Yeni Azərbaycan Partiyası-Xalqın inam yeri – Ən güclü siyasi qüvvə!
Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurət, o dövrdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. O zaman müstəqilliyinin itirilməsi təhlükəsi ilə üzləşən Azərbaycanın ümidi müdrik dövlət xadimi, zəngin dövlətçilik təcrübəsinə malik olan, öz fəaliyyətində xalqın ali mənafeyini, dövlətin milli maraqlarını rəhbər tutan görkəmli siyasi xadimə – dahi Heydər Əliyevə idi. 1992-ci ilin oktyabrında bir qrup Azərbaycan ziyalısı ona müraciət edərək, Yeni Azərbaycan Partiyasının yaradılmasını təklif etmişdi.1992-ci il noyabrın 21-də ulu öndər Heydər Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi yeni müstəqil Azərbaycanın tarixində parlaq gələcəyin əsasını qoydu. Dövrün mənzərəsinə nəzər salanda Azərbaycanın gələcəyi o qədər də parlaq görünmürdü: separatizm meyilləri güclənirdi,ölkədə xaos və vətəndaş qarşıdurması hökm sürürdü. Xalqın xilaskarı olan Heydər Əliyevin siyasi meydana qayıdışı Azərbaycanı bəlalardan xilas etdi, onun gələcək uğurlarına yol açdı.
Ulu Öndərin hakimiyyətə qayıdışı ilə ölkədə vətəndaş müharibəsi təhlükəsinin qarşısı alındı. Daxili və xarici bədxahların Azərbaycanı parçalamaq, dövlətçiliyimizi məhv etmək istiqamətindəki bütün cəhdlərinin qarşısı alındı. Heydər Əliyev Azərbaycana sülh, sabitlik, dirçəliş və davamlı inkişaf gətirdi. Artıq cəmiyyətin hər bir üzvündə dövlətimizin yenilməzliyi ilə bağlı böyük əminlik yarandı.
Yeni Azərbaycan Partiyasının qısa müddətdə xalqın sevimli partiyasına çevrilməsinin isə tək bir səbəbi var idi – xalqın partiyanın sədrinə olan sevgisi, inamı. Çünki zaman göstərdi ki, xalq Heydər Əliyevə arxalanmaqla, onun ətrafında sıx birləşməklə öz xoşbəxt gələcəyini təmin edib.
Təsadüfi deyil ki, ümummilli lider Heydər Əliyev partiyanın yaradılmasının onuncu ildönümü ilə bağlı tədbirdə demişdir: “Müstəqil Azərbaycan yeni Azərbaycandır. Müstəqil Azərbaycanda yeni ictimai-siyasi quruluş yaranıbdır. Yeni iqtisadiyyat formaları yaranıb, demokratiya, siyasi plüralizm inkişaf edir. Belə bir yeni Azərbaycan keçmişdə yaşadığımız, keçmişdə olan Azərbaycandan fərqlidir. Ona görə partiyamızın adı da Yeni Azərbaycan Partiyasıdır. Məhz Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycanı müstəqillik yolunda inkişaf etdirməyə qadir bir partiyadır”.
1993-2003-cü illərdə Azərbaycanda elə bir sahə olmadı ki, diqqətdən kənarda qalsın. Ulu Öndər ölkə həyatında baş verən bütün problemlərə həssaslıqla yanaşdı və onların həllinə çalışdı. Bir zamanlar xəyal edilən nəhəng iqtisadi layihələr həyata keçirildi. “Əsrin müqaviləsi” imzalandı, Heydər Əliyevin siyasi iradəsi və peşəkar diplomatik fəaliyyəti sayəsində Bakı-Tbilisi-Ceyhan layihəsi reallaşdı. Dövlət, ordu quruculuğu sahəsində ciddi işlər görüldü. Azərbaycan beynəlxalq arenaya çıxdı. Xarici ölkələr, beynəlxalq təşkilatlar məhz Ulu Öndərin siyasi nüfuzuna arxalanaraq müxtəlif sahələrdə Azərbaycan ilə əməkdaşlığa başladılar.
Ümummilli Lider Azərbaycanın müstəqil və suveren dövlət kimi fəaliyyətini təmin edən kursu hazırladı və onu həyata keçirməyin bütün incə yollarını layiqli davamçısı İlham Əliyevə miras kimi qoydu. Bütün bunların nəticəsidir ki, bu gün Azərbaycan regionun ən qüdrətli dövlətidir, dünyada böyük nüfuza malikdir. Regionda Azərbaycanın razılığı olmadan heç bir layihə icra olunmur. Ölkə daxilində sabitlik, firavanlıq hökm sürür, insanların rifah halı gündən-günə yaxşılaşır. Elə bir sahə yoxdur ki, orda öyünə biləcəyimiz nailiyyətimiz olmasın.Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi, həmçinin “Cənub Qaz Dəhlizinin” mühüm hissələri olan TANAP və TAP layihələrinin həyata keçirilməsi iqtisadi sahədə qazanılan uğurlardandır.
Ulu Öndərin də dediyi kimi, Yeni Azərbaycan Partiyası öz fəaliyyəti ilə sübuta yetirdi ki, o, məhz yeni müstəqil Azərbaycanı qurmağa, onu zirvələrə, parlaq gələcəyə daşımağa qadir partiyadır.
Bu gün Ümummilli Liderin ideyalarını uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərlik etdiyi YAP böyük gücə çevrilib, onun 800 minə yaxın üzvü var.
21 noyabr 2022-ci il tarixdə Partiyamızın 30 illiyi münasibətilə keçirilən mötəbər tədbirdə çıxış edən möhtərəm Sədr İlham Əliyev Partiyanın 30 illik fəaliyyətindən bəhs edən geniş və məzmunlu çıxışı ilə, bir daha ictimaiyyətin diqqətinə çatdırdı ki, həqiqətən YAP xalqımızın xoşbəxt gələcəyini təmin edən yeganə siyasi qüvvədir. Bizim qarşıda hədəflərimiz vardır və bu hədəflərə uğurla çatacağıq! Tədbir çərçivəsində bir sıra güclü dövlətlərin hakim partiyalarından gələn təbrik məktubları onu göstərdi ki, YAP əməkdaşlıq fəaliyyətində mühüm yeniklərə imza ataraq, beynəlxalq arenada böyük nüfuz qazanmışdır. Bəli, sevindirici haldır ki, YAP üzvlərinin böyük hissəsi gənclərdir ki, onlar da Azərbaycanın tarixi Zəfərinin qazanılmasında müstəsna rol oynadılar.Gənclərimiz ölkəmizin iqtisadi inkifaşı istiqamətində, elm , təhsil, idman, gənclər siyasəti, bir sözlə həyatımızın bütün sahələrində fəal iştirak edir və uğurlara imza atırlar. Bu gün əminliklə demək olar ki, yaradıcısı Ümummilli Lider olan Yeni Azərbaycan Partiyasının fəaliyyətində Heydər Əliyevin ideya və arzuları yaşayır və qələbə çalır.
Xüsusilə qeyd etmək istəyirəm ki, YAP Yevlax rayon təşkilatının təhsil, səhiyyə, mədəniyyət və digər təşkilatların işçilərindən ibarət olan fəalları sosial platformalarda və elmi-kütləvi tədbirlərdə Ulu Öndərin siyasi irsini, Möhtərəm Sədr cənab İlham Əliyevin uğurlu siyasətini davamlı təbliğ edirlər.Hesab edirəm ki, Yeni Azərbaycan Partiyasının ölkəmizin maraqları naminə hesablanmış müdrik fəaliyyətində yaxından iştirak etmək, müvafiq dəstəyi göstərmək bizim hər birimizin borcudur. Ona görə ki, düzgün və məqsədyönlü siyasətimiz ölkəmizdə sabitliyi və firavan həyatı layiqincə təmin edir. Biz fəal şəkildə çalışmalı, bu istiqamətdə bütün gücümüzü səfərbər etməliyik ki, təhsil müəssisələrində təhsil alan bütün şagirdlərimiz, gələcəyimiz olan gənclərimiz Ulu Öndərin irsinə sədaqətlə və doğma Partiyamızın Sədri cənab İlham Əliyevin ali rəhbərliyi ilə günbəgün inkişaf edən Azərbaycanımıza layiqli vətəndaş olsunlar.
Zülfiyyə Mahmudova,
YAP Yevlax rayon təşkilatının əməkdaşı

