Ay Laçın, can Laçın
Qarabağın ətrafında yerləşən 7 rayondan biri də Laçındır. Şuşa şəhəri azad edildikdən sonra noyabrın 9-da Azərbaycan Ordusu Laçının da Güləbird, Səfiyan, Türklər kəndlərini işğalçılardan azad etdi. Müzəffər Azərbaycan Ordusunun Laçın rayonunun bir hissəsinə və digər mühüm strateji mövqelərə daxil olmasından, xüsusilə Şuşa şəhəri və onun ardınca 70-dən artıq kəndin azad olunmasından az sonra Ermənistan ağ bayraq qaldırdı. Noyabrın 10-da Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistanın baş nazirinin imzaladıqları birgə Bəyanata əsasən, Ermənistan silahlı qüvvələri Laçını da Ağdam və Kəlbəcər rayonları kimi Azərbaycana təhvil verməli oldu. Laçının azad edilməsi ilə Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması prosesi nəhayət başa çatdı.
İşğal altında olan bütün torpaqlarımız o cümlədən Laçın rayonu da 44 günlük vətən müharibəsi nəticəsində azad edildi. Torpaqlarımızın azadlığı uğrunda döyüşən hərbçilərimiz əsl qəhrəmanlıq göstərdilər. Bu müqəddəs mübarizədə canını qurban verən şəhidlərimizin ruhu qarşısında baş əyirik. Laçın rayonu 1992-ci il mayın 18-də işğal olunmuşdu. Bu hadisə Şuşa şəhərinin işğal edilməsindən 10 gün sonra baş verdi. Laçının işğalından sonra ölkəmiz üçün yeni faciələrin, torpaq itkilərinin əsası qoyuldu. Laçın rayonu strateji əhəmiyyət kəsb edir. Ermənistanı Dağlıq Qarabağla birləşdirən yol məhz Laçından keçir. Laçının işğalından sonra Ermənistan üçün yeni bu yol açıldı. İndi də Şuşa işğaldan azad edildikdən qısa bir müddət sonra Laçın da azadlığına qovuşdu.Bununla da, 80 minlik Laçın əhalisinin 28 illik torpaq həsrətinə son qoyuldu.
Laçın sakinlərinin bir həsrəti var idi Laçın adında. Hər il böyüyən, 28 yaşına çatan bir həsrət. Canlarını sıxan, ürəklərini sızladan! İllər keçdikcə dərinləşən bir dərdləri var idi Laçın adlı. Hər dağında-dərəsində, hər daşında-qayasında bir sevgi dastanını gizlələnən sağalmaz bir yaraları var Laçın adlı. Laçın həsrətiylə yaşayan, ölən, yazan, yaradanyüzlərlə Laçınlı var. Bu insanlardan biri Laçın sakini, ömrünün böyük hissəsini Laçında müəllimliyə həsr etmiş, şair Aydın Qədimoğlu Laçın həsrətini yazdığı şerlərdə yaşamışdır.
Laçınsız nə həyat, laçın qanımdı,
Onsuz keçən günlər ah-amanımdı,
Laçından gətdiyim quru canımdı,
O dağlarda vuran ürəyim qalıb.
Laçın torpağı şair üçün o qədər müqəddəsdir ki həsrətinin adını Məkkəyə, Mədinəyə bənzətmişdir.
Məkkəm,Mədinəmdi,Kəbəmdi dostlar,
Ən müqəddəs qibləgahım Laçındı.
Həsrəti qəlbimdə yara bağlamış,
Niskilim,fəryadım,ahım Laçındı.
Deyərək yurd həsrəti çəkmişdir Laçinlı ağsaqqal.
Ali Baş Komandanımız, müzəffər ordumuz və dəmir yumruğa dönən xalqımzın iradəsi sayəsində bu gün azaddır Laçın. Artıq Laçınla bağlı keçmişdə danışmırıq, xəyallar qurmuruq. Artıq Laçınlı gələcəyimiz,Laçın ətirli günlərimiz var.

Rövşanə Abbasova,
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin mühəndisi

