AXCP-nin antimilli təbliğatı iflasa məhkumdur
Bu gün planetimiz təlatümlü dənizi xatırladır. Dünyada gedən qızğın proseslər isə bu dənizdə böyük fırtınalar və dağıntılar yaradan qasırğaya bənzəyir. Qlobal istiləşmə, quraqlıq, daşqınlar bəşəriyyəti aclıq, yoxsulluq kimi humanitar fəlakət təhlükəsi ilə üz-üzə qoyub. Bütün bunların fonunda Prezident İlham Əliyev uzaqgörən siyasəti, qeyri-adi əzmkarlığı, iradəsi, dərin zəkası və mahir diplomatiyası ilə Azərbaycan adlı gəmini bu təlatümlü dənizdən peşəkarcasına, necə deyərlər, sakit “okeana” çıxarmağı bacarıb.
Ölkə başçısının həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində hazırda Azərbaycan regionun ən güclü və dinamik inkişaf edən ölkəsinə çevrilib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman ordumuz 2020- ci il sentyabrın 27-də başlayan qırx dörd günlük Vətən müharibəsində Qarabağı və Şərqi Zəngəzuru təcavüzkar Ermənistanın 30 illik işğalından azad edərək Azərbaycanın ərazi bütövlüyünü və tarixi ədaləti bərpa edib. Bu gün Qarabağa və Şərqi Zəngəzura Böyük Qayıdış proqramı uğurla icra olunur.
Təbii ki, bu tarixi Qələbənin təməlində Azərbaycanın ötən müddətdə uğurla həyata keçirdiyi xarici siyasət, ordu quruculuğu, sosial-iqtisadi inkişaf, vətəndaş-iqtidar həmrəyliyi və ölkəmizin regional güc mərkəzinə çevrilməsi siyasəti dayanırdı.
Bəli, Azərbaycanın tarixi Zəfəri ilə bitən İkinci Qarabağ müharibəsi regionda yeni reallıqlar yaradıb. Məhz bu reallıqların fonunda bu gün respublikamız təkcə regionda deyil, dünya siyasətində yeniliklərə imza atır. Məhz bunların, xüsusilə də dünyada gedən proseslərə, yeni baxışın praktiki cəhətdən reallaşdırılmasının nəticəsidir ki, ölkəmiz hətta üzv olmadığı beynəlxalq qurumlarda belə öz sözünü deyə bilir. Təsadüfi deyil ki, Beynəlxalq Frankofoniya Təşkilatının aparıcı qüvvəsi olan Fransa Ermənistanla birlikdə bu təşkilatın son toplantısında Azərbaycana qarşı öz çirkin niyyətlərini reallaşdıra bilmədi.
Təbii ki, Azərbaycanın bütün bu uğurları militarist Ermənistanı, onun havadarlarını və ölkəmizdəki radikal müxalifəti çox narahat edir, necə deyərlər, onların kürkünə birə salır. Erməni lobbisinin təsiri altında olan təşkilatlardan maliyyələşən, öz şəxsi ambisiyaları naminə milli maraqları tapdalayan “sapı özümüzdən olan baltalar”- AXCP sədri Əli Kərimli, “Milli Şura”nın rəhbəri Cəmil Həsənli, bu təşkilatın Koordinasiya Mərkəzinin üzvləri Tofiq Yaqublu, Gültəkin Hacıbəyli və xarici ölkələrdə “siyasi mühacir” adı altında məskunlaşan satqınlar- Qənimət Zahid, Sevinc Osmanqızı və digərləri son vaxtlar çörəyini yedikləri Azərbaycana qarşı apardıqları “qara piar” kampaniyasını daha da gücləndiriblər. Heç kimə sirr deyil ki, öz əcnəbi ağalarının sifarişini yerinə yetirən bu marginallar bəzi xarici ölkələrin xüsusi xidmət orqanları ilə əməkdaşlıq edir, ya da məlum anti-Azərbaycan fondlar vasitəsilə ayrı-ayrı dövlətlərin maraqlarını yerinə yetirirlər. Bu xəyanətkarlar və onların trol dəstəsi həmin dairələrdən aldıqları tapşırıqlar əsasında ölkəmizin beynəlxalq imicinə zərbə vurmaq üçün dəridən-qabıqdan çıxır, sosial şəbəkələrdə, xüsusilə internet TV-lərdə ictimai rəyi çaşdırmaq üçün ölkəmizə durmadan şər-böhtan yağdırırlar.
Lakin onların bu antimilli cəhdlərinin heç bir faydası yoxdur. Çünki cəmiyyətimiz bu antimilli ünsürlərin məkrli niyyətini çox yaxşı bilir. Onların xaricdəki Azərbaycan əleyhdarlarının beş-üç qəpik tulapayına şirniklənərək hansı çirkin oyunlardan çıxdıqlarına da yaxşı bələddir. İnsanlar çox haqlı olaraq bildirirlər ki, radikal müxalifətin “başbiləni” olan, vaxtilə öz liderinə xəyanət edən, onun haqqında muzdlu mirzələrinə min cür hədyan və təhqir yazdıran Əli Kərimlidən və onun kimilərdən bundan artıq heç nə gözləmək olmaz.
Hər kəsə bəllidir ki, AXC-Müsavat tandeminin birillik hakimiyyəti dövründə dövlət idarəçiliyində yüksək postda təmsil olunan Ə.Kərimli baş verən bütün xəyanətlərdə və uğursuzluqlarda öz rolunu məharətlə oynadı. Keçmiş dövlət başçısı, AXC-nin sədri mərhum Əbülfəz Elçibəy müsahibələrində bunu dəfələrlə vurğulamışdı. Ə.Elçibəy deyirdi ki, Ə.Kərimlinin bir əli mənim cibimdə, digər əli isə başqalarının cibindədir. Ə.Kərimli nəinki el malına, respublikanın var-dövlətinə xain gözlə baxmış, o, hətta ona çörək vermiş, vəzifə sahibi etmiş öz lideri Ə.Elçibəyə də xəyanət etmişdi. Tarix və xalq isə xəyanətkarı bağışlamır…

