Naxçıvandakı hadisələr: Bu siyasi yox, neqativ hallarla mübarizədir
Azərbaycanın digər bölgələrində olduğu kimi, Naxçıvanda da korrupsiya, dövlət vəsaitinin mənimsənilməsi hallarına qarşı sərt tədbirlər görülür. Belə ki, ölkəmizdə korrupsiya, dövlət vəsaitinin mənimsənilməsi hallarına qarşı sərt mübarizə həmişə olub və bu proses indi də davam edir. Bu çərçivədə son bir neçə ildə paytaxtla yanaşı, regionları da əhatə edən mübarizə tədbirləri Naxçıvan Muxtar Respublikasını (MR) da əhatə edir.
Bu baxımdan Naxçıvan MR-da aparılan həbslər korrupsiya, dövlət vəsaitinin mənimsənilməsi ilə mübarizə tədbirlərinin tərkib hissəsidir. Oradakı həbslər digər bölgələrdə və strukturlarda analoji pozuntularla bağlı tədbirlərdən heç nə ilə fərqlənmir.
Naxçıvan gömrüyündə korrupsiya sisteminin miqyası olduqca böyükdür. Burada bir neçə ay əvvəl Prezident İlham Əliyev tərəfindən vəzifəsindən azad edilmiş Dövlət Gömrük Komitəsinin (DGK) keçmiş sədri Səfər Mehdiyevdən qalma oturuşmuş korrupsiya sistemi mövcud olub. Belə ki, S. Mehdiyev 2004-cü ildən Komitənin sədr müavini, 2006-cı ildən sədrin birinci müavini, 2018-ci ildən cari ilin iyul ayının 16-na qədər sədri idi. 2022-ci ilin iyul ayında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən DGK-də bir neçə dəfə əməliyyat aparılıb. Əməliyyatlar nəticəsində Komitənin generalları, vəzifəli şəxsləri saxlanılıb.
MR-nın keçmiş Gömrük Komitəsində aparılmış araşdırmalar onu göstərib ki, Naxçıvana gətirilən mallarda külli miqdarda gömrük rüsumları və vergidən yayınma halları var. Təsadüfi deyil ki, MR-da adambaşına düşən ümumi istehlak payı Azərbaycanın digər bölgələrindəki göstəricidən 10 faiz az göstərilib. Əslində isə bu 10 faizlik fərq əslində Naxçıvana malların gömrük nəzarətindən yayındırılması, sadə dildə desək, “yeyinti” ilə bağlı olub.
Təkcə bir faktı demək lazımdır ki, hər il Naxçıvan MR-ya yerli büdcəsinin xərclərini qarşılamaq üçün dövlət büdcəsindən 500 milyon manata qədər dotasiya ayrılır. MR-nın yerli gəlirləri isə 180 milyon manat göstərilir. Ancaq təkcə gömrükdə 132 milyon manat mənimsəmə faktının aşkar edilməsi onu göstərir ki, Naxçıvanın MR-nın gəliri kimi göstərilən bu göstərici real rəqəm deyil. Söhbət ondan gedir ki, cinayət işi üzrə araşdırmalar ləğv edilmiş Komitədə “xüsusilə külli miqdarda” mənimsəmənin üstünü açıb. Belə ki, Naxçıvan MR-nın keçmiş Gömrük Komitəsinin Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi Mənsur Əsgərov qabaqcadan əlbir olan bir qrup şəxs halında 132 milyon manat dövlət vəsaitini mənimsəməkdə ittiham olunur. İttihamın mahiyyətindən görünür ki, keçmiş Komitənin vəzifəli şəxsləri dövlət gömrük rüsumlarının rəsmiləşdirildiyi ümumi elektron sistemdən əlavə, rəsmiləşdirilmədən idxal olunan mallara görə qeyri-rəsmi ikinci yığım sistemi yaradıblar.
Təkcə gömrükdə aşkar edilmiş bu mənimsəmə faktı, eyni zamanda, MR-dakı ümumi yeyinti və mənimsəmənin səviyyəsini təxmin etməyə imkan verir.
Bütün bunlar onu göstərir ki, burada hər hansı siyasi çalar, məna axtarmağa ehtiyac yoxdur. Həmçinin digər dövlət qurumları kimi, Gömrük Komitəsinin də Naxçıvanda birbaşa tabeliyində olan idarə formalaşdırması normal praktikadır və təəccüblü deyil. Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə Naxçıvan MR-nın Gömrük Komitəsinin ləğv edilərək Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan Naxçıvan Baş Gömrük İdarəsi yaradılması dövlət vəsaitinin mənimsənilməsi hallarına qarşı mübarizə xarakteri daşıyır.
Bu gün Naxçıvan MR-da quruculuq və abadlıq işləri birbaşa Prezident İlham Əliyevin apardığı siyasətin əsas tərkib hissəsidir. Bu məqsədlə Naxçıvana dövlət büdcəsindən vəsait də ayrılır. Lakin ölkə təcrübəsindən irəli gələrək onu demək mümkündür ki, bu məsələdə sui-istifadə, mənimsəmə hallarına yol verənlər sərt cəzalandırılacaqlar.

