Sosial 

Sosial rifah dövlət siyasətinin strateji xəttidir

2023-cü il üçün dövlət büdcəsinin gəlirləri 30,7 milyard manat proqnozlaşdırılır ki, bu da müstəqillik tariximizdə ən yüksək göstəricidir

Son bir ildə mənfi xarici amillərə baxmayaraq, Azərbaycan iqtisadiyyatında müsbət proseslər davam etməkdədir. Milli iqtisadiyyatımızda qlobal pandemiyadan sonrakı bərpa dövrü artıq arxada qalıb və inkişaf meyilləri artıb. Prezident İlham Əliyevin zamanında iqtisadiyyatın şaxələndirilməsi məqsədilə aldığı mühüm qərarlar və aparılan yeni nəsil islahatlar öz müsbət nəticəsini verir. Belə ki, neftdənkənar iqtisadiyyat üzrə daha yüksək artım dinamikası müşahidə edilir. Bunun nəticəsində büdcə gəlirlərinin artması üçün yeni imkanlar yaranıb. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin verdiyi məlumata görə, layihədə 2023-cü il üçün dövlət büdcəsinin gəlirləri 30,7 milyard manat proqnozlaşdırılır. Bu, müstəqillik tariximizdə ən yüksək göstərici olmaqla, 2022-ci illə müqayisədə 5,2 faiz, 2021-ci illə müqayisədə isə 16,4 faiz artım deməkdir. 2023-cü il üçün dövlət büdcəsinin gəlirlərinin strukturunda qeyri-neft sektoru üzrə gəlirlər 14,4 milyard proqnozlaşdırılıb ki, bu da 2022-ci illə müqayisədə 5,6 faiz, 2021-ci illə müqayisədə isə 12,2 faiz çoxdur.

Milli Məclisdə 2023-cü il dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilərkən göstərildi ki, bu mühüm sənəddə ölkənin sosial sisteminin yeni dövrün tələblərinə uyğunlaşdırılması, ərzaq təhlükəsizliyinin təmin edilməsi, əhalinin həyat tərzinin  daha da yaxşılaşdırılması, aztəminatlı ailələrin sosial müdafiəsinin getdikcə gücləndirilməsi,  iqtisadiyyatın və cəmiyyətin rəqəmsal transformasiyası prioritet vəzifələr kimi müəyyənləşdirilib. Əvvəlki illərdə olduğu kimi, 2023-cü ilin dövlət büdcəsi də sosialyönlüyü ilə diqqəti cəlb edir. Növbəti  ildə bu məqsədlə 15,2 milyard manat vəsait ayrılması nəzərdə tutulur ki, bu da 2022-ci illə müqayisədə 1,3 milyard manat və ya 9,3 faiz çoxdur. Gələn il ehtiyac meyarının həddi 2022-ci illə müqayisədə 23 faiz artaraq, 246 manata çatacaqdır. Bununla da 2023-cü ildə ölkə üzrə yaşayış minimumu və ehtiyac meyarının hədləri bərabərləşəcəkdir. Bu da əhalinin həyat tərzinin daha da yaxşılaşdırılacağından xəbər verir.

Dövlət Sosial Müdafiə Fondunun 2023-cü il üçün gəlirləri və xərcləri bərabər olmaqla 6,2 milyard manat proqnozlaşdırılır. Bu, cari ilin büdcəsinə nisbətən 657,7 milyon manat və ya 11,7 faiz  çoxdur. Qeyd edək ki, əmək pensiyalarının orta aylıq məbləği 2020-ci ildə 302 manat, 2021-ci ildə 332 manat, 2022-ci ildə 371 manat təşkil edib, 2023-cü ildə isə 423 manat təşkil edəcəyi proqnozlaşdırılır. Beləliklə, son 4 ildə əmək pensiyalarının orta aylıq məbləği 120 manatdan çox artıb. Növbəti ildə yaşa görə, əlilliyə görə, ailə başçısını itirməyə görə pensiyalarda artım nəzərdə tutulub. İşsizlikdən Sığorta Fondunun növbəti ildə gəlirləri və xərcləri bərabər olmaqla, 212,7 milyon manata çatacağı nəzərdə tutulub. Bu isə cari ildəkindən 31,3 milyon manat, yaxud 17,3 faiz çoxdur.

Növbəti ildə də özünüməşğulluq layihəsi davam edəcək. Bu proqram çərçivəsində 2023-cü ildə 10 min 600 nəfərin, daha 6 min nəfərin isə Dünya Bankının layihəsi ilə özünüməşğulluq təlimlərinə cəlb olunması nəzərdə tutulur.  İşsizlikdən Sığorta Fondunun büdcə layihəsi 2023-cü ildə sığorta olunanların itirilmiş əməkhaqlarının kompensasiya edilməsinə, özünüməşğulluq, peşə hazırlığı və peşəyönümlü tədbirlərin keçirilməsi, ictimai-sosial işlərin və bir sıra digər xidmətlərin  maliyyələşməsi üçün optimal maliyyə əsasları yarada biləcək.

Büdcə layihəsində ölkəmizin 2030-cu ilədək olan strateji mərhələ üçün müəyyənləşdirilən prioritetlərinə uyğun olaraq xərc istiqamətləri də öz əksini tapıb. İndiki mərhələdə Vətən müharibəsində işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın təmin edilməsi ölkəmizin gündəliyində duran 5 prioritetdən biridir. Böyük Qayıdışın layiqli şəkildə təmin edilməsi üçün postmüharibə mərhələsində bəhs olunan ərazilərdə intensiv şəkildə zəruri infrastruktur qurulur, müasir yanaşmalar konsepti əsasında şəhər və kəndlər salınır. Artıq ilk “ağıllı kənd” layihəsinin icrası tamamlanıb və ora sakinlər köçürülüb. Eyni zamanda, bir neçə şəhərin bərpa layihəsi təqdim olunub. Bütövlükdə, işğaldan azad edilmiş ərazilərdə müxtəlif istiqamətlərdə layihələrin icrasına böyük həcmlərdə maliyyə vəsaiti yönəldilir. Layihələrin icrası növbəti ildə də davam etdiriləcək. İşğaldan azad edilmiş ərazilərin bərpası və Böyük Qayıdış planının təmin etdirilməsi 2023-cü ilin dövlət büdcəsinin layihəsində əsas istiqamətlərdən biri kimi nəzərdə tutulub. Belə ki, 2023-cü ildə işğaldan azad edilmiş ərazilərin bərpası üçün 3 milyard manat vəsait ayrılması planlaşdırılıb. Bu, 2022-ci illə müqayisədə 12,4 faiz, 2021-ci illə müqayisədə isə 37,7 faiz çoxdur.

Daha çox xəbərlər