“Qadınlar qeysəriyyə əməliyyatına dəb xatirinə gedirlər” – Həkim
Qeysər kəsiyi kimi tanınan qeysəriyyə əməliyyatı hamiləliyi sonlandırmaq üçün tətbiq olunan cərrahi müdaxilədir. Müasir zamanımızda da geniş yayılmış bu əməliyyatın tarixi qədim dövrdən başlayır. Hazırkı dövrdə qeysəriyyə əməliyyatı ən rahat və ağrısız doğuş növü sayıldığına görə hamilə qadınların əksəriyyəti bu üsulu tərcih edirlər.
Həkim göstərişi olmadan belə hamilələr körpələrini qeysəriyyə kəsiyi ilə dünyaya gətirirlər. Doğuşun operativ növü sayılsa da, qeysəriyyə əməliyyatının bir sıra fəsadları var.
Həkim-ginekoloq Təranə Həsənova BiG.AZ-a açıqlamasında bildiirb ki, hazırda ana olmağa hazırlaşan qadınların bu seçimi ehtiyacdan çox, dəb xarakteri daşıyır:
“Düşünürəm ki, bu, estetik üz, bədən əməliyyatları kimi dəb halına gəlib, yəni lazım oldu-olmadı, hamı burnunu əməliyyat etdirir, dodağını böyüdür və s. Bunlar sosial medianın beynimizə birbaşa təlqin etdiyi şeylərdir. Qeysəriyyə əməliyyatları da sırf təbliğ olunan bir şeydir. Qadınlar qeysəriyyə əməliyyatına dəb xatirinə gedirlər: “Filankəs etdi, mən geri qaldım”, “Kimin arvadından, qızından əksiyəm, filan klinikada o doğdu, mən də məhz orada qeysəriyyə əməliyyatı olunmalıyam”, “Nəyin hesabına olur olsun, ev-eşiyimi satıb, amma filan klinikada mən əməliyyat olunmalıyam”.
Bilirsiniz, bunlarla nə qədər rastlaşıram? Ailə gəlir və həkimi məcbur edir ki, qeysəriyyə əməliyyatına salsın. Deyirik ki, qeysəriyyə əməliyyatı üçün heç bir göstərişi yoxdur. Böyükləri başa salmaq istəyirsən, onlar başa düşmək istəmirlər, yaxud başa düşə bilmirlər. Yəni qəbul edə bilmirlər. Sanki belə də olmalıdır və bunu etməlisən. Mən də deyirəm: “Siz ki, lazım olmayan təqdirdə belə məcbur edirsiniz, etmirəm”.
İstənilən əməliyyatın özünəməxsus fəsadları var. Qeysəriyyə əməliyyatını o zaman aparırıq ki, anada və döldə vacib göstərişlər olsun. O vacib göstərişləri bizə mamalıq, ginekologiya elmi deyir. Onu biz özümüz kəşf etmirik, özümüzdən yaratmırıq. Mamalıq elminin qarşımıza qoyduğu konkret amillər var. Onlara uyğun olaraq, əgər kiminsə hamiləliyində problem varsa, o problemə uyğun olaraq biz onu qeysəriyyə əməliyyatına aparırıq. Əgər bu problem doğuş zamanı və doğuşdan sonra heç bir fəsad törətmirsə, biz hamiləni təbii doğuşa aparırıq. Burada sifariş qəbul olunmur.
Amma çox təəssüf ki, şəxsən mənim gördüklərim çox ürəkağrıdıcıdır. Həkimi divara dirəyirlər ki, “hökmən qeysəriyyə əməliyyatı etməlisən”. Həkim də bunu etməyəndə olur “pis həkim”. Yəni əgər heç bir problem yoxdursa, problemin olmadığını həkim pasiyentə deyir. Bu halda hamiləliyi normal doğuşla başa çatdırmaq lazımdır. Əgər uşağa və ananın həyatına təhlükə yarada biləcək istənilən problem varsa, yalnız o zaman hamiləlik qeysəriyyə əməliyyatı ilə başa çatmalıdır”.

