Gündəm 

Sərhəd tanımayan erməni talançılığı

Azərbaycan dövləti təcavüzkar ölkənin 30 illik işğal dövründə törətdiyi bütün cinayət əməllərinə, istismar və talanlara görə cavab verməsi istiqamətində zəruri addımlar atır

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü Dağlıq Qarabağ və ətraf 7 rayonun (Kəlbəcər, Laçın, Fizuli, Ağdam, Cəbrayıl, Qubadlı, Zəngilan) işğal olunması və bu ərazilərin bol təbii sərvətləri ilə birlikdə 30 ilə yaxın vandalların nəzarətində qalması ilə nəticələnmiş, 100 illərlə xalqımızın yaratdığı bütün maddi və mənəvi sərvətlərin işğalçılar tərəfindən dağıdılmasına səbəb olmuşdur. İşğal nəticəsində bu ərazilərdə olan qızıl, gümüş, mis, molibden və s. kimi qiymətli metallar qanunsuz istismar olunmuş və təbii sərvətlər talan edilmişdir. 30 il ərzində işğal altındakı Azərbaycan ərazisində hasil olunan qiymətli metal resursları Ermənistana daşınmış, burada müəyyən saflaşdırma mərhələsindən keçdikdən sonra üçüncü ölkələrin bazarlarında satışı həyata keçirilmişdir. Lakin İkinci Qarabağ müharibəsində qazanılan qələbədən sonra Zəngilan rayonundakı Vejnəli yatağı təmamilə işğalçılardan azad edilmiş, Zod (Kəlbəcər) yatağında ermənilər tərəfindən mədən istismar fəaliyyəti dayandırılmışdır. Hazırda Zod yatağının da Azərbaycan tərəfindən istismar olunması planlaşdırılır.

İşğal illərində Azərbaycan ərazilərində bir çox xarici ölkələrə aid şirkətlər qanunsuz mədən hasilatı ilə məşğul olub. Azərbaycanın istintaq orqanları tərəfindən aparılmış araşdırmalarla adları qeyd olunan və digər ölkələrin mədən sənayesi üzrə ixtisaslaşmış qurumlar da daxil olmaqla bir sıra şirkətlərinin, o cümlədən qondarma respublikada yaradılmış “Base Metals” zavodu ilə əməkdaşlıq edərək, “Haik Watch and Jewelry Co”, Kanadanın “Canadian First Dynasty Mines Ltd”, Rusiyanın “GeoProMining Ltd” şirkətinin törəməsi olan “GPM Gold”, ABŞ-ın “Global Gold Armenian Ltd”, “Geologix Group”, “Rodino Haskovo” JIC, “Centro Ceibal”, “Deccan Gold Mines Ltd”, “İndian Sterlite Gold Ltd” və “Cosmote Romanian Mobile Telecommunications S.A” şirkətlərin rəhbərlərinin 1999-2017-ci illərdə Azərbaycanın dövlət sərhədini Ermənistan Respublikası ərazisindən qanunsuz olaraq dəfələrlə keçmələrinə, işğal altındakı ərazilərdə olan digər şəxslərlə mütəşəkkil qrup halında Xankəndi, Şuşa şəhərləri, Laçın, Kəlbəcər rayonları və digər yaşayış məntəqələrində Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatına alınmadan müəssisələr yaradıb təbii sərvət və faydalı qazıntıların istismarı da daxil olmaqla apardıqları fəaliyyətləri ilə külli miqdarda ziyan vurmalarına və qanunsuz gəlir əldə etmələrinə dair faktlar müəyyən edilmişdir.

Məlum olduğu kimi, dekabrın 3-də Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları əraziyə keçid üçün Xankəndi ilə Şuşa şəhəri arasındakı Rusiya sülhməramlı qüvvələrinin nəzarət məntəqəsində olublar. Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi ərazilərimizdə faydalı qazıntıların qanunsuz istismarı və bundan əmələ gələn ekoloji fəsadların araşdırılması və monitorinqi məqsədilə ekspertlərdən ibarət qrupun həmin ərazilərdə fəaliyyət göstərməsi sülhməramlı qüvvələrin komandanlığı ilə müzakirə olunub.  Müzakirələr əsnasında Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində aparılan qeyri-leqal iqtisadi fəaliyyətlərdən irəli gələn ekoloji və digər törəmə fəsadlarla bağlı ciddi narahatlıq və narazılıq bir daha ifadə olunub. Bu xüsusda faydalı qazıntıların qanunsuz istismar edildiyi yataqlarda və müvafiq digər məntəqələrdə monitorinq, əmlakın inventarizasiyası və ekoloji araşdırma işlərinin aparılmasının vacibliyi vurğulanıb. Sülhməramlı qüvvələrin Xocalıdakı qərargahında keçirilmiş müzakirələrin nəticəsi olaraq qeyd edilən fəaliyyət istiqamətləri üzrə ərazidə işlərin aparılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər aidiyyəti qurumların iştirakı ilə yol xəritəsinin hazırlanmasına başlanılıb.

Qarabağın ermənilər məskunlaşan ərazisində isə separatçılar Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin faydalı qazıntıların qeyri-qanuni hasilatı və Ermənistana ixracını dayandırmaq üzrə qanuni hərəkətlərinə qarşı çıxıblar. Özünü Qarabağın ermənilərin məskunlaşdığı ərazisinin qondarma “parlamenti”nin deputatı kimi təqdim edən Metakse Akopyan Ermənistan hakimiyyətini Qarabağ ermənilərinə xəyanət etməkdə ittiham edərək, Yerevan əleyhinə bəyanatla çıxış edib. Lakin Ermənistan tərəfi gözəl anlayır ki, Azərbaycan istədiyi vaxt öz ərazisində yoxlama apara, haqlı tələblərini irəli sürə bilər. Bu tələblərin də mahiyyəti ondan ibarətdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 14-cü maddəsinə əsasən, təbii ehtiyatlar hər hansı fiziki və ya hüquqi şəxslərin hüquqlarına və mənafelərinə xələl gətirmədən Azərbaycan Respublikasına mənsubdur və dövlətin sanksiyası olmadan onların istifadəsi cinayətdir. Beləliklə, rəsmi Bakının Azərbaycanın suveren ərazisində faydalı qazıntı yataqlarının qanunsuz istismarını araşdırmaq üçün mütəxəssislər göndərməsi tamamilə qanunauyğundur.

İndiyədək Ermənistan tərəfi bütün bu yataqları çox arxayın şəklində talan edərək bunun qanunsuz olduğuna dair Azərbaycanın xəbərdarlıqlarını qulaqardına vururdu. İndi isə həmin yataqları istismar edən şirkətlər külli miqdarda zərərlə üzləşərək çarəsiz vəziyyətdədir. Üstəlik Azərbaycan hökuməti həmin şirkətlərə qarşı beynəlxalq məhkəmələrdə iqtisadi və ekoloji ziyana görə təzminat barədə iddia qaldırmaq üçün hər cür əsasa malikdir. Belə ki, həmin yataqların işğaldan əvvəl də, sonrakı dövrlərdə də vəziyyətinə, o cümlədən orada aparılan işlərə dair tutarlı materiallar Azərbaycan hökumətinin əlindədir. Yataqların istismarından əldə edilən gəlir Ermənistan hökumətinin cibinə getdiyi üçün təbii ki, məhz onlar dəyən zərəri tam misli ilə ödəməli olacaqlar.

Daha çox xəbərlər