Gündəm 

Ermənistan ordusunda cinayətlər baş alıb gedir

Qarabağ müharibəsindən sonra işğalçı ölkədə 27-35 yaşarası 3225 vətəndaşın silahlı qüvvələrdə xidmətdən yayındıqlarına və müxtəlif xarakterli cinayətlər törətdiklərinə görə axtarışda olduqları açıqlanıb

Ermənistanda həmişəki kimi yenə də silahlı qüvvələrdə böyük problemlər yaşanır. Məğlub ölkənin ordusu istər döyüş qabiliyyəti, istərsə də təminat baxımından ciddi çətinliklərlə üzləşib. Ölkədə yaşanan demoqrafik problem səbəbindən ordunun şəxsi heyətlə təminatı sürətlə pisləşməkdə davam edir. Digər tərəfdən, orduda yaranan xaos səbəbindən gənclərin silahlı qüvvələrdə xidmətdən yayınması adi xarakter daşıyır. Belə vəziyyətdə ordudan yayınanların sayının artması bu xüsusda qaldırılan cinayət işlərinin də sayını çoxaldır. Məsələn, Qafandakı hərbi hissədə 37 yaşlı ehtiyatda olan Misak Petrosyanı öldürməkdə şübhəli bilinən Vahe Qazaryan ağır cinayət törətdiyinə görə cəmi 3 il müddətinə azadlıqdan məhrum edilib. Lakin 2021-ci il mayın 24-də məhkəmə hökmü Qazaryana şərti olaraq tətbiq etməməyə qərar verib və 3 il sınaq müddəti təyin edib. Qazaryan isə sınaq müddətinin tələblərinə əməl etməyib və nəticədə yeni cinayət baş verib. İndi öldürülmüş ehtiyatda olan erməni hərbi qulluqçu Misak Petrosyanın yaxınları maraqlanır ki, məgər bu, doğrudur, ağır cinayət törətmiş şəxs orduya çağrılmalı, döyüş mövqelərinə getməlidir və ölkə sərhədlərinin mühafizəsi kimi məsuliyyətli işlərdə iştirak etməlidir? Misak Petrosyan çağırış vərəqəsini alıb və ertəsi gün dərhal hərbi təlim üçün əvvəlcə Armavirə, sonra isə Qafana yola düşüb. Misakın qardaşı Hakop Petrosyan deyib ki, hadisədən bir gün əvvəl Misakla danışıblar, əhvalı yaxşı olub, heç bir probleminin olmadığını bildirib. Petrosyanlara hadisə barədə hərbi komissarlıqdan məlumat verilib. Digər təfərrüatlar açıqlanmayıb. Ermənistan Müdafiə Nazirliyi oktyabrın 29-da ehtiyatda olan erməni hərbi qulluqçunun ölümü barədə məlumat verərək Petrosyanın xidmət yoldaşının açdığı atəşdən ölümcül güllə yarası aldığını bildirib. O vurğulayıb ki, məhkəmə-tibbi ekspertizası təyin edilib, cavablar alındıqdan sonra qətldən əvvəl zorakılığın olub-olmadığını anlamaq mümkün olacaq. Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan bildirib ki, məsələ hüquqi müstəvidədir, onlar araşdırılan cinayət işləri ilə bağlı şərh verə bilməzlər.

Qeyd edək ki, Qarabağ müharibəsindən sonra Ermənistanda 27-35 yaşarası 3225 vətəndaşın orduda xidmətdən yayındıqlarına və müxtəlif xarakterli cinayətlər törətdiklərinə görə axtarışda olduqları açıqlanıb. Yerdə qalan hərbi xidmətdən qaçan minlərlə insan isə 27 yaş həddinə çatmayan gənclərdir. Hazırkı vəziyyətə olan məlumatlara əsasən, məcburi hərbi xidmətdən yayınan 10 min erməni gəncin axtarışda olması barədə faktlar mövcuddur. Ermənistan qanunvericiliyinə görə, həqiqi hərbi xidmət keçməyən, lakin yaşı 27-yə çatan vətəndaşlar cinayət məsuliyyətindən azad olmaq üçün 1,8 milyon dram və ya 3700 ABŞ dolları məbləğində cərimə ödəməlidirlər. Əks təqdirdə onlar həbs edilirlər. Lakin erməni mediası yazır ki, orduda  xaos davam etdikcə, ölkədən daha çox sayda gəncin qaçmasını gözləmək mümkündür. Hökumətin pul müqabilində onları cinayət məsuliyyətindən azad etmək niyyəti hansısa nəticə verməyəcək.

“4rd.am” saytı dərc etdiyi məqalədə son bir ildə orduda baş verən neqativ halları şərh edərkən maraqlı faktlar açıqlayıb. Qeyd edilib ki, 2021-ci ildə Ermənistan ordusunda özünəqəsd hallarının sayı 20-ni ötüb: “Ümumilikdə isə orduda ölən əsgərlərin sayı 80-dən çoxdur. Əgər bir əsgər öz canına qıyırsa, demək, bunun arxasında kifayət qədər müəmmalı, şübhəli hallar var. Eyni zamanda əsgər-komandir inamsızlığı, etimadsızlığı mövcuddur və nizamnamədənkənar hallar baş verir. Valideynlər tərəfindən daxil olan şikayətlərin əksəriyyəti komandirlərin sıravi heyət üzərində zorakılıq hallarının olması ilə bağlıdır. Yəni əsgərlər alçaldılır və döyülürlər”.

Bütün bunların fonunda orduda fərarilik hallarının sayının artması təbii sayılır. Hesab edilir ki, qarşıdakı dövr ərzində erməni ordusunda daha böyük problemlər ortaya çıxacaq. Bu arada Ermənistanda yerli və Qarabağ erməniləri arasında ciddi münaqişə yaşanmaqdadır. Hətta iş o yerə çatıb ki, İrəvan və Ermənistanın digər bölgələrində Qarabağdan gələnləri qəbul etmək istəmirlər. Bununla bağlı gəlmələrin Ermənistan mediasında saysız şikayətləri dərc olunub.

Bu günlərdə “Qallup”un apardığı sorğuya görə, 44 günlük müharibədən sonra Ermənistandan Qarabağa gələnlərin sayı azalıb. 56 faiz respondent müharibəyə qədər Qarabağa səfər etdiyini deyib. Sorğu mərkəzinin nəticələrinə görə, müharibədən sonra cəmi 12 faiz respondent Qarabağa getdiyini bildirib. Həmin 12 faizə isə Qarabağ erməniləri və bəzi fəallar daxildirlər.

Daha çox xəbərlər