Cəmiyyət 

Gəncləri cinayət törətməyə nələr sövq edir? – SOS

Təəssüflər olsun ki, son illərdə gənclərin kriminal hadisələrdə iştirakının sayı kəskin artıb. Bu hal ailələrdə təşviş yaradır, cəmiyyətdə ciddi müzakirələrə səbəb olur. Bu narahatlığı doğuran amillər isə bir deyil, iki deyil…Bir çox valideynlər “patı”nın artıq məktəblərdə də yayılmasından həyəcanla danışırlar. Uşaqların məktəbdən yayındırılıb ağır fiziki əməyə cəlb edilməsi faktları var ki, bu da onları bir çox hallarda cinayət törətməyə doğru aparır. Qanun pozuntularının sırasında gənclərin intihar etmələri, narkotikə qurşanmaları və adam öldürmələri gecikdirilməyən təsirli tədbirlər görülməsini tələb edir. Bəs necə olur ki, gənclər bu cür təhlükəli cinayətlərə yuvarlanırlar?

Təbii ki, bu suala bir-iki cümlə ilə cavab vermək olmaz. Çünki onların səbəbi geniş və müxtəlifdir. Hamının bildiyi kimi, uşaqların tərbiyəsi ailədən başlayır, məktəbdə və cəmiyyətdə davam edir. Tərbiyə çətin,  uzun və  mürəkkəb bir prosesdir. Elə ailələr var ki, uşaqlarını guya çox istəməkdən ərköyün, pula həris, az işləyib çox qazanmaq və ya əməyə xor baxmaq, xudpəsənd və s. neqativ yollara aparıb çıxarırlar. Bəzi valideynlər oğlan uşaqlarını təhdid edərək “bu evə döyülüb gəlmə, döy, gəl” kimi əcaib “öyüd-nəsihət” verirlər. Bəyəm indi döymək, qoçuluq etmək vaxtıdırmı? Bununla da uşaqları düz yoldan sapdırır, kriminal aləmə istiqamətləndirirlər. Elə valideynlər də var ki, məktəbli uşağı oxumadığı üçün tənbeh edən müəllimə hücum edir, uşağına haqq qazandırır, beləliklə də həmin uşağın savadsız, özbaşına və dikbaş böyüməsinə “münbit” şərait yaradır. Ancaq bunlar hələ hamısı deyil, cəmiyyətimizi saran ictimai təhlükəli meyillər daha çoxdur.

Çox təəssüf ki, Bakının keçmiş “Sovetski”, “Papanin”, “Vorovski”, “Kubinka” kimi ərazilərində, Nardaran və Maştağa kəndlərində vaxtilə tügyan edən narkomaniya indi də davam etməkdədir. Narkotikə aludə olanlar onun alveri ilə “çörək pulu” qazanır, həm də “dəmlənirlər.” Təəssüf ki, ölkəmizdə “ag ölüm”ə aludə olanların sayı az deyil. Bir vaxtlar bölgələrdə barmaqla sayılacaq qədər narkotik maddələrdən istifadə edənlər vardısa, indi onların sayı dəfələrlə artıb. Ölkəmizin cənub bölgəsində isə vəziyyət daha pisdir.

Mütəmadi narkotik qəbul edən, heç yerdə işləməyən, yəni tüfeyli həyat sürən 20-40 yaşlarında kişilər əlli yaşı haqlaya bilmirlər. “Sovetski”də 35-38 yaşlarında bir həftənin içərisində iki cavan adamın dozadan artıq narkotik qəbul etdikləri üçün boğulub ölmələri buna sübutdur. Belələrinin bədbəxtliyi ondadır ki, səhvlərini başa düşmür və etiraf etmirlər. “Nəşə kişi yeməyidir” deyib bununla hələ bir fəxr də edirlər. Düzdür, son aylar polis bu yerlərdə əməliyyat keçirərək onlarla narkomanı saxlayıb barələrində inzibati tədbirlər görüb. Bu əməliyyatlarda otuz beş yaşlı sabiq polis işçisinin də yaxalanması təəssüf doğurur. Ancaq bu da fayda vermir, üc-dörd aylıq müalicədən sonra əməllərini yenə də davam etdirirlər.

Bir neçə gün əvvəl Şağan Olimpiya Kompleksində 2002-ci il təvəllüdlü Ruslan Səfixanov şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı 2006-cı il təvəllüdlü idmançı Turan Rüstəmova bıçaqla xəsarətlər yetirərək onu öldürüb. Bu acı xəbər hamımızda dərin təəssüf doğurdu. Bir gənc həyatdan getdi, digərinin isə əli qana batdı və bu cinayətinə görə uzun müddət həbsxana həyatı yaşamalı olacaqdır. İstintaq zamanı məlum olub ki, Ruslan Səfixanov bu ağır cinayəti alkoqollu içkinin və narkotikin təsiri altında törədib. Özü də heç bir ciddi səbəb olmadan.

Əgər bir il ərzində baş verən bu cür cinayətləri araşdırmış olsaq, bu zaman acınacaqlı bir statistika alınar. Bu, genefondumuza vurulan ağır zərbədir. Sözdə adı  “İslam respublikası” olsa da əməldə İslama zidd gedən İran bax buna görə biz tərəfə mütəmadi olaraq narkotik maddələr axıtmağa cəhd edir.

Biz ayıq olmalı, hər iki düşmənimizə qarşı əks tədbirləri gecikdirməməliyik, həm İranın nəşə ixracatçılarına, həm də “ağ ölüm”ə. Genefondumuzun qorunması varlığımız deməkdir. Aidiyyəti dövlət qurumları cəmiyyətimiz üçün belə təhlükəli meyillərin qarşısının alınması üçün daha kəskin və effektiv tədbirlər görməlidirlər. Bu torpağın çörəyini yeyib, suyunu içənlər vətənpərvər övladlar tərbiyə etməli, bizə diş qıcayan düşmənlərimizi diz çökdürən döyüşçülər yetişdirməlidirlər. Dövri-qədimdən ulu dədələrimiz və nənələrimiz belə ediblər. Ənənəni biz də davam etdirməliyik. Bu, hər bir ailənin Vətən qarşısındakı ən müqəddəs borcudur.

Daha çox xəbərlər