Cəmiyyət 

Bakının qışı da gözəldir

Əlbəttə ki, bu mövsümə hazır olsaq

Mütəxəssislərin proqnozlarına görə, bizi qarşıda sərt qış ayları gözləyir. Bəs Bakı şəhəri qışa hazırdırmı və yarana biləcək problemlərin qısa müddətdə həlli üçün nələrin edilməsi planlaşdırılır? Bu sualla Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etdik. İcra hakimiyyətinin mətbuat xidmətindən «İki sahil»ə verilən məlumatda bildirilir ki, hər il olduğu kimi, 2022- ci ildə də Bakı Şəhər İcra Hakimiyyətində (ŞİH) payız-qış mövsümünə hazırlıqla bağlı Tədbirlər planı hazırlanıb. Eyni zamanda, bir neçə gün əvvəl Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun rəhbərliyi ilə keçirilən müşavirədə paytaxtda qışa hazırlığın vəziyyəti müzakirə edilib. Müşavirədə rayon icra hakimiyyətləri başçılarına, kommunal təsərrüfatı xidmətləri rəhbərlərinə qışa hazırlıqla bağlı müvafiq qabaqlayıcı tədbirlərin görülməsinə, eyni zamanda, yaradılan qərargah üzvlərinin iştirakı ilə treninqlərin keçirilməsinə dair göstərişlər verilib.

Məlumatda o da vurğulanır ki, hazırda rayonlarda yaradılan qərargahlarda da davamlı olaraq müşavirələr keçirilir: «Məqsəd Bakı ŞİH-in   qurumlarının qışa hazırlıqlarını yoxlamaqdır. Tədbirlər planının icrasına uyğun olaraq rayonların kommunal və təsərrüfat xidmətləri tərəfindən tələbata uyğun duz, lazımi miqdarda inventar – bel, ling və digər alətlərin ehtiyatı yaradılıb. Ərazidə yerləşən idarə və təşkilatların, təhsil və səhiyyə müəssisələrinin rəhbərlərinə  də qışa hazırlıqla bağlı lazımi tədbirlərin görülməsi  tapşırılıb. Bütün bu hazırlıqlara rəğmən demək olar ki, Bakı ŞİH paytaxtın qış problemlərini vaxtında həll etməyə tam hazırdır.»

Qeyd edək ki, qış aylarında əhali üçün digər önəmli məsələ təbii qazın fasiləsiz və normal təzyiqdə verilməsidir. SOCAR-ın «Azəriqaz» İstehsalat Birliyinin (İB) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev də qışa hazırlıqla bağlı  «İki sahil»ə  məlumat verdi: “İlk olaraq onu deyim ki, son dövrlər «Azəriqaz»da «payız-qış aylarına hazırlıq dövrü» deyimi istifadə edilmir. Ona görə ki, İB-in baş direktoru Ruslan Əliyev tərəfindən qarşıya konkret vəzifə qoyulub ki, ilin bütün fəsilləri qışa hazırlığa xidmət etməlidir. Yəni, «soyuqların düşməsinə bir ay qalıb» deyə tez xətləri yoxlamaq ənənəsi  artıq geridə qalıb. Ona görə də ilin bütün dövrlərində daşıyıcı boru xətləri, küçə xətləri daim yoxlanılır, korroziya almış xətlər istismardan çıxarılır, onların yenisi ilə əvəz olunması prosesi gedir. Həmçinin korroziyanın qarşısının alınması məqsədi ilə ənglənmə işləri həyata keçirilir və təzyiqin sabit saxlanması üçün əlavə mexanizmlər qurulur. Eyni zamanda, bir sıra ərazilərdə yeraltı xətlərin yerüstü xətlərlə əvəzlənməsi prosesi gedir. Bu isə boru xətlərinə nəzarət imkanını daha da yaxşılaşdırır.”

Eldəniz Vəliyev qış mövsümünün gəlişi ilə əlaqədar təbii qazın təzyiqində bəzi problemlərin olmasını da istisna etmir: «Düzdür, qış  dövründə qaz təzyiqi ilə bağlı ara-sıra problemlər yarana bilər. Amma bu, vətəndaşların müraciəti əsasında dərhal aradan qaldırılır.»

E. Vəliyevin sözlərinə görə, İB-in çağrı mərkəzləri hər zaman olduğu kimi, bu gün də xidmətlərini yüksək səviyyədə yerinə yetirirlər: «Abonentin qazın təzyiqi ilə bağlı hər hansı problemi yaranırsa dərhal qeydə alınmaqla həllinə nail olunur. Eyni zamanda, növbəli şəkildə işləyən qəza xidmətimiz var ki, onlar da gecə-gündüz abonentləri narahat edən problemləri operativ qaydada həll edirlər»

“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu isə qışa hazırlıqla bağlı «İki sahil»ə bunları bildirdi: «Azərişıq» respublika ərazisində qış mövsümündə istehlakçıları keyfiyyətli, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin etmək üçün qabaqlayıcı tədbirlərini bu gün də həyata keçirir: « Xüsusilə qışa hazırlıqla bağlı  öncədən yaradılan komissiyalarımız və elektrik şəbəkələri üzrə Tədbirlər planımız mövcuddur.  Son dövrlərdə 2500-dən artıq müxtəlif gücdə transformator məntəqələrinin  və yarımstansiyalardakı elektrik avadanlıqlarının, həmçinin 6500 km-a yaxın elektrik verilişi xətlərinin texniki vəziyyəti yoxlanılaraq aşkar edilən nasazlıqlar aradan qaldırılıb. Əlavə olaraq, Bakıda və regionlarda 100-dən çox müxtəlif gücdə komplekt transformator məntəqələri quraşdırılıb. 440 km-dən artıq müxtəlif gərginlikli kabel və hava xətləri çəkilib. Ölkə üzrə bütün elektrik şəbəkələri qış üçün material və avadanlıq ehtiyatı ilə,  həmçinin maşın və mexanizmlə tam təmin olunub.»

V. Aydınoğlu  sonda bildirdi ki, istehlakçılardan xahiş edirik yarana biləcək hər hansı problemlə əlaqədar «Azərişıq» ASC-nin 24 saat fasiləsiz fəaliyyət göstərən 199 saylı Çağrı Mərkəzinə müraciət etsinlər.

Daha çox xəbərlər