«Qardaş yumruğu»
Türkiyə –Azərbaycan birgə hərbi təlimləri ölkəmizi təhdid edənlərə sərt mesajdır
Azərbaycan- Türkiyə hərbi birləşmələri növbəti dəfə birgə təlimlərə başlayıb. Təlimin kod adı «Qardaş yumruğu»dur və Bakıda, eyni zamanda, İranla sərhəddə yerləşən Astara, Cəbrayıl, İmişli rayonlarında keçirilir. Təlimdə çay üzərindən panton körpülərin atılması, düşmən hücumundan müdafiə və hücum məşqləri icra edilir. Qardaş Türkiyə ilə ilk dəfə keçirilən belə genişmiqyaslı hərbi təlimi izləmək üçün müdafiə naziri Hulusi Akar və Baş Qərargah rəisi Yaşar Gülər də ölkəmizə gəliblər.
Təbii ki, Şuşa Bəyannaməsi və digər hərbi sazişlərə uyğun olaraq keçirilən bu qardaşlıq və həmrəylik təlimləri İrana və Azərbaycanı təhdid edən digər ölkələrə bir mesajdır. Bu, eyni zamanda, Qarabağdakı Rusiya sülhməramlılarına və onların arxasında gizlənən erməni separatçı və terrorçu dəstələrinə barmaq silkələnməsidir.
Türkiyə-Azərbaycan birgə hərbi təlimlərini NATO- nun dəstəkləməsi faktı da mövcuddur. Çünki dünya mətbuatındakı informasiyalara görə, ABŞ bu təlimlərə dəstək verməklə İranın son günlər Azərbaycana qarşı təhdidlərinə qarşı çıxdığını göstərir. Bu da bir önəmli faktdır ki, Azərbaycan Müdafiə Nazirliyinin Baş Qərargah rəisi Kərim Vəliyev bir neçə gün əvvəl ABŞ-a səfər edərək Pentaqonda mühüm görüşlər keçirib. Bu, bir daha göstərir ki, ABŞ bölgədə İranla geniş əlaqələr quran Ermənistana deyil, Azərbaycana daha çox güvənir.
Türkiyə Azərbaycan birgə hərbi təlimləri geniş müstəvidə aparılır. Burada Azərbaycan Ordusunun Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Xüsusi Təyinatlı Qüvvələri, Mühəndis Qoşunları, Raket və Artilleriya Qoşunlarının bölmələri Türkiyə Silahlı Qüvvələrinin hərbçiləri ilə birgə müxtəlif təlim döyüş tapşırıqlarını yerinə yetirirlər. Siyasi şərhçilərin fikrincə, İranın Azərbaycana qarşı hərbi təhdidləri fonunda keçirilən bu təlimlər həm də molla rejiminin Zəngəzur dəhlizi ilə bağlı hədələrinə cavabdır. Ehtimal edilir ki, təlimlərdən sonra Türkiyə qoşunları müəyyən müddətdə Azərbaycanda qala bilər.
İki qardaş ölkənin ordularının davamlı olaraq keçirdikləri birgə təlimlər Silahlı qüvvələrimiz arasında qarşılıqlı birgə fəaliyyətin daha üstün səviyyəyə çatdırılmasına və ortaq əməliyyatların uğurla həyata keçirilməsinə xidmət edir.
Birgə təlimin məhz Zəngəzur dəhlizi ətrafında keçirilməsi də təsadüfi deyil. Çünki Azərbaycan, Türkiyə və Asiyanın lider ölkəsi olan Çin Xalq Respublikası Avropaya çıxış üçün Zəngəzur dəhlizinin açılmasında israrlıdırlar. Bu dəhlizin səmərəsinin hər il yüz milyardlarla dollara bərabər olması da iqtisadçılar tərəfindən irəli sürülən ciddi proqnozdur.
Eyni zamanda, İrandakı 40 milyona yaxın soydaşımızın molla rejimi tərəfindən incidilməsi və onların sosial-siyasi hüquqlarının pozulması da Azərbaycan dövlətini və onun rəhbərini narahat edən məsələdir. Bu təlimlərin keçirilməsi həm də cənublu soydaşlarımızın milli azadlıq hərəkatına dəstək mesajıdır. Prezident İlham Əliyev ADA Universitetində «Orta dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat» mövzusunda keçirilən beynəlxalq konfransda bu barədə deyib: «Bizim ərazilərimiz 30 il işğal altında olub. İran rəsmilərindən Azərbaycanın ərazi bütövlüyünün qırmızı xətt olduğunu eşidən oldumu? Xeyr. Bunlar Azərbaycan xalqının verdiyi suallardır. Bu sualı təkcə mən vermirəm. Ancaq hər bir azərbaycanlı öz ölkəsi barədə düşünür, bu sualı verir və cavab tapa bilmir. Ona görə də indi İranla Azərbaycan arasında baş verənlər bizim tərəfimizdən yaranmayıb. Biz yalnız cavab veririk və istər sözlə olsun, istərsə də əməllə hər cür anti-Azərbaycan addımına cavab verəcəyik. Biz də onlardan qorxmadığımızı nümayiş etdirmək üçün İran sərhədində hərbi təlimlər təşkil etməli olduq. Biz onlara deyirik ki, onlardan qorxmuruq. Biz öz həyat tərzimizi, dünyəvi inkişafımızı, Azərbaycanın və azərbaycanlıların, o cümlədən İrandakı azərbaycanlıların müdafiəsini təmin etmək üçün hər şeyi edəcəyik. Onlar bizim millətin bir parçasıdır”.
Ən nəhayət, birgə hərbi təlimlər anti-Azərbaycan qüvvələrə və rejimlərə ciddi hərbi siqnaldır ki, Azərbaycanla təhdid dilində danışmaq olmaz. Bizim iqtisadi gücümüz, hərbi qüdrətimiz və Türkiyə kimi dünya güclərindən biri olan qardaş ölkəmiz var. Necə deyərlər, bizə dil uzadana qardaş yumruğunun sərt zərbəsi dəyəcək.

