Sülhə yamaq «məramlılar»
Onlar hansını seçəcəklər: Şapkanı, yoxsa yumurtanı?…
İkinci Qarabağ müharibəsindən dərhal sonra 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli Bəyanata uyğun Azərbaycan ərazilərində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinin qırmızı ulduzlu əsgərlərinin vəzifəsi tərəflər arasında təhlükəsizliyi təmin etmək, bölgədə təxribatların qarşısını almaq idi. Amma biz sayan yox, fələk sayan oldu. Sən demə, guya sülhə xidmət edəcək, amma adı ilə əməli uyğun gəlməyən «məramlılar»ın sabitliyin təminatı ilə məşğul olmaları bölgəyə yerləşmək üçün bir bəhanə, gediş imiş. Torpaqlarımızda yerlərini bərkitdikdən sonra «Özümə yer edim, gör sənə nə edim» məsəlinə uyğun azərbaycanlılara asi düşdülər. Rusiya hərbçiləri Qarabağda sülhə mane olan əməllərə yol verməklə Azərbaycana qarşı əsrlərlə davam etdirdikləri qeyri-səmimi münasibətlərini təkrarlayırlar. Adı çəkilən Bəyanata əsasən, sülhməramlı kontingent Azərbaycanın Qarabağ bölgəsinə yerləşdiriləndə paralel olaraq qanunsuz erməni silahlı qüvvələrinin çıxarılmasını da təmin etməli idi. Lakin Vətən müharibəsindən sonra təxribatlarının sayını artıran erməni silahlılarına «Gözün üstə qaşın var» deməyən sülhə yamaq «məramlılar» əksinə bu torpağın əsl sahiblərinə, azərbaycanlılara göz verib, işıq vermirlər. Təhlükəsizliyin qorunmasında tərəfsiz mövqe göstərməli olan rus hərbçiləri müvəqqəti nəzarət etdikləri yollarda azərbaycanlıları təpədən dırnağa qədər yoxladıqları halda, ermənilərin sərbəst hərəkətlərinə «yaşıl işıq» yandırırlar. Azərbaycan nömrəli maşınların « baqajniklərinə» burunlarını soxan sülhməramlılar iri tutumlu yük maşınları ilə Ermənistandan, İrandan Xankəndiyə gətirilən silah-sursatları «görmürlər.» İşğaldan azad olunmuş Azərbaycan ərazilərində minaları rahatca basdıran erməni terrorçularından « xəbərsiz» rus hərbçiləri sülh sazişinin imzalanması üçün tərəflər arasında etimad mühiti yaratmalı olduqlarını da «unudurlar.» Azərbaycan hərbçilərinin yerləşdikləri mövqelərə atəş açan, bomba atan erməni terrorçuları barədə heç bir cəza tədbiri görməyərək onları sərbəst şəkildə Ermənistana təhvil verirlər. Sumqayıt hadisələri zamanı olduğu kimi.
Narahatlıq doğuran, Azərbaycan ictimaiyyətinin etirazına səbəb olan məsələlərdən biri də Rusiya Müdafiə Nazirliyinin xəritələrində Azərbaycan əleyhinə ciddi yanlışlıqlara yol verilməsidir. Azərbaycanın tarixi yer adlarının erməniləşdirilməsi sahəsində imperiyadan qalma siyasətlərini davam etdirən Rusiya Federasiyasının sülhməramlı kontingentinin rəsmi məlumatlarında Azərbaycan ərazilərinin adlarının «yanlış» qeyd edilməsi elə tərəflər arasında narazılığı gücləndirməyə yönəlmiş təxribatların tərkib hissəsidir. Bəlkə sülhməramlı kontingentin 01.12.2022-ci il tarixli rəsmi məlumatında «Dağlıq Qarabağ ərazisi» ifadəsinin işlədilməsi də «bilməyərəkdən yol verilmiş» səhv imiş? Nəzərə alaq ki, Brüssel, Soçi görüşlərində qəbul olunmuş bəyanatların heç birində «Dağlıq Qarabağ» sözü işlədilməyib. Adı çəkilən məlumatda «Mardakert»”, «Martuni», «Madagiz» və «Getavan» kimi adlandırılan ərazilər Azərbaycana məxsusdur və yer adları rəsmi olaraq bu cür yazılmalıdır: Ağdərə, Xocavənd, Suqovuşan və Qozlukörpü. Azərbaycan ərazilərinin bu cür qondarma adlarla göstərilməsi sülhə xidmət yox, müharibəyə qızışdırıcı çağırışdır.
Ermənipərəst mövqeyi ilə sabitliyin bərpasına bilərəkdən mane olan Rusiya Müdafiə Nazirliyinin informasiya bülletenlərində guya, Milli Ordumuzun atəşkəsi pozmasına dair böhtan xarakterli məlumatlar səxavətlə yerləşdirilir. Qeyri-qanuni erməni dəstələrinin atəşkəsi pozmasına, işğaldan azad edilmiş ərazilərimizdə separatçıların yerləşdirdikləri minalara dair Azərbaycan Müdafiə Nazirliyinin təqdim etdiyi faktlar isə gizlədilir. Belə çıxır ki, Sarıbaba yüksəkliyinə yerləşdirilən minaları yadplanetlilər basdırıb. Erməni terrorçularını İranın əbaları altında gizlədən Rusiya sülhməramlıları qanunsuz erməni silahlı dəstələrinin təxribatlarını görməzdən gəlirlər. Elə bu səbəbdəndir ki, sülh sazişini imzalamağa «tələsməyən», sülhməramlıların Qarabağda qalmaq mandatının müddətinin nəzərdə tutulduğundan da artıq, qeyri-müəyyən vaxta qədər uzadılmasında maraqlı olan Ermənistanın başsız naziri Nikol Paşinyan bu istəklərini rəsmən açıqlayır.
Narahatlıq yaradan üzücü məqamların şahidi olan və 30 il ermənipərəst dairələrin ölkəmizə qarşı ikili standartlardan yanaşma siyasətinin ağrı –acısını 30 il çəkən xalqımızın « Azərbaycan üçün sülhməramlı qüvvələr lazımdırmı» sualına cavabının birmənalı olması da təbiidir: «Yox!» Əvvəllər əbədi işğalın xəyalı ilə yaşayan ermənilərin indi əbədi sülhməramlı fəaliyyətə güvənməsi dovşanın filə təpik atmasıdır. Ermənilərin Azərbaycan ərazisindəki bundan sonrakı mövcudluğu yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində əldə edilmiş dayanıqlı sülhlə mümkündür. Yaxşı olar ki, Rusiya sülhməramlıları da bunu anlasınlar.
Erməniləri dəstəkləyənlərin havadarlığı sayəsində 30 il işğal altında qalan torpaqlarımızı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, Silahlı Qüvvələrimizin rəşadəti ilə azad edən Azərbaycan xalqı separatçıların axırıncı tör-töküntülərini də birdəfəlik süpürüb atmaq qüdrətindədir. Bunu Ermənistan kimi, onu dəstəkləyənlər də bilirlər və unutmamalıdırlar. Əgər xəbərsizdirlərsə Prezident İlham Əliyevin bu sözləri ilə onlara mövcud vəziyyəti xatırladaq: «13-14 sentyabr əməliyyatından sonra Azərbaycan-Ermənistan sərhədi istiqamətində əsas strateji yüksəkliklərdə Azərbaycan Silahlı Qüvvələri yerləşib. Ermənistan gözəl anlamalıdır bu, nə deməkdir. Bu gün həmin strateji yüksəkliklərdən Qarakilsə, Qafan, Gorus, İstisu şəhərlərini biz gözlərimizlə görürük. Biz Bala Göyçə gölünün sahilindəyik. Böyük Göyçə gölü də gözümüzün önündədir. Bütün bunlar reallıqlardır. Bu reallıqları biz yaratmışıq, Vətən müharibəsindən sonra. Nə üçün? İlk növbədə, Ermənistanın hərbi təxribatlarına cavab olaraq, digər tərəfdən, özümüzü gələcək hərbi təxribatlardan sığortalamaq üçün. Çünki dediyim yüksəkliklərdən Ermənistanın əksər postları görünür və əgər orada qüvvələrin konsentrasiyası baş verərsə, biz bunu görüb dərhal tədbir görəcəyik. Eyni zamanda, ona görə ki, Ermənistan öz beynəlxalq öhdəliklərini yerinə yetirmir. Ermənistan İkinci Qarabağ müharibəsində məğlub olub, ordusu darmadağın edilib. Məğlub edilmiş ölkə özünü belə apara bilməz. Ona görə bizim bütün addımlarımız əsaslıdır. Düzdür, Ermənistanın bəzi xarici havadarları bizi nədəsə günahlandırmaq istəyirlər. Onların cavabını da mən vermişəm. Yenə də nəsə banlasalar, yenə də cavablarını verərəm. Bu, məni dayandırmaz. Amma fakt odur ki, biz öz haqqımızı tələb edirik və Azərbaycanın haqlı olması böyük beynəlxalq aktorlar tərəfindən sual altına qoyulmur.» Əgər bu sitat da bəs etmirsə «Dəli Kür» filmindən bir fraqmenti də yada salaq. Milli bayramımız Novruz şənliklərini seyr edən Qori seminariyasının müəllimi Çernyayevski ilə rastlaşan, bayramın rituallarından olan yumurta döyüşmə mərcində şansını yoxlayan uşaq əlindəki toyuğu və həmyaşıdlarından udduğu yumurtaları göstərərk deyir: «Urus, bu toyuq bu yumurtaları doğub. Udsan toyuq da yumurtalar də sənindir. Uduzsan şapkavı alacağam!» «Söz vaxtına çəkər» deyiblər. İndi həmin seçimin vaxtıdır: Ya şapka, ya da yumurta!..

