Gündəm 

“Ucal türk! Sənin üçün yüksəkliyin hüdudu yoxdur!”

Türkiyə ilə Azərbaycan tək, yenilməz güc olduqlarını «Qardaş yumruğu» təlim-məşqlərdəki hazırlıqları ilə göstərdilər

Vətən müharibəsinin davam etdiyi müddətdə daim Azərbaycanın yanında olduğunu bəyanatları, dəstəyi ilə bildirən Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan kimi qardaş ölkənin dövlət rəsmilərinin ölkəmizlə həmrəylik nümunəsi olan sözləri xalqımızı Qələbəyə ruhlandırırdı. Ermənistan üzərində tarixi Qələbəmizdən sonra paytaxtımızda keçirilən Zəfər paradını türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan ilə birgə izləyən Prezident İlham Əliyevin məğrur görünüşü bu dostluğun əbədi simvolu kimi düşmənə ağır zərbə oldu. Azərbaycan xalqının Qələbəsində qardaş köməyini «Beləliklə, bizim Türkiyə ilə bu və ya digər dərəcədə Ermənistanla Rusiyanın malik olduğu kimi eyni formatımız, qanuni bazamız var» sözləri ilə qiymətləndirən Prezident İlham Əliyev Zəfərimizi hər iki qardaş dövlətin əzminin, qüdrətinin rəmzi, ifadəsi adlandırdı.

Şuşada Müttəfiqlik Bəyannaməsinin imzalanması ilə Türkiyə-Azərbaycan münasibətlərinin daha yüksək zirvəyə yüsəlməsi isə bu dəstəyin əməli təsdiqi oldu. Adından da göründüyü kimi münasibətlərin keyfiyyətcə yeni istiqamətlərini müəyyənləşdirən Bəyannamə iki qardaş ölkənin tarixi, mənəvi, ortaq etnik köklərə bağlılığının, milli maraqlarının, həmrəyliyinin qarşıdakı illər üçün yol xəritəsi oldu. Türkçülüyün ideoloji əsasları- soy, dil, ideal, mədəniyyət, Vətən, tarix və din məhfumlarını birləşdirən yeddi ünsürün varlığı bu birliklə təsdiqləndi. Qardaşlığın əbədiyyət rəmzi olan Şuşa Bəyannaməsində qeyd olunan Zəngəzur dəhlizinin bərpası və ölkələrarası hərbi əməkdaşlığın genişləndirilməsi ilə bağlı bəndlər regional əməkdaşlığa xidmət etməklə, dünya birliyində sarsılmaz qüvvə olan türk dünyasının həmrəylik rəmzi idi.

Bəyannamədə əksini tapan Qars müqaviləsi qədər mühüm əhəmiyyətə malik Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirəcək Zəngəzur dəhlizinin bərpası üçün üzərinə düşən vəzifəni yerinə yetirən Azərbaycan iki qardaş ölkə arasında getdikcə möhkəmlənən hərbi əməkdaşlığın güclənməsinə də töhfə verir. Müttəfiqlik Aktında qeyd edildiyi kimi, müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə yönələn şəxsi heyətlərin mübadiləsi, birgə təhsil və təlimlərin keçirilməsi, iki ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılması, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunmasında əlaqəli fəaliyyət daha da genişləndiriləcək, müasir tələblərə uyğunlaşdırılacaq. Xalqımızın qəhrəmanlıq salnaməsinə şərəf səhifəsi kimi yazılan 2016- cı ilin Aprel zəfəri, 2020- ci ilin 12-16 iyul döyüşləri hərb tariximizə Qələbəyə aparan yol kimi yazılmaqla Milli Ordumuzun döyüş qabiliyyətinin də göstəricisi oldu. Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlıq haqqındakı Sazişə əsasən, illik plana uyğun respublikamızda hər iki ölkənin quru qoşunları və hərbi-hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki uçuş təlimlərinin keçirilməsi iki qardaş dövlət arasındakı birliyin, sarsılmaz dostluğun ifadəsidir. « Bu, bir ənənədir. Bildiyiniz kimi, hər il həm Azərbaycanda, həm də Türkiyədə 10-dan çox birgə təlimlər keçirilir. Ona görə bu təlimlərin keçirilməsi adi haldır. Burada hansısa bir fövqəladə hal axtarmaq lüzumsuzdur. Biz də müşahidə edirik ki, bu təlimlər bəzi ölkələrdə narahatlıq doğurur. Ancaq buna heç bir əsas yoxdur. Bu, Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının növbəti təzahürüdür”””. Bizim bütün sahələrdə olduğu kimi, hərbi və hərbi-texniki sahədə də işbirliyimiz, əməkdaşlığımız sürətlə inkişaf edir» sözləri ilə dünyada Türkiyə ilə Azərbaycan qədər bir-birinə yaxın, bağlı ölkələrin olmadığını diqqətə çatdıran Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bildirdiyi kimi, səmimi münasibətlər tarixi və etnik köklərə bağlılıqdan qaynaqlanır. Türkiyə ilə Azərbaycan hərbçiləri arasında ənənəvi olaraq keçirilən «TurAz», «Sarsılmaz Qardaşlıq» adlı hərbi təlimlər göstərdi ki, Türkiyə xalqının da nəbzi Azərbaycan ilə döyünür. Bir həqiqət də dünya birliyinə çatdırıldı ki, hər iki qardaş arasında illərdən bəri davam edən hərbi təhsil, müdafiə sənayesi sahəsindəki nailiyyətlər strateji əməkdaşlığın məntiqi nəticəsi Türk dünyasının öndərlərindən olan Mustafa Kamal Atatürkün « Ucal türk! Sənin üçün yüksəkliyin hüdudu yoxdur. Bax, parola budur!» sözlərinin ifadəsidir.

İkinci Qarabağ müharibəsi başlandığı gündən Azərbaycanla bir olan, xalqımızı tək qoymayan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Biz bərabərik, birik, bir millətik. Biz sülhün, sabitliyin tərəfdarıyıq. Təkcə ölkələrimizin təhlükəsizliyi, əmin-amanlığı mənasında deyil, bütün Qafqazın, bütün bölgənin sülh və əmin-amanlıq içərisində olmasının tərəfdarıyıq. Digər tərəfdən, haqqımızın, hüququmuzun, mənafelərimizin də tapdalanmasına imkan verməyəcəyimizi, bunların qorunması üçün lazım olan nə varsa edəcəyimizi hamının bilməsini istəyirik» sözləri iki qardaş ölkənin əbədi birliyinin rəmzi olmaqla düşmənə mənəvi zərbədir.

Adı dünyanın inkişaf etmiş ölkələri ilə eyni sırada çəkilən Azərbaycanın Silahlı Qüvvələri MDB məkanında ən güclü ordu sayılır. Hava hücumundan müdafiə qüvvələrinə malik, Ermənistanla təmas xəttində üstünlüyü əldə edən və düşmənə sarsıdıcı zərbələr vuran Azərbaycan Ordusunun təminatını daha da gücləndirmək məqsədilə yaradılan Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində silah, sursat və hərbi vasitələrin istehsalının artırılması və keyfiyyətinin daha da yaxşılaşdırılması istiqamətində məqsədyönlü tədbirlər davam etdirilir.

Hərbi məhsullarımızın ixracı, Azərbaycanın dünyanın aparıcı beynəlxalq hərbi sərgilərində öz məhsullarını nümayiş etdirməsi ölkəmizin hərbi potensialının göstəricisidir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, düşünülmüş qətiyyətli addımları nəticəsində uğurla başa çatan hərbi əməliyyatlar diplomatiya və siyasətdən xəbərsiz Ermənistanın baş nazirinin Azərbaycan qarşısında qoyduğu məntiqsiz «7 şərt»in də iflası oldu. 2014 və 2016-cı illərdə Bakıda «ADEX» Beynəlxalq müdafiə sərgilərinin təşkili Azərbaycanda ordu quruculuğuna yüksək səviyyədə göstərilən maraq və diqqətin ifadəsi idi. Güclünün daha çox özünü təsdiqləmək imkanına malik olmaq nəzəriyyəsinin özünü doğrultduğu müasir dünyamızda siyasi, iqtisadi qüdrəti, diplomatiyası ilə söz demək haqqı qazanan, «kim güclüdür, o da haqlıdır»” prinsipini Vətən müharibəsindəki Zəfəri ilə təsdiqləyən Azərbaycan müdafiə sənayesinin inkişafında Türkiyə ilə əməkdaşlığa böyük üstünlük verir.

Azərbaycanla Türkiyənin birgə iştirakı ilə «Qardaş yumruğu» adlı təlimin uğurla başa çatması, «Yüksək Səviyyəli Müşahidəçi Günü»ndə Prezident İlham Əliyevin və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın telefon zəngi ilə hər iki qardaş ölkənin məşqlərdə iştirak edən şəxsi heyətlərini təbrik etmələri də ulu öndər Heydər Əliyevin «Biz iki dövlət, bir millətik» sözlərinin növbəti təsdiqi idi.

Son günlərdə Laçın yolunda vəziyyətin daha da gərginləşdiyi, Rusiya Federasiyası Müdafiə Nazirliyinin Azərbaycanın Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilmiş hərbi kontingent hərbçilərinin öz misssiyalarından kənar, qeyri-qanuni işlərlə məşğul olmaları ilə yaranan gərginliyin davam etdiyi günlərdə ölkəmizdə Türkiyə ilə Azərbaycan hərbçilərinin birgə təlim-məşqlərinin keçirilməsi düşmənə növbəti zərbə oldu. Bu birlik türkdilli ölkələrin birləşdiyi Türk Dövlətləri Təşkilatının aparıcı qüvvəsi olan Azərbaycan –Türkiyə müttəfiqliyinin uğur səhifəsi, Qafqazda uzunmüddətli sülhü tənzimləyəcək qoşa addımların qətiyyətlilik nümunəsi kimi təsdiqləndi.

Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Bakıda ilk dəfə «Bir millət, iki dövlət, tək festival» şüarı ilə keçirilən «TEKNOFEST Azərbaycan» festivalı bu gün öyündüyümüz uğur yolunda daha da möhkəmlənən əməkdaşlığın nümunəsi olmaqla ulu öndər Heydər Əliyevin «Bir millət, iki dövlət» müdrik kəlamının səmadan dünya ictimaiyyətinə mesajı idi. Müstəqilliyimizin, qardaşlığımızın, elmi, milli-mənəvi dəyərlərimizin uğuru adlandırılan bu festival hər iki qardaş ölkənin müdafiə qüdrətinin addımları, «Qardaş yumruğu» kimi təlim- məşqlərin ilk addımları idi. Prezident İlham Əliyevin vurğuladığı kimi, xalqlarımız arasında yüksələn mənəvi ruh ölkələrimizi firavan, səmalarımızı, dənizlərimizi, torpaqlarımızı qoruyub dirçəldəcək, yüksək texnologiyaları bütün cəmiyyətlə birlikdə səfərbər edəcək. «Dünya türkün gücünü görsün, yerini bilsin» amalı ilə səmada xariqələr yaradan «TEKNOFEST»də cəsur pilotlarımızın səmada göstərdikləri məharətləri uğurla başa çatan «Qardaş yumruğu» ilə dünya ictimaiyyətinə çatdıran hər iki ölkənin hərbçiləri «Biz bir yerdəyik, bir yerdə olacağıq, gücümüz də gündən-günə artacaq», «Qərbdən Şərqə qədər harada bir qardaşımız varsa, ora bizim evimiz, yurdumuz, könül coğrafiyamızın ayrılmaz bir parçasıdır» mesajını da düşmənə çatdırdı.

Daha çox xəbərlər