Hərbi gücün nümayişi
44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun peşəkarlığı, əzmi sayəsində belə bir gücün qarşısında dayana bilməyən Ermənistan rəsmiləri öz məğlubiyyətlərini etiraf etməyə və kapitulyasiya aktına imzalamağa məcbur oldular. 2020-ci il 10 noyabrda imzalanmış üçtərəfli bəyanatda Ermənistan tərəfi məğlub tərəf kimi rəsmən tanındı. 2020-ci ilin 10 dekabrında Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəmizin rəmzi sayılan Zəfər paradı keçirildi.
Zəfər paradına qardaş Türkiyənin rəsmi şəxsləri də dəvət olunmuşdu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan Zəfər paradında iştirak etdilər.
Paradda Azərbaycan Silahlı Qüvvələrinin bir qrup şəxsi heyəti, müasir hərbi texnikası raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemlərinin, hərbi gəmi və katerlərilə yanaşı, Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş etdirildi.
Silahlı Qüvvələrin Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev paradda çıxışında Türkiyə Cümhuriyyətinin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanı, hərbiçiləri və qonaqları salamlamağın ardından Vətən müharibəsində həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Cənab Prezident İlham Əliyev çıxışında Azərbaycanın bu haqq işində, Vətən müharibəsinin ilk günlərindən qardaş Türkiyənin ölkəmizə siyasi və mənəvi cəhətdən dəstək verdiyini, Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın açıq, birmənalı və sərt açıqlamaları Azərbaycan xalqını çox sevindirdiyini, bu gün biz birlikdə Zəfər paradında birlikdə iştirak həmin birliyi bütün dünyaya göstərdiyini bildirdi.
Ölkəmizin Başçısı Ermənistanın təcavüzkar siyasətinin 1980-ci illərin sonlarında, o vaxt indiki Ermənistan Respublikasında yaşamış 100 minlərlə azərbaycanlının öz dədə-baba torpaqlarından didərgin salmaları ilə başlandığını bildirdi. Zəngəzur, Göyçə, İrəvan mahalı Azərbaycanın tarixi torpaqlarıdır. 1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti torpaqlarımızın işğal altına düşməsinə səbəb olmuşdu. Ermənistan Azərbaycanın dinc əhalisinə qarşı hərbi cinayət sayılan Xocalı soyqırımını törətmişdir. Şuşa şəhərinin və Laçın şəhərinin işğala məruz qalması isə Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaratmışdı. Azərbaycan əraziləri 30 ilə yaxın işğal altında qalmışdır. Azərbaycan ərazi bütövlüyünü döyüş meydanında qazandı. Lakin uzun illər ərzində aparılan siyasi və diplomatik səylər öz bəhrəsini verdi, bütün aparıcı beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıdı və bunu dəstəklədi. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, BMT Baş Assambleyasının qətnamələri, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Parlamenti və digər təşkilatlar Azərbaycanın haqq işini dəstəklədi.
Silahlı Qüvvələrin Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Zəfər paradında Müzəffər Ordumuzun əzmini yüksək qiymətləndirdi: “Azərbaycan 44 gün ərzində parlaq qələbə qazanaraq Ermənistanı məğlub etdi, işğala son qoydu. Bu 44 günün hər günü bizim şanlı tariximizdir. Hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, bu işğala son qoyulsun, bu haqsızlığa son qoyulsun, ədalət zəfər çalsın, tarixi ədalət zəfər çalsın və buna nail olduq”.
Bahar Məmmədova,
Bakı şəhəri, Xətai rayon İlqar Mirzəyev adına 98 №li tam orta məktəbin Təlim Tərbiyə İşləri üzrə direktor müavini,
YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilat sədri

