Cəmiyyət 

Türkiyənin Ağrısı, düşmənin can ağrısı…

Əsrlərlə davam edən Azərbaycan Türkiyə qardaşlığı getdikcə daha da möhkəmlənməkdədir. Qardaş xalqların birliyinə dair saysız-hesabsız faktlar gətirə bilərik. İndi bu qırılmaz bağlara daha biri əlavə olunur. Bu bağ Zəngəzur dəhlizinin Türkiyənin Ağrı şəhərindən keçməsidir. Zəngəzur dəhlizinin açılması ilə Türkiyənin Ağrı şəhərinin əhəmiyyəti daha da artacaq və bölgənin təhlükəsizliyinin möhkəmlənməsinə töhfə verəcək. Məlumdur ki, Ağrı bölgəsi mərkəzdən uzaqda yerləşdiyi üçün Türkiyənin düşmənləri bundan istifadə edərək orada təxribatlar, faciələr törətmişlər.

Zəngəzur dəhlizinin Ağrıdan keçməsi barədə Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan bir neçə gün əvvəl Ağrı-Hamur-Tutak-Patnos Dövlət Yolunun açılışı mərasimində çıxış edərkən bildirib. Prezident qeyd edib ki, azərbaycanlı qardaşlarımızın torpaqlarının uzun illər işğal altında qalmasının görməzdən gəlinməsinin səbəbi bəzi ölkələrin səssizliyidir: “Zəngəzur dəhlizinin açılması ilə Türkiyənin Ağrı şəhərinin əhəmiyyəti artacaq. Bunun üçün ölkəmizdə də sabitliyin olması vacibdir. Terror problemi Türkiyənin mövcud resurslarından istifadə etməsinə mane olurdu. Artıq bu dövr geridə qaldı”, – deyə Prezident Ərdoğan yeni layihəni bu cür qiymətləndirib.

Məlumat üçün bildirək ki, Ağrı dağı və bölgə Türkiyənin özünəməxsus gözəl təbiəti və tarixi ilə tanınıb. Bölgənin ən yüksək dağ zirvəsi burada əzəmətlə ucalan Ağrı dağındadır. Nuh peyğəmbərin Ağrı dağında olması barədə rəvayətlər də var. Ağrı qədim türklərin məskəni olsa da ermənilər və kürdlər buraya da iddia etmiş, türklərlə qanlı müharibələr aparmışlar. Təsadüfi deyil ki, Ermənistan həyasızcasına indi də bu dağı özünün dövlət rəmzlərində əks etdirir. Dünyada heç nəyə malik olmayan ermənilər utanmazcasına hələ də Ağrını öz vətənləri hesab etməkdədirlər. Tarixi faktlar isə tamamilə aydın göstərir ki, ermənilərin bu yerlərə heç bir aidiyyəti yoxdur və onlar Yer kürəsində cəlayi-vətən yaşayan kiçik millətlərdən biri olublar. Tarixin müəyyən dolanbaclarında silahlanmış erməni quldur dəstələri Ağrı vilayətində soyqırımlar törətməyə çalışıblar. Ancaq bunların hamısı keçmişdə qalıb. Ağrı bölgəsində hazırda 550 min nəfər əhali yaşayır ki, onların da böyük əksəriyyəti türklərdir.

Şübhə yoxdur ki, Zəngəzur dəhlizi vasitəsi ilə Ağrıya birləşməyimiz gücümüzə əlavə güc qatacaqdır. Təbii ki, yeni əlaqə vasitəsi düşmənlərimizi çox narahat edir və onlar buna qarşı çıxır, layihəni əngəlləməyə çalışırlar. Ancaq çifayda!

Yüz illərin sınaqlarından şərəflə çıxan Azərbaycan-Türkiyə birliyi XXI əsrdə özünün ən yüksək pilləsinə yüksəlib. Bu sıx birlik son illərdə özünü İranın təhdidlərinə cavab olaraq Türkiyə şahinlərinin Xəzər dənizinin səmasında şığıması ilə göstərdi. Türkiyə qırıcılarının bir müddət Azərbaycanda qalması düşmənlərimizin gözlərinə ox kimi sancıldı. Ondan sonra həm İranda, həm də Ermənistanda sanki qurbağa gölünə daş atıldı.

Prezident Ərdoğanın, xarici işlər naziri Mövlud Çavuşoğlunun daim bütün beynəlxalq platformalarda Azərbaycanın mənafelərini müdafiə etmələri qəlbimizi qürur hissi ilə doldurur. Qardaş ölkələrin biri digərinin olmadığı yerdə “burada mən varam” deyir. Təbii ki, belə sarsılmaz birlik gözü götürməyənləri geri çəkilməyə məcbur edir. Türkiyə Cümhuriyyəti və Azərbaycan Respublikası arasında imzalanmış Şuşa Bəyannaməsi isə marıqda yatmış düşmənlərimizə böyük bir zərbə oldu.

Türkiyə və Azərbaycan hərbçilərinin Araz sahillərində birgə zirehli texnikanın iştirakı ilə keçirdikləri təlimlər bizə diş qıcayan molla rejimini öz yerində otuzdurub. Başqa vaxt əzələ nümayiş etdirən, bu taya hərzə-hədyanlar yağdıran azğın rejim iki qüdrətin qarşısında qınına çəkilib, bizi təhdid edənlər daha cınqırlarını belə çəkmirlər.  İndi onlar iki qardaşın birləşmiş gücü ilə hesablaşmalı olacaqlar. Başqa çarələri qalmayıb. Heç qalmasın da!

Daha çox xəbərlər