Xaricdə təhsil alacaq hər bir təbələyə nə qədər vəsait xərclənəcək?
Dövlət Proqramı ilə 15 prioritet ixtisas sahəsi üzrə bakalavriat və magistratura səviyyələrində xaricdə gənclərin təhsili üçün imkan yaradılıb
Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2023-cü il büdcəsinin layihəsinə Hesablama Palatasının rəyində bildirilir ki, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” üzrə 2023-cü ildə təhsil alacaq hər bir təbələ üzrə orta illik xərc 51 min manat proqnozlaşdırılır.
Proqramın əhatə etdiyi dövrdə hər il üzrə 400 yer nəzərdə tutulub. Həmin yerlərdən 320-si magistratura, 80-i isə bakalavr təhsili üçün ayrılıb. Sərəncamın 2.1.-ci bəndinə əsasən Proqramın əlaqələndirilməsini təmin edən Elm və Təhsil Nazirliyi tərəfindən 2023-cü ildə bu proqramın maliyyələşdirilməsi üçün ümumilikdə 21,6 milyon ABŞ dolları və yaxud 36,7 milyon manat vəsaitin ayrılması sifariş edilib.
Bu vəsait 2022-ci il proqnozundan 18,8 milyon manat və ya 105%, gözlənilən icra göstəricisindən isə 19,1 milyon manat və ya 108,5% çoxdur. Cari ildə bu xərc istiqaməti üzrə 17,9 milyon manat vəsait ayrılsa da, 9 aylıq icra göstəricilərinə əsasən vəsait istifadə edilməyib. Göründüyü kimi, bu ildən maliyyələşdirilməsi nəzərdə tutulmuş “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” üzrə xərclər növbəti ildən təqribən 2,1 dəfə artırılıb. Artıq Dövlət Proqramı çərçivəsində növbəti ildə daha çox gəncin bu imkanlardan istifadə etməsinə şəraitin yaradılması ilə əlaqədardır.
Prezident İlham Əliyevin 28 fevral 2022-ci il tarixli Sərəncamı ilə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” təsdiq edilib. Həmin Sərəncamın 7-ci bəndi ilə Dövlət Neft Fondu birinci maliyyə mənbəyi kimi müəyyən edilib.
Dövlət Proqramı ilə 15 prioritet ixtisas sahəsi (informasiya texnologiyaları, mühəndislik, statistika və verilənlərin təhlili, fundamental və tətbiqi elmlər, ictimai səhiyyə, təhsil, ətraf mühit, aviasiya və kosmos, dövlət idarəetməsi, nəqliyyat və logistika, energetika, iqtisadiyyat, maliyyə, arxitektura və dizayn, kənd təsərrüfatı) üzrə təhsil müəssisələrində bakalavriat və əsas etibarilə magistratura səviyyələrində Azərbaycan gənclərinin təhsili üçün imkan yaradılıb.
Elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli bildirib ki, 2023-2024-cü tədris ili üzrə Dövlət Proqramı ilə xaricdə təhsil üçün sənəd qəbuluna 2022-ci ilin dekabr ayının əvvəlindən başlanılır: “Proses bu il daha tez başlanılacaq ki, hər kəs üçün əlçatanlıq təmin edilsin. Hamıya bərabər imkanlar yaradılacaq ki, gənclər proqrama müraciət edə bilsinlər.”

