Ulu Öndərə olan inamın, sevginin, etibarın nümunəsi
Azərbaycanın görkəmli nümayəndələri, vətənpərvər insanlar, ölkənin gələcəyini düşünən insanlar ölkəmizin nicat yolunu Heydər Əliyevin simasında görürdülər və məhz buna görə Ulu Öndərə müraciət ünvanlamışdılar.
Azərbaycanın çiçəklənmə yollarına gəlib çıxmasında əvəzsiz, müstəsna rolu olan xalqın böyük oğlu, Ümumilli lider Heydər Əlirza oğlu Əliyev öz rəqibsizliyi, dayanaqlılığı və etibarlılığı ilə seçilən dünənin, bu günün və gələcəyin partiyası olan Yeni Azərbaycan Partiyasının təməl daşını qoymaqla xalqın ona olan sevgi, inam və etibarını layiqincə doğruldan bir şəxsiyyət olaraq qəlblərdə yaşayır və daim yaşayacaqdır.
1990-cı il ərəfələri xalqımızın tarixinin ən ağır, müdafiəsiz, iqtisadiyyatının çökmüş, siyasi hərc-mərcliyin tuğyan etdiyi bir dövrü kimi yaddaşlarda qalmışdır. O zaman Azərbaycana düşmən mövqe bəsləyən xarici qüvvələr, hakimiyyət davası aparan daxili qüvvələr, xaricdən tapşırıq alaraq dövlətə xəyanət edən quruplaşmalar ölkəni çökdürmək niyyətində idilər.
Ölkə parçalanmaq, məhv olmaq təhlükəsi altında idi. Digər tərəfdən isə mənfur düşmənin torpaqlarımıza göz dikməsi, işğalçılıq planları, xalqın sağlam və xoşbəxt gələcək düşüncəsini tamamilə yox etmişdi. Ölkə üzərində qara buludların gün – gündən çoxalmasının, xalqın üzləşdiyi acınacaqlı durumun, maddi rifah halının çox aşağı səviyyəyə düşməsinin o zamankı rəhbərliyin qəti şəkildə maraq dairəsində olmaması xalqın vətənpərvər insanlarını, ziyalılarını çox ciddi narahat edirdi. Xalq yalnız Ulu Öndər Heydər Əliyevin ölkəni bu bəladan qurtara bilmək güc və əzminə malik olduğunu israrla bəyan edirdi.
Ölkədə yaranmış bir sıra siyasi təşkilatlar nəinki mövcud vəziyyəti düzəltmək iqtidarında deyildi əksinə hakimiyyət üstündə gedən dava ölkəni uçuruma aparırdı.
Xalq Heydər Əliyev ətrafında birləşərək liderin ölkəyə demokratik yolla rəhbər seçilməsini istəyirdi. Çünki Milli demokratik dövlət formalaşdırmaq, ölkənin suverenliyini, müstəqilliyinin bərpa olunmasını, təhlükəsizliyin təmin olunmasını və vətəndaşlara azad, firavan həyat şəraitin yaradılmasını təmin etmək əzmi və bacarığı məhz dahi şəxsiyyət Heydər Əliyevə məxsus ola bilərdi.
Bu vəziyyət ölkə ziyalılarını, xalqın taleyini düşünən insanları narahat etməyə bilməzdi. Onlar xalqın mənafeyini düşünən, onu arxasıyca apara bilmək gücünə, bacarığına malik bir liderin məhz Heydər Əlirza oğlu Əliyev olduğunu israr edərək xalqın güclü bir liderin yaratdığı dayanıqlı, etibarlı siyasi partiyanın ətrafında birləşməsinə böyük ehtiyacın olduğunu dahi şəxsiyyətə ünvanlanmış müraciətlərində vurğulayırdılar. O zaman tariximizə “91-lərin müraciəti” kimi daxil olmuş həmin tarixi sənəd xalqın Ulu Öndərə olan inamını, sevgisini, etibarını özündə birləşdirirdi. Ulu Öndər o dahi şəxsiyyət ki, bütün təhlükələri gözə alaraq xalqın yanında oldu, onu baş verəcək bütün bəlalardan qorudu və xalqın xilaskarına çevrildi və müasir Azərbaycan qurucusu və memarı olan Heydər Əliyevin təməl daşını qoyduğu Yeni Azərbaycan Partiyası ictimai – siyasi sabitliyin pozulduğu bir dövrdə xalqın güvən və gələcəyə ümid yeri oldu.
Bu günlərdə yaranmasının 30-cu il dönümü qeyd olunan tədbirdə Zəfər Partiyamız olan Yeni Azərbaycan Partiyasının yaranma tarixindən söz açan Müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev Cənabları bu dayanıqlı Partiyanın yaranma tarixindən geniş və məzmunlu çıxış edərək Partiyanın bu günədək keçdiyi yollardan söz açmışdır.
Bu gün biz həqiqətən də xöşbəxt xalqıq. Çünki illərlə mənfur düşmənin işğalçılıq siyasəti altında əzilərək, min bir müsibətlə yazılmış tariximizdə ata nəsiyyətini layiqincə yerinə yetirən, dəmir yumruğun əzəmətini, qəhrəmanlar yetişdirən xalq olduğumuzu dünyaya bəyan edən Müzəffər Ali baş komandanımız “Qalib Azərbaycan” səhifəsi açmışdır. Bu qalibiyyət əbədidir. Bu müstəqillik dönməzdir!.
Sevinc Orucova,
Heydər Əliyev adına liseyin direktoru

