanı isə ayın 25-də Ağalıya yola salındı. Daha 10 ailə – 58 nəfər yeni salınmış və ən müasir infrastrukturu olan kənddə onlara verilmiş evlərdə daimi məskunlaşdılar. Beləliklə, Ağalı kəndinə əhalinin köçürülməsinin birinci mərhələsi uğurla başa çatdırıldı.
Məcburi köçkünlərin 13 ailədən (62 nəfər) ibarət növbəti qrupu sentyabr ayında yola salındı. Böyük Qayıdışa uyğun olaraq ikinci mərhələdə 25 ailənin 125 nəfər üzvü Ağalı kəndinə yola düşdü. Köçürülən ailələr, əsasən, müvəqqəti məskunlaşma yerlərində ən ağır şəraitdə yaşayanlar arasından seçilib və bu zaman köçürülmə üçün təqdim edilən yaşayış sahələrinin həcmi nəzərə alınıb. Mövcud qanunvericiliyə əsasən, məcburi köçkünlər daimi yaşayış yerlərinə qayıtdıqdan sonra üç il müddətində dövlətin onlar üçün müəyyən etdiyi sosial müdafiə tədbirlərindən yararlana biləcəklər.
Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi Qarabağ və Şərqi Zəngəzurda bərpa və quruculuq işlərinin daha da vüsət almasına böyük təkan verəcək. Sərəncamda vurğulandığı kimi, Azərbaycan Respublikası öz torpaqlarını azad etməklə tarixi inkişafının irimiqyaslı bərpa-quruculuq layihələri ilə səciyyələnən, dayanıqlı sülhə, tərəqqiyə əsaslanan və bir çox ölkələr üçün nümunə olan yeni mərhələsinə qədəm qoyub. Vətən müharibəsindən ötən müddət ərzində işğaldan azad olunmuş ərazilərin minalardan və partlamamış hərbi sursatdan təmizlənməsi, müasir yaşayış, istehsal və xidmət infrastrukturunun qurulması, iqtisadi fəaliyyətin, o cümlədən nəqliyyat-kommunikasiya xətlərinin bərpası, xüsusilə Zəngəzur dəhlizinin açılması istiqamətində mühüm işlər görülüb. Həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir, habelə həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün sağlam bünövrə yaradır.
Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının kəndlərinin layihələndirilməsi işləri başlayıb və onların konsept dizaynın bir hissəsi artıq hazırdır. Bunu Bakıda keçirilən “Şəhərlərin və kənd yerlərinin inkişafına innovativ yanaşma: ağıllı şəhər və kəndlər” mövzusunda beynəlxalq konfransda Prezidentin Zəngilan rayonunda xüsusi nümayəndəsi Vahid Hacıyev deyib. “Gələn ilin ortalarında həmin kəndlərin salınmasına başlanılacaq. Zəngilan şəhərində isə yaşayış məhəlləsinin təməlqoyması həyata keçirilib və tikintisi növbəti ilə planlaşdırılır”, – deyə o, qeyd edib.
Onu da xüsusi olaraq vurğulayaq ki, bütün bu prosesləri Azərbaycan dövləti heç bir beynəlxalq təşkilatdan, dövlətdən maliyyə yardımı almadan reallaşdırır. Dövlətin iqtisadi qüdrəti imkan verir ki, bu cür genişmiqyaslı quruculuq işləri həyata keçirilsin. Ümumiyyətlə, bu istiqamətdə həyata keçirilən bütün proqramlar müasir dövlətçilik tariximizin ən yeni mərhələsində ümummilli inkişafımızı göstərməklə, gələcək potensialımızın gücündən xəbər verir. Bu milli ideoloji cəhətdən birliyimiz və həmrəyliyimiz sayəsində qazanılmış Zəfərin təzahürü kimi qüdrətli dövlətə çevrildiyimizin daha bir təsdiqidir.

