Sülhməramlılar sülhə xidmət edir, yoxsa?…
Ermənistan ərazisindəki toponimlərin mənşəcə türklərə məxsus olduğu danılmaz həqiqətdir. Elmə yaxşı məlumdur ki, ermənilər Cənubi Qafqazın aborigen əhalisi deyil, gəlmə etnosdur. Azərbaycan xalqının ulu babaları hələ ermənilərin Asiyada peyda olmasından çox-çox əvvəllər Cənubi Qafqaz da daxil olmaqla, böyük bir regionda yüksək mədəniyyət formalaşdırmış, Arazdan cənubda Manna və Atropatena, şimalda isə qüdrətli Albaniya dövlətini yaratmışlar. Azərbaycan Albaniya dövləti Araz çayından şimaldakı bütün Azərbaycan torpaqlarını, o cümlədən tarixi Qarabağ da daxil olmaqla, Araz və Kür çayları arasındakı ərazini əhatə edirdi. Belə ki, 1918-ci ilədək Cənubi Qafqaz ərazisində heç bir erməni dövləti olmamışdır. Tarixi reallıq və ilk mənbələrin təsdiq etdiyi həqiqət belədir!
Bu gün Cənubi Qafqazda başlıca gərginlik ocağı olan erməni dövlətinin yaradılması ideyasının əsası lap yaxın dövrdə – XIX əsrin əvvəllərində Rusiya imperiyasının regionu ələ keçirmək məqsədilə İran və Türkiyəyə qarşı apardığı işğalçılıq müharibələri dövründə qoyulmuşdur. “Erməni vilayəti”nin yaradılmasından sonra əzəli Azərbaycan ərazisində bura Çar Rusiyası tərəfindən köçürülüb gətirilmiş ermənilər etnik təmizlənmə siyasətinə başladı. Azərbaycan xalqını öz ata-baba torpaqlarından məhrum etmək məqsədilə ona qarşı saysız-hesabsız deportasiyalar və soyqırımları həyata keçirildi. Nəticədə Azərbaycan torpaqlarında kütləvi surətdə ermənilər məskunlaşdırıldı. Beləliklə, Cənubi Qafqazda tarixdə ilk dəfə olaraq Azərbaycan torpaqları hesabına erməni dövləti yaradıldı. Erməni millətçilərinin indiki Ermənistan (tarixi Qərbi Azərbaycan) ərazisində azərbaycanlılara məxsus mənəvi sərvətlərə qarşı davamlı olaraq həyata keçirdikləri soyqırımı nəticəsində on minlərlə tarixi adı dəyişdirilərək erməniləşdirilmişdir. Belə ki, Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra 1935-ci ilədək orada 190-dan artıq azərbaycanlı yaşayış məntəqələrinin adları dəyişdirilmişdir. Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ ərazisində 212 yaşayış məntəqəsinin adı dəyişdirilərək erməniləşdirilib. Ermənilər bununla yanaşı, tarixi Azərbaycan ərazisində olan 112 hidronimləri dəyişdirərək erməniləşdiriblər. Ümumilikdə isə ermənilər qədim dövrdən indiyədək Azərbaycan torpaqları olan indiki Ermənistan ərazisində 500-ə yaxın yaşayış məntəqəsinin adını dəyişdiriblər. Hazırda Ordubad rayonunda olan Nəsirvaz kəndinin qədim erməni kəndi olduğunu iddia edirlər. Halbuki “Qafqaz 1903-cü il” xəritəsində qədim Azərbaycan adları Karvansaray (Razdan), Yeni Bəyazid (Kəvər), Sərdərabad (Armavir), Qəmərli (Artaşat), Molla Dursun (Şaumyan), Aşağı Qaranlıq (Martuni), Basarkeçər (Vardenis), Soylan (Vayk), Gözəldərə (Vanadzor), Hamamlı (Spitak), Dərəçiçək (Saxkadzor) və s. aydın göstərilib. Bəli, hər sahədə Ermənistanın işğalçılıq siyasəti, təcavüzkarlığı aydın görünür. Vaxtilə işğalda saxladıqları Dağlıq Qarabağ və ətrafında olan rayon, kəndlərimizə verdikləri adlara diqqət edin: Ermənistanın “xəritələrində” Kəlbəcər rayonunu “Karvaçar”, Laçın rayonunu “Berdzor”, Cəbrayıl rayonunu “Djrakan”, Zəngilan rayonunu “Kovsakan”, Qubadlı rayonunu “Snasar”, Ağdərə bölgəsini “Mardakert”, Şuşanı “Şuşi”, Xankəndini “Stepanakert”, Füzuli rayonunu “Varanda”, Xocavənd rayonunu “ Martuni”, Ağdam rayonunu “Akna”, Xocalını “İvanyan” kimi qeyd etmişdilər.
Bu gün Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli iradəsi və rəhbərliyi ilə müzəffər Ordumuz doğma torpaqlarımızı erməni vandallarının əsarətindən azad edib. Ermənilərin tarixi yurd yerlərimizə verdikləri eybəcər adlar da özləri kimi cəhənnəmə vasil olub. Lakin buna baxmayaraq Qarabağın dağlıq hissəsinə müvəqqəti nəzarət edən, ermənilərə hər cür dəstək verən Rusiya sülhməramlı qüvvələri Azərbaycana qarşı açıq-aşkar təxribatçı mövqe sərgiləməkdə davam edirlər. Belə ki, sülhməramlılar onlara Qarabağın yaşayış məntəqələrinin Azərbaycan toponimlərinə uyğun adlı siyahı və xəritə verilməsinə baxmayaraq, rəsmi press-relizlərdə Azərbaycana məxsus əraziləri qondarma erməni adları kimi təqdim edirlər. Azərbaycanın Müdafiə Nazirliyi ardıcıl bir neçə dəfə Rusiya sülhməramlı kontingentinin komandanlığına müraciət etsə də təəssüf ki, bu məsələyə hələ də etinasız yanaşılır. “Azərbaycan Respublikası ərazisindəki yaşayış məntəqələrimizin adlarının uydurma erməni toponimləri ilə qeyd olunması, o cümlədən “Dağlıq Qarabağ ərazisi” ifadəsinin işlənməsinin yolverilməz olduğunu bir daha xatırladırıq. Yenə də Rusiya Federasiyasının sülhməramlı kontingentini rəsmi məlumatlarında qeyd etdiyimiz yanlış ifadələrdən istifadə etməməyə çağırırıq. Bir daha israrla bildiririk ki, Rusiya Federasiyasının Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində dərc olunan Rusiya Federasiyasının sülhməramlı kontingentinin 30.11.2022-ci il tarixli rəsmi məlumatında “Dağlıq Qarabağ ərazisi” kimi qeyd olunan ərazi Qarabağ iqtisadi rayonudur, “Mardakert” və “Martuni” kimi adlandırılan Azərbaycan yaşayış məntəqələrinin rəsmi adları isə müvafiq olaraq AĞDƏRƏ və XOCAVƏNDDİR”, – deyə məlumatda bildirilib.
Aydındır ki, Qarabağın dağlıq hissəsinin Azərbaycanın ərazi bütövlüyünə daxil olduğu BMT tərəfindən təsdiqlənib. Beynəlxalq səviyyəli parlament assambleyaları da həmin ərazilərin Azərbaycana məxsus olmasını rəsmən qəbul ediblər. Elə Rusiyanın özü də Qarabağın Azərbaycana məxsus olduğunu qəbul edib. Buna baxmayaraq Rusiya sülhməramlıları 2020-ci il noyabrın 10-dan imzalanmış üçtərəfli Bəyanata hörmətsizlik nümayiş etdirir, separatizmə dəstək vermiş olur. Bundan ruhlanan erməni revanşist qüvvələri bölgədə sülhə, əmin-amanlığa təhdid yaradırlar. Sülhməramlıların qərəzli fəaliyyəti onların missiyasına tamamilə ziddir. İkinci Qarabağ müharibəsindən sonra regionda vəziyyətin normallaşması, sülh şəraitinin yaranması üçün Azərbaycan tərəfindən bir çox təşəbbüslər göstərilsə də, Rusiya sülhməramlılarının bu pozuculuq və vəziyyəti gərginləşdirmə cəhdləri regionda sülhü dəstəkləməyən hərəkətlərdir. Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin komandanlığının bu təzadlı addımları isə Azərbaycan ictimaiyyətində haqlı narazılıqla qarşılanır.

