Cəmiyyət 

“Qaydalar qəbul olunub, vəssalam” – “Dovşan” məzhəkəsinə REAKSİYA

Noyabrın 22-də Dilçilik İnstitutunda “Azərbaycan dilinin yeni orfoepiya normaları”nın mübahisəli bəndlərinə həsr olunmuş müzakirələr zamanı “ov, öv” hərf birləşmələri olan sözlərdən nümunələr çəkilib.

Çəkilən nümunələrdə “dovşan” sözünün tələffüz forması müzakirələrə səbəb olub. Çəkilən nümunə sosial şəbəkələrdə məzhəkə obyektinə çevrilib.

Mövzu ilə bağlı Yenisabah.az-a Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, professor Sayalı Sadıqova da münasibət bildirib:

“İşləri-gücləri yoxdur. Məgər indiyə qədər bu sözlərin tələffüzü yox idi? Heç bunlardan yazmağa da dəyməz. Böyük fundamental tədqiqat əsərləri yazılır, işlər görülür, heç bunları müzakirə edən yoxdur. Guya onlar deməsə, kimsə o sözü tələffüz edə bilməz? İnsanlar nə yazırlarsa, yazsınlar. Azərbaycanın, dilçilik elminin o qədər uğurları var ki, bunlardan yazmaq lazımdır.

O orfoepiya qaydalarıdır, Nazirlər Kabineti tərəfindən təsdiq olunub, verilib və ona uyğun da tələffüz olunacaq. Sözbəsöz hər birinə münasibət bildirmək olmaz axı. Ümumi qaydalar var. Nazirlər Kabineti tərəfindən qaydalar müəyyənləşdirilib, “dovşan” sözü də həmin qaydalarla tələffüz ediləcək bir sözdür. Ümumi qaydalar qəbul olunub, vəssalam”.

Qeyd edək ki, noyabrın 22-də keçirilən yekun müzakirələrdə Azərbaycan tarixində ilk dəfə olaraq dövlət səviyyəsində 18 iyun 2021-ci ildə qəbul edilmiş “Azərbaycan dilinin yeni orfoepiya normaları”ndakı mübahisəli bəndlər müzakirə edilib.

Daha çox xəbərlər