Azərbaycan İranla bağlı məsələlərə hər zaman xüsusi həssaslıqla yanaşıb
Müasir Azərbaycan Respublikası müstəqilliyini bərpa etdiyi ilk günlərdən etibarən demokratik, hüquqi və dünyəvi dövlət yaratmaq məqsədini qarşıya qoymuş və bu istiqamətdə ardıcıl addımlar atmışdır. Azərbaycan Respublikasının xarici siyasət fəaliyyətinin əsas istiqamətlərindən biri dünyanın digər dövlətləri ilə, xüsusilə də qonşu ölkələrlə münasibətlərin qurulması və inkişaf etdirilməsi olmuşdur. İran İslam Respublikası ölkəmizin sıx əməkdaşlıq etdiyi ölkələrdən biridir. Azərbaycan heç vaxt İran İslam Respublikasının daxili işlərinə müdaxilə etməyib. Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi sahədə 30-a yaxın sənəd imzalanmışdır. Sənədlər əsasən investisiya qoyuluşu və maliyyələşdirmə sahələrində həyata keçiriləcək layihələr üzrə əməkdaşlığı, elmi və texniki sahələrdə əldə edilən nailiyyətlərdən istifadə və s. kimi məsələləri əhatə edir. Lakin təəssüflər olsun ki, Azərbaycanla həmsərhəd olan İranın son zamanlar ölkəmizə qarşı riyakar davranışlarının və İslam dəyərlərinə qarşı xainliklərinin şahidi oluruq. Qeyd edək ki, İran İslam Respublikası Azərbaycan sərhədinə qoşun yığır, hərbi təlim keçmək adı ilə hədə-qorxu gəlir. Iran Zəngəzur dəhlizinin reallaşdırılmasına mane olmaq üçün əlindən gələni edir. Eyni zamanda İranın din xadimlərinin Azərbaycana qarşı yönəlmiş təxribatlarda iştirak etməsi islama zidd olan əməldir.Azərbaycanda dini qüvvələrin siyasiləşdirilməsi istiqamətində iş aparılır. İran rejiminə xidmət edən terrorçuların zərərsizləşdirilməsi isə bir daha sübut etdi ki, İran Azərbaycanda dini və milli düşmənçilik yaymaq, dini tolerantlığı pozaraq gərginlik yaratmaq niyyətindədir. Lakin cənub qonşumuz unutmamalıdır ki, Azərbaycan bütün təhdidlərin qarşısını almağa, bütün təxribatlara qarşı lazımi şəkildə cavab verməyə qadirdir. Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündə çıxışı zamanı toxunduğu çox önəmli məqamlardan biri də ölkəmizin hüdudlarından kənarda yaşayan 40 milyondan çox azərbaycanlının ana dilində təhsilalma imkanından məhrum olması idi. Prezidentimiz qeyd etdi ki, acı taleyin hökmü ilə Azərbaycan dövlətindən ayrı düşmüş soydaşlarımızın dilimizi, ənənələrimizi, mədəniyyətimizi qoruyub-saxlamaları, azərbaycançılıq ideyalarına sadiq olmaları, öz tarixi Vətənləri ilə əlaqələrinin kəsilməməsi üçün səylərimizi bundan sonra da davam etdirəcəyik. Bu, bir daha göstərir ki, Azərbaycan dövlətinin prioritet istiqamətlərindən biri İrandakı soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin qorunmasıdır. İranın öz xalqına qarşı tərəddüdsüz silah işlədən, mürtəcə molla rejimi oradakı bütün insanların haqlarını tapdalamaqdadır. Azərbaycan dövləti hər zaman dünyanın istənilən ölkəsində yaşayan soydaşlarımızın yanındadır.
Elməddin Əsgərxanov YAP Bərdə rayon təşkilatının sədr müavini

