Şuşa bütün Türk dünyasının mədəniyyət paytaxtına çevriləcək
Bundan sonra bu şəhərə atılacaq hər düşmən gülləsi Türk dünyasına atılmış hesab ediləcək
Prezident İlham Əliyev Şuşa şəhərinin 2023-cü il üçün «Türk dünyasının mədəniyyət paytaxtı» elan edilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, 2022-ci il martın 31-də Türkiyə Respublikasının Bursa şəhərində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının növbədənkənar iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2023-cü il üçün «Türk dünyasının mədəniyyət paytaxtı» elan edilib.
Sərəncamda bildirilir ki, memarlıq və şəhərsalma sənətinin 270 illik tarixə malik parlaq incisi olan və Azərbaycan xalqı üçün yüksək mədəni-mənəvi dəyər kəsb edən Şuşaya xüsusi ehtiramın təzahürü kimi bu qərar bütün türk dünyasının birlik və həmrəyliyinin yeni rəmzinə çevrilməklə, türk xalqları arasında əməkdaşlıq perspektivlərinin daha da genişləndirilməsi işinə öz töhfəsini verəcəkdir. Nazirlər Kabinetinə Sərəncamla bağlı tədbirlər planı hazırlayıb həyata keçirmək və digər məsələləri həll etmək tapşırılıb.
Prezident İlham Əliyevin bu sərəncamı bir daha göstərir ki, Şuşa şəhərinin nəinki, Azərbacan xalqı üçün, ümumilikdə bütün türk dünyası üçün maddi- mənəvi dəyəri böyükdür. Bəli, Şuşa düşmənə boyun əyməyən əzəmətli mədəniyyət abidəsidir. Ona görə də hətta Ermənistanın 28 illik işğalı dövründə onlar Şuşanı erməniləşdirə, tarixini, mədəniyyətini özününküləşdirə bilmədilər. Əvəzində Şuşanı sadəcə dağıtmaqla məşğul oldular. Azərbaycan əsgəri qanı-canı bahasına, misilsiz qəhrəmanlığı ilə həmişə zirvədə olan Şuşamızı azad etdi.
Vətən müharibəsi başa çatdıqdan sonra bərpa-quruculuq işlərinin təşkilində çevikliyi və səmərəliliyi təmin etmək üçün Şuşada dövlət idarəetməsinə də böyük diqqət ayrılıb. Təsadüfi deyil ki, Azərbaycan Respublikası Prezidentinin işğaldan azad olunmuş ərazilərdə ilk xüsusi nümayəndəsi də məhz Şuşa rayonuna təyin edilib. Əlbəttə, tarixi-mədəni əhəmiyyəti və Azərbaycan xalqı üçün müstəsna mənəvi dəyərə malik olması Şuşaya xüsusi qayğı və həssaslıqla yanaşılmasını zəruri edir.
Prezident İlham Əliyevin Şuşaya olan sevgisinin ən bariz nümunəsi odur ki, ölkəmizin həyatında ən vacib və əlamətdar günlər, ən önəmli tarixlər və tədbirlər məhz Şuşada qeyd edilir. Prezident İlham Əliyev Şuşanın xalqımız üçün tarixi əhəmiyyətini, yüksək mədəni-mənəvi dəyərini nəzərə alaraq bu ilin yanvarın 5-də Azərbaycan Respublikasında 2022-ci ilin «Şuşa İli» elan edilməsi haqqında Sərəncam da imzalayıb. Sərəncamda bildirilir: «Qarabağın tacı olan Şuşa xalqımız üçün müqəddəs və əziz məkandır. Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır. Təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan və bu il 270 illiyi qeyd olunacaq Şuşa şəhəri zəngin inkişaf yolu keçmiş, Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında müstəsna rol oynamışdır. Bənzərsiz tarixi görkəmini və formalaşdırdığı özünəməxsus mühiti həmişə qoruyub saxlayan bu şəhər yetirdiyi böyük şəxsiyyətləri ilə ədəbi, mədəni, elmi və ictimai fikir salnaməmizə əlamətdar səhifələr yazmışdı.»
Bundan başqa. 2021-ci il may ayının 7-də Prezidentin imzaladığı Sərəncam ilə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilib. Bu Sərəncam Şuşa şəhərinin əvvəlki statusunun bərpasına, tarixən malik olduğu şöhrətinin özünə qaytarılmasına, xalqımızın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin dünyada tanıdılmasına xidmət edir.
Bu bir qürurverici faktdır ki, Şuşa şəhəri tarixən Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olub. 1977-ci ildə xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə «Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında» qərar qəbul edilib. Həmin qərar nəticəsində Şuşada abidələrin qorunması, görkəmli mədəniyyət və incəsənət xadimlərinin xatirələrinin əbədiləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atılıb.
Bəli, Şuşanın sanki bir cazibə qüvvəsi var. Hər bir azərbaycanlını özünə çəkir, özünü ona sevdirir. Hətta yaralarının tez sağalması üçün 28 il həsrət çəkən gözləri ilə insanlarımızı qarşılayır. Amma bu dəfə nikbin ruhda, azad və abad şəhər kimi, vüsala qovuşmuş doğma yurd kimi… Ötən il dekabrın 24-də doğum gününü Şuşada qeyd edən Prezident İlham Əliyev bu barədə deyib: «Şuşa hər birimizi özünə çəkir. Düzdür, mən burada – Şuşada müxtəlif tədbirlərin açılışlarında iştirak etmişdim. O tədbirlər ki, Şuşanın Azərbaycan xalqına, Azərbaycan mədəniyyətinə məxsus olmasını bir daha təsdiqləyir. Amma, eyni zamanda hər dəfə Şuşada hansısa tədbir nəzərdə tutulduqda böyük həvəslə, böyük sevgi ilə, məhəbbətlə Şuşaya gəlirdim və hesab edirdim ki, bu günü də mən məhz burada – Şuşada hər birimiz üçün əziz olan Cıdır düzündə qeyd etməliyəm və bunu edirəm».
İndi Şuşa bizi özünə ona görə çox çəkir ki, artıq həm də hər bir azərbaycanlının qürur duyacağı ünvandır. Hələlik şəhərdə bərpa işləri gedir. Lakin dövlətimiz vətəndaşlarımızın 28 illik həsrətdən sonra Şuşanı görə bilmələri üçün də imkanlar yaradıb. Təşkil edilən müntəzəm avtobus reyslərinə müraciət edənlərin sayının çoxluğu da Şuşa sevgisinin təcəssümüdür. Qeyd etdiyimiz kimi, Şuşa mədəni ənənələrini bərpa edib. Artıq hər il şəhərdə ənənəvi «Xarıbülbül» musiqi festivalı keçirilir. Ötən il isə Vaqif Poeziya Günləri keçirilib. Azərbaycan Milli Məclisinin «Şuşa İli»nə töhfəsi olaraq Şuşada parlamentin komitə iclaslarının keçirilməsi davam edir. Həmçinin bu il Şuşa Dünya Azərbaycanlılarının V Zəfər Qurultayına ev sahibliyi etdi. Eyni zamanda, ölkəmizdəki səfirliklər və digər diplomatik nümayəndələr mütəmadi olaraq Şuşaya baş çəkərək oradakı tikinti- quruculuq işləri ilə erməni vandalizminin izləri ilə də tanış olurlar.
Prezident İlham Əliyevin Şuşa ilə bağlı son Sərəncamı isə bu qədim və müqəddəs şəhəri bütün türk dünyasının mədəniyyət paytaxtına çevirəcəkdir. Bununla da Şuşaya qarşı atılan hər bir təxribat addımı, hər bir güllə bütövlükdə Türk dünyasına atılmış hesab ediləcəkdir.

