Azad edilmiş torpaqlar mütərəqqi texnologiyalara əsaslanan məkan olacaq
Dövlət başçısı İlham Əiyevin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncamından bu hədəflər öz əksini tapır
Tarixi Zəfərimizdən dərhal sonra işğaldan azad edilmiş ərazilərimizdə dərhal başlanan bərpa-quruculuq işləri dünyanı heyrətləndirməyə bilməzdi. Dünya hərb tarixində yeganə haldır ki, müharibədən çıxmış ölkə vaxt itirmədən bərpa-quruculuq işlərinə start verir. Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanmasından 6 gün sonra 16 noyabrda Füzuli və Cəbrayıl rayonlarına səfər edən dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu ərazilərmizdən bütün dünyaya ilk mesajlarını verdi: İşğaldan azad edilmiş bütün şəhər və kəndlərimiz bərpa olunacaq.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərimiz «ağıllı kənd» və «ağıllı şəhər» layihələri çərçivəsində bərpa edilir. Zəngilan rayonunda “ağıllı kənd” layihəsi çərçivəsində yenidən qurulan Ağalı kəndi sakinlərini qarşıladı. Bu mühüm hadisəni Böyük Qayıdışın ilk addımı kimi dəyərləndirən cənab İlham Əliyev bir daha tarixi Zəfərimizdən sonra aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinin miqyası fonunda bildirdi ki, hər kəs bilməlidir ki, bu, asan məsələ deyil. Azad edilmiş ərazilərin miqyası dörd Lüksemburq ölkəsi qədərdir, bir Livan ölkəsinə bərabərdir, yəni, təsəvvür edin, nə qədər böyük iş nəzərdə tutulur. Dövlət başçısı bu çağırışı da etdi: “Biz azad edilmiş torpaqları müasir mütərəqqi texnologiyalara əsaslanmış böyük bir məkan kimi görmək istəyirik və indi olduğumuz Ağalı kəndinin timsalında bunu görürük. Ona görə aparıcı Qərb ölkələrinin texnologiyaları, o cümlədən tibb sahəsində və digər sahələrdə burada tətbiq edilərsə, əlbəttə ki, biz istədiyimizə nail ola bilərik.»
Reallıq budur ki, Ağalı kəndində “ağıllı kənd” konsepsiyasının hər üç komponenti – ağıllı dövlət idarəçiliyi, ağıllı infrastruktur və xidmətlər, eyni zamanda, ağıllı təsərrüfat və biznes mühiti yaradılıb. Onu da qeyd edək ki, «ağıllı şəhər» layihəsi çərçivəsində isə Ağdam şəhərinin bərpası həyata keçirilir. Ötən il Müstəqillik Günündə dövlət başçısının Ağdama səfəri zamanı Ağdam şəhərinin Baş planı təqdim edilmişdir. İşğaldan azad edilmiş torpaqlarımızda aparılan bərpa –quruculuq işlərinin sürətləndirilməsi, yol infrastrukturunun yenilənməsi, bölgələrin enerji ilə təminatı üçün inşa edilən və bərpa olunan elektrik stansiyaları bütünlükdə Qarabağın simasının dəyişilməsinə, rayonların iqtisadiyyatının inkişafına xidmət edir. Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər»də əksini tapan vəzifələrin yerinə yetirilməsi ilə erməni vandalları tərəfindən dağıdılan kəndlərdə, şəhərlərdə bərpa-quruculuq işləri sürətlənir, nəzərdə tutulan prioritetlərin reallığa çevrilməsi istiqamətində mühüm addımlar atılır.
İqtisadiyyatın inkişafı üçün başlıca amil olan ərazilərin enerji ilə təminatının yüksək səviyyədə təşkili, istehlakçıların fasiləsiz, dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz edilməsi məqsədilə genişmiqyaslı yenidənqurma və əsaslı təmir-tikinti işləri həyata keçirilir. Prezident İlham Əliyevin işğaldan azad olunmuş həmin ərazilərin «yaşıl enerji» zonasına çevrilməsi ilə bağlı qarşıya qoyduğu tələblərə uyğun olaraq fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchiz edilməsi istiqamətində işlər uğurla davam etdirilir. Kəlbəcər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Ağdam rayonlarında, ümumilikdə, 9 yarımstansiya və onları əlaqələndirən 110 kilovoltluq ötürmə xətlərinin inşası, Azərbaycanın, Türk dünyasının mədəniyyət paytaxtında «Şuşa”» yarımstansiyasının fəaliyyət göstərməsi enerji ilə təminatı şərtləndirir. Dövlət başçısı İlham Əliyev bu ilin iyun ayında Bakı Enerji Həftəsinin iştirakçılarına məktubunda da bu məsələyə xüsusi diqqət yönəltmişdir. «İşğaldan azad edilmiş tarixi ərazilərimizin böyük enerji potensialı uğurlu “yaşıl enerji” layihələrinin həyata keçirilməsi və regionda enerji təhlükəsizliyi üçün geniş perspektivlər vəd edir» söyləyən cənab İlham Əliyev bildirmişdir ki, Qarabağ və Şərqi Zəngəzurda günəş, külək enerji növlərinin istehsalı təxminən 9‒10 min meqavata çata bilər. Bu məqsədlər üçün aparıcı beynəlxalq şirkətlərlə birlikdə artıq Qarabağ və Şərqi Zəngəzurda “yaşıl enerji” zonası üçün konseptual layihələr hazırlanıb, müasir bərpa olunan enerji mənbələrindən ibarət unikal “yaşıl enerji zonası” konsepsiyasının yaradılması davam etdirilir. Nəhəng təbii qaz ehtiyatları ilə yanaşı, bərpa olunan enerji potensialımız bütünlüklə Azərbaycanın “yaşıl artım” ölkəsinə çevrilməsi üçün mühüm imkanlar vəd edir.
Bu məqama da diqqət yönəldilmişdir ki, Azərbaycanda enerji təhlükəsizliyinə, xüsusilə “yaşıl enerji” siyasətinə münasibətdə uzunmüddətli hədəflər müəyyən edilmişdir. Enerji sahəsində açıq, şəffaf, biznes maraqlarına xidmət edən və nəticələrə hesablanmış əməkdaşlıq və qarşılıqlı dəstək bizim daimi prinsiplərimizdir. 2030-cu ilədək olan dövrdə biz “yaşıl artım” ölkəsinə çevrilməyi və təmiz ətraf mühitə nail olmağı sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərdən biri kimi müəyyənləşdirmişik. Belə bir siyasət regionda enerji sahəsində uğurlu transformasiya üçün mükəmməl bünövrəni təmin edəcək.
Bərpa-quruculuq işləri meliorasiya sahəsində də davam etdirilir. Hesablamalara görə, Azərbaycanda yerli su ehtiyatlarının 25 faizi Qarabağ və ətraf ərazilərdədir. Ancaq həmin ərazilərdəki 30-a yaxın kiçik su elektrik stansiyası ermənilər tərəfindən dağıdılmışdır. Həmin elektrik stansiyaları yenidən inşa və bərpa edilir. Bu su elektrik stansiyalarının istismara verilməsindən sonra sözügedən ərazilərdə böyük miqdarda enerji ehtiyatı yaranacaq. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, alternativ və bərpa olunan enerji mənbələrindən istifadə müasirlikdir, yenilikdir, ekoloji cəhətdən təmiz texnologiyadır: «Bu, bizim gələcəyə baxışımızdır». Ölkə ərazisində həyata keçirilən alternativ və bərpa olunan enerji mənbələrindən istifadə siyasəti belə düşünməyə əsas verir ki, «yaşıl enerji» konsepsiyası da qarşıya qoyulmuş vəzifənin yerinə yetirilməsinə öz müsbət təsirini göstərəcək.
İşğaldan azad olunmuş ərazilərin bərpasını öz maliyyə imkanları hesabına həyata keçirən Azərbaycan bu sahədə də özünün standartlarını yaradıb. Su anbarlarının gələcək istismarı, hidroehtiyatların ölkənin su təsərrüfatı sisteminə inteqrasiyası da bərpa prosesinin və Böyük Qayıdışın tərkib hissəsidir. İşğaldan azad olunmuş ərazilərdə ümumilikdə 9 su anbarı tikilir və ya təmir olunur. Yaradılan bu cür şərait, Qarabağın zəngin su ehtiyatlarının düzgün və səmərəli idarə olunması bütövlükdə regionun iqtisadi inkişafını sürətləndirəcək. Mövcud su anbarlarını dağıdan ermənilərdən fərqli olaraq azərbaycanlı mütəxəssislər illərdən bəri su üzünə həsrət qalan torpaqların dirçəldilməsi üçün fədakarlıq göstərirlər. Köndələnçay su anbarı buna bariz misaldır. Ümumi sistemə daxil olan «Köndələnçay-1», «Köndələnçay-2» və «Aşağı Köndələnçay» su anbarlarının bərpası ilə Füzuli rayonu ərazisində 6200 hektar əkin sahəsinin suvarılması mümkün olacaq. Su ehtiyatlarının düzgün idarə edilməsi və səmərəli istifadəsi isə bərəkətli Qarabağda aqrar sahənin inkişafına töhfə verəcək. Şuşa rayonunun Daşaltı kəndində Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun və bu yolun üzərindəki tunellərin inşası da Qarabağın dirçəlişini sürətləndirəcək layihələrdən biridir. Bu yolun digər önəmi onun Zəngəzur dəhlizinin magistralı ilə birləşməsindədir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan yol-nəqliyyat infrastrukturu işğaldan azad edilən rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yolun tikintisinin 2024-cü ildə başa çatdırılacağı nəzərdə tutulub.
Dövlət başçısı İlham Əliyev Ağalı kəndinin sakinləri ilə görüşündə hədəfləri də açıqlayaraq bildirmişdi ki, bu il də investisiya proqramı təsdiq olunub və proqrama əlavələr də ediləcək: «Biz dövlət büdcəsinə əlavələr etməliyik, çünki iqtisadi göstəricilər daha yaxşıdır. Gəlirlərimiz nəzərdə tutulandan daha çoxdur. Ona görə biz bu əlavə gəlirləri və iqtisadi imkanlarımızı səfərbər etməliyik ki, vaxt itirmədən azad edilmiş torpaqlarda daha böyük həcmdə iş görək. İndi hökumətə tapşırılıb, yəqin yaxın gələcəkdə Milli Məclis bu məsələyə baxacaq ki, biz daha çox vəsait ayıraq. Mən demişəm, iqtisadiyyatımız nə qədər güclü inkişaf edərsə, biz azad edilmiş bütün əraziləri o qədər tez bərpa edəcəyik.»
Dövlət başçısı İlham Əliyevin 16 noyabr 2022-ci il tarixli “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncamında da qeyd olunduğu kimi, Azərbaycan öz torpaqlarını azad etməklə tarixi inkişafının irimiqyaslı bərpa-quruculuq layihələri ilə səciyyələnən, dayanıqlı sülhə, tərəqqiyə əsaslanan və bir çox ölkələr üçün nümunə olan yeni mərhələsinə qədəm qoydu. Vətən müharibəsindən ötən müddət ərzində işğaldan azad olunmuş ərazilərin minalardan və partlamamış hərbi sursatdan təmizlənməsi, müasir yaşayış, istehsal və xidmət infrastrukturunun qurulması, iqtisadi fəaliyyətin, o cümlədən nəqliyyat-kommunikasiya xətlərinin bərpası, xüsusilə Zəngəzur dəhlizinin açılması istiqamətində mühüm işlər görülüb. Həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir, habelə həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün sağlam bünövrə yaradır. İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunmuşdur. Bu Milli Prioritetlərə əsaslanan “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” yeni inkişaf mərhələsindəki hədəflərə çatmağa xidmət edən mühüm sənəddir. Prezidentin 2022-ci il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrasını təmin etmək məqsədilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” təsdiq edilmişdir
Göründüyü kimi, dövlət başçısı İlham Əliyev soydaşlarımızın Böyük Qayıdışını təmin etmək üçün bütün zəruri addımları atır. İmzalanan hər bir sənəd bu hədəfin tamamilə gerçəkləşməsinə xidmət edir.

