Gündəm 

Şərəfli tarixi yol əbədi olacaq

Prezident İlham Əliyevin YAP-ın 30 illik yubileyi münasibətilə Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edən şəxsləri təltif etməsi partiyaya göstərilən diqqət və qayğının, böyük etimadın növbəti bariz nümunəsidir

Yeni Azərbaycan Partiyasının (YAP) 30 illik yubileyi günlərində keçdiyi yola nəzər salaraq inamla bu sözləri deyə bilərik: “YAP-ın dünəni şərəfli, bu günü qürurlu, sabahı isə parlaq və işıqlıdır!” 30 il ərzində YAP şərəfli mübarizə və inkişaf yolu keçərək möhtəşəm, monolit siyasi qüvvəyə çevrilib. Bu partiya xalqımızın həyatında, dövlətimizin möhkəmlənməsində, azərbaycançılıq ideyasının və milli birliyin təmin edilməsində böyük tarixi missiya yerinə yetirib. Xalqın dahi şəxsiyyət, ümummilli lider Heydər Əliyevə inamının ifadəsi olaraq yaranmış Yeni Azərbaycan Partiyası Azərbaycanın çətin dövründə dövlətçiliyimizin xilas edilməsi, müstəqilliyimizin qorunub saxlanılması məqsədi ilə monolit siyasi bir qüvvə olaraq ortaya çıxmışdır.

Yeni Azərbaycan Partiyası 30 il ərzində mübarizələrlə dolu şərəfli və qalibiyyətli Zəfər yolu keçib. 1992-ci il noyabrın 21-də Naxçıvan Muxtar Respublikasında olduqca mürəkkəb və çətin tarixi şəraitdə təsis edilən YAP müxalifət partiyası kimi yaransa da heç vaxt dövlətçiliyə, Vətənə, xalqımıza qarşı müxalifətdə olmayıb. Partiyanın yarandığı dövr Azərbaycan dövlətçiliyinin təhlükədə olduğu, ölkənin dərin hərbi, siyasi-iqtisadi böhran içərisində çabaladığı, xalqın sabahına inamının az qala itdiyi günlərə təsadüf edir. Sovetlər İttifaqı dağıldıqdan sonra öz müstəqilliyini elan etmiş Azərbaycan Respublikasında xarici müdaxilələr və daxili çəkişmələr, ən əsası isə hakimiyyətdə olan və hakimiyyətə iddialı siyasi güclərin səriştəsizliyi səbəbindən ağır, çoxvektorlu böhran yaranmışdı.

Belə bir zamanda xalqın yeganə ümidi görkəmli ictimai-siyasi xadim, təcrübəli, uzaqgörən, qətiyyətli rəhbər kimi tanıdığı və sevdiyi ulu öndər Heydər Əliyev idi. Azərbaycanın müxtəlif yerlərindən hər gün minlərlə insan o zaman Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olan Heydər Əliyevə müraciət edərək ölkəni böhran vəziyyətindən, xaosdan və anarxiyadan qurtarmaq üçün tədbirlər görməsini xahiş edirdi. 1992-ci ilin 16 oktyabrında “Səs” qəzetində sonralar tarixə “91-lər hərəkatı” kimi düşmüş Azərbaycan ziyalılarının Heydər Əliyevə “Azərbaycan Sizin yolunuzu gözləyir” başlıqlı müraciəti dərc olundu. Müraciətin sonunda deyildiyi kimi, respublikanın müxtəlif bölgələrindən olan ziyalılar həm öz adlarından, həm də təmsil olunduqları bölgənin sadə insanlarının adından yeni yaradılacaq partiyaya rəhbərlik etməyi Ulu Öndərdən xahiş edirdilər. Ziyalıların müraciətinə Heydər Əliyev 24 oktyabr 1992-ci il tarixdə “Səs” qəzetində dərc edilmiş “Yeni, müstəqil Azərbaycan uğrunda” başlıqlı məktubla cavab verdi. Ümummilli lider Heydər Əliyev kimi dahi siyasi xadimin qələmindən çıxmış bu cavab məktubu əslində o dövrdə Azərbaycanı düşdüyü böhran vəziyyətindən çıxarmağın lakonik konsepsiyası, Yeni Azərbaycan Partiyasının proqramının əsas müddəaları idi.

Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə 1992-ci ilin 21 noyabr tarixində qədim Naxçıvan torpağında təsis edilən Yeni Azərbaycan Partiyası qısa müddət ərzində Azərbaycanın bütün bölgələrində təşkilatlandı, tanındı və nüfuzlu siyasi qüvvəyə çevrildi. Bu illərdə ümummilli lider Heydər Əliyevin çox dəqiq ifadə etdiyi kimi, YAP-ın sıralarına qoşulan hər kəs könüllü şəkildə öz arzu və inamına uyğun olaraq saf və təmiz niyyət ilə bu yola qədəm qoyurdu. Bu yol isə müstəqil dövlətçiliyin, milli birliyin və inkişafın, xalqımızı böyük zəfərlərə və işıqlı gələcəyə aparan ulu öndər Heydər Əliyevin yolu idi.

Qısa müddət ərzində Azərbaycan möhtəşəm inkişaf səviyyəsinə çataraq dünyada nüfuzlu dövlətə çevrildi. YAP-ın təsis konfransında və bütün Qurultaylarında əlavə və dəyişikliklərlə qəbul olunan, yenilənən nizamnamə və proqramınlarında bəşəri ideyalar ortaya qoyulub. Bunlar dövlətçilik, milli birlik, humanizm, ədalət və siyasi qüvvələrin vəhdətidir. Dünyada belə ideyalar demək olar ki, bütün mütərəqqi qüvvələrin nizamnamə və proqramlarında öz əksini tapır. Amma heç də bütün partiyalar nizamnamə və proqramlarında irəli sürülən ideyaları həyata keçirə bilmirlər. YAP-ın böyük uğuru və xoşbəxtliyi ondan ibarətdir ki, partiyanın Sədri Prezident İlham Əliyevin dediyi kimi, “Bizim siyasətimiz bizim işimizdir.”

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin və xalqımızın qarşısında dayanan ən böyük tarixi missiya 2020-ci ildə şərəflə yerinə yetirildi. 44 günlük Vətən müharibəsi nəticəsində Ermənistanın işğalçı ordusu darmadağın edildi, torpaqlarımız işğaldan azad olundu, ərazi bütövlüyümüz təmin edildi. 2020-ci ilin 10 noyabr tarixindən müstəqil, bütöv Azərbaycan dövlətinin tarixində yeni dövr başlayıb, daha yüksək hədəflər qarşıya qoyulub.

YAP-ın 2021-ci il martın 5-də keçirilən VII qurultayı Azərbaycanın davamlı inkişafı və müasir dövrün çağırışları kontekstində partiyanın qarşısına yeni vəzifələr qoyub. Bu qurultayda YAP Sədrinin tapşırığına əsasən partiyanın yeni Proqramının hazırlanması üçün İşçi qrupu yaradılmışdı. İşçi qrupunun hazırladığı yeni Proqram layihəsi ətraflı müzakirələrdən sonra YAP İdarə Heyətinin 2021-ci il 29 dekabr tarixli iclasında təsdiq edilib. Partiyanın 5 fəsildən ibarət yeni Proqramında Yeni Azərbaycan Partiyasının siyasi dəyərlər və prinsiplər sistemində 10 strateji istiqamət müəyyən olunub. Bunlar Heydər Əliyev yolu, müstəqillik, azərbaycançılıq, dövlətçilik, qanunun aliliyi, varislik və təkamül, konstruktiv əməkdaşlıq və dialoq, sosial ədalət və insan amili, multikultural cəmiyyət və demokratik ənənələrin inkişafı istiqamətləridir.

Bütün bunlarla bərabər Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının hər bir üzvünü diqqətdə saxlayır. Dövlətimizin başçısı Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edən şəxslərə diqqət və qayğı, böyük etimad göstərir. Partiyanın fəal üzvləri, veteranları, gəncləri mütəmadi olaraq orden və medallarla təltif edilir, həmçinin mükafatlandırılır. Prezident, YAP-ın Sədri İlham Əliyevin ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan, yaranması və fəaliyyəti müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan Yeni Azərbaycan Partiyasının təsis olunmasının 30 illik yubileyi münasibətilə “Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak edən şəxslərin təltif edilməsi haqqında” 30 noyabr 2022-ci il tarixli  Sərəncamı da bu qəbildəndir. Sərəncama əsasən 1 nəfər 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, 6 nəfər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, 51 nəfər “Tərəqqi” medalı ilə, 5 nəfər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”, 2 nəfər “Əməkdar jurnalist” fəxri adı ilə, 3 nəfər isə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü ilə təltif edilib. Dövlət başçısının yüksək etimadı böyük məsuliyyət, gələcək fəaliyyət üçün  çağırışdır.

Yeni Azərbaycan Partiyası hələ uzun illər dövlətimizin qüdrətlənməsində və xalqımızın rifahının güclənməsində öz təşəbbüskar vəzifəsini uğurla həyata keçirəcək. İnanırıq ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası daha böyük uğurlara imza atacaq, gözəl Vətənimiz Azərbaycan dünyanın cənnət məkanına çevriləcək.

Daha çox xəbərlər