Gündəm 

Hərbi gücümüzün, qardaş Türkiyə ilə birliyimizin növbəti təcəssümü – Zəfər paradı

Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var

Hər dövrün öz tələbi vardır. Bu gün işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. Digər tərəfdən isə  tarixi Zəfərimizin yaratdığı reallıqların təqdimatı və qəbulu istiqamətində mühüm addımlar atılır. Regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi, Azərbaycanla Ermənistan arasında münasibətlərdə yeni səhifənin açılması üçün sülh müqaviləsinin imzalanması, etimad mühitinin yaradılması hazırkı dövrün əsas çağırışlarındandır.

İki il bundan öncənin çağırışları isə fərqli idi. 10 noyabr 2020-ci il tarixdə üçtərəfli Bəyanatın imzalanması Azərbaycanın hərbi-siyasi Qələbəsini, Ermənistanın kapitulyasiyasını dünyaya çatdırdı. Bu sənədin imzalanmasından, tarixi Zəfərimizdən dərhal sonra dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə səfərləri başladı. Daha sonra Qələbəyə həsr olunmuş paradın keçirilməsinə böyük zərurət var idi. 44 günlük İkinci Qarabağ müharibəsi dövründə xalqa  müraciətlərdə bu məqam xüsusi qeyd edilirdi  ki,  Ermənistan silahlı qüvvələrinin məhv edilmiş, yaxud qənimət kimi götürülmüş hərbi texnikası Azadlıq meydanında keçiriləcək hərbi paradda nümayiş etdiriləcək.

İki il əvvəl  dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində qazandığımız Qələbəyə həsr olunmuş möhtəşəm Zəfər paradı keçirildi. Təntənəli hərbi parad 44 günlük şanlı Vətən müharibəsində qazanılan Qələbə sevincinin və qürurunun parlaq göstəricisi olmaqla yanaşı, Azərbaycan Ordusunun hərbi qüdrətinin bütün dünyaya növbəti nümayişi oldu. Zəfər paradında Azərbaycan  Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə  Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan iştirak edirdilər.

Zəfər paradını ölkəmizin bütün bölgələrindən paytaxt Bakıya gəlmiş on minlərlə insan izləyirdi. Bütün küçə və meydanları Azərbaycanın, Türkiyənin bayraqları bəzəyirdi. 44 günlük Vətən müharibəsinin hər anı ölkəmizdə hansı ab-havanı yaratdısa, eyni vəziyyəti qardaş Türkiyədə müşahidə etdik. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi,   təkcə Bakı şəhəri yox, bütün şəhərlərimiz indi Türkiyə və Azərbaycan bayraqları ilə bəzədilib. Əvvəllər də belə olub. Təbii ki, müharibə dövründə bu, daha da geniş vüsət almışdır: «Bu, insanların ürəyindən gələn duyğulardır. Bu, əsrlərboyu qoruduğumuz sərvətdir. Bizim üstünlüyümüz ondadır ki, həm xalqlar, həm liderlər bir yerdədir, bir-birinə qardaş deyir. Eyni zamanda, biz bütün məsələlərdə bir yerdəyik. Ağır günlərdə də bir yerdə olmuşuq, gözəl günlərdə, sevincli günlərdə, bugünkü kimi gündə də biz birlikdəyik və bu, təbiidir.»

Zəfər paradı Azərbaycan-Türkiyə qardaşlığının növbəti təntənəsi oldu. Həm tarixi Zəfərimizə, həm Azərbaycan-Türkiyə dostluğunun sarsılmazlığına rəğmən dövlət başçısı İlham Əliyev bildirdi ki, Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Paradların birində mən demişdim ki, parada 2016-cı ildə Lələtəpə yüksəkliyinə qaldırılmış bayraq gətiriləcək. Demişdim ki, gün gələcək və bu gün işğal altında olan torpaqlarda qaldırılan Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və bu gün gəldi. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır. Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik.” Ölkə  Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradındakı  çıxışında onu da  bildirmişdir ki, hər kəs bilir ki, Ermənistan rəhbərliyi bir il bundan əvvəl demişdi ki, “Qarabağ Ermənistandır və nöqtə”. Mən isə demişdim ki, Qarabağ Azərbaycandır! Bu gün bütün dünya görür ki, Qarabağ Azərbaycandır! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan Ordusuna, yaşasın Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı! Yaşasın Azərbaycan əsgəri!

44 günlük Vətən müharibəsində Azərbaycanın hərbi-siyasi Qələbəsi, Ermənistanın məğlubiyyəti, bu Qələbəyə həsr olunmuş Zəfər paradının keçirilməsi, işğaldan azad edilmiş torpaqlarımızda qaldırılan üçrəngli bayrağımızın Azadlıq meydanına gətirilməsi dövlət başçısı İlham Əliyevin tarixi Zəfərimizdən  iki il öncə 2018-ci il “Azərbaycan Xalq Cümhuriyyəti ili” çərçivəsində Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə keçirilən təntənəli paradda söylədiyi fikirlərin reallıqda əksini tapması oldu.

Müharibə şəraitində yaşayan ölkə üçün  hərbi qüdrətimizin möhkəmləndirilməsi əsasdır. Ulu öndər Heydər Əliyevin sözləri ilə desək, sülh danışıqlarını cəsarətli aparmaq üçün güclü ordunun olması ilkin şərtdir. 2016-cı ilin Aprel döyüşləri, 2018-ci ilin Günnüt əməliyyatları,  2020-ci ilin   iyulun 12-də Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribata, ən əsası  27 sentyabrda başlanan İkinci Qarabağ müharibəsində   rəşadətli Azərbaycan Ordusunun cavabı, gücü, qüdrəti  deyilənlərin təsdiqidir.

Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının, həmçinin Bakının işğaldan azad olunmasının  100 illiyinə həsr olunan hərbi paradlar, dünyaya səs salan, Azərbaycanın Qələbəsinin dünyaya təqdimatı olan 10 dekabr Zəfər paradı  ordumuzun gücü, qüdrəti ilə yanaşı, Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının sarsılmazlığının təqdimatı oldu.  Bakının işğaldan azad olunmasının 100 illiyi münasibətilə keçirilən paradda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan  bildirmişdi ki,  Azərbaycanın sevinci, bizim sevincimiz, qüruru bizim qürurumuz, dərdi, ağrısı, problemi də bizim problemimizdir. Azərbaycan kədərlənərsə biz də kədərlənərik, Azərbaycan sevinərsə, biz də sevinərik.  Azərbaycanın ən böyük problemi olan Dağlıq Qarabağ məsələsi bizim üçün də eyni dərəcədə ağrılı problemdir. Türkiyə olaraq problemin həlli üçün Azərbaycanın göstərdiyi səyləri sonadək dəstəkləməyə davam edəcəyik. İllərdir vətən həsrəti ilə ömür sürən bir milyondan çox qardaşımızın intizarına artıq son qoymaq vaxtıdır. Qardaş Azərbaycanın ərazilərinin 20 faizini işğal altında saxlayanların, bir milyondan çox qardaşımızın öz vətəninə qayıtmasına mane olanların Türkiyədən  sərhədləri açmağı gözləmələri əbəsdir. Türkiyənin bu məsələdə mövqeyi  aydındır: «Əvvəla, bu məsələdə addım atmalı olan tərəf işğalçılardır, bir milyon qardaşımızın qəlbini doğma vətən həsrəti ilə yandıranlardır. Əlbəttə, biz bütün qonşularımızla yaxşı əlaqələr qurmağı və davam etdirməyi arzu edirik. Amma Dağlıq Qarabağ probleminin həlli Ermənistanla əlaqələrimizin bərpasının ən vacib şərtidir. Bunu hamı bilməlidir.»

44 günlük İkinci Qarabağ müharibəsində Türkiyə əsl qardaş dəstəyini göstərdi. İlk gündən dünyaya bu mesaj çatdırıldı ki, Azərbaycan tək deyil. Qardaş ölkə sonadək mənəvi və siyasi dəstəyini göstərdi, Zəfərimizin sevincini bizimlə eyni yaşadı. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəfər paradında söylədiyi «Azərbaycanın həm hərbi, həm də diplomatiya sahəsində əldə etdiyi bu uğurda ən böyük paylardan biri şübhəsiz ki, əziz qardaşım cənab Prezident İlham Əliyevə aiddir. Qardaşım İlham Əliyev bununla mərhum Heydər Əliyevin ona vəsiyyət olaraq etdiyi arzusunu da yerinə yetirmişdir. Fürsətdən istifadə edərək güclü Azərbaycanın əsasını qoyan ümummilli lider Heydər Əliyevi də burada rəhmətlə yad edirəm. Azərbaycan qardaşım İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə, inşallah, dastan yazmaqda davam edəcək» fikirləri də bunun təsdiqidir. Türkiyə Prezidenti bu fikirlərinin davamı olaraq onu da əlavə etdi ki, Türkiyə Azərbaycanın apardığı mübarizəyə ilk günlərdən bütün qurum və təşkilatları ilə dəstək vermiş, bütün imkanları ilə azərbaycanlı qardaşlarının yanında olmuşdur. Türkiyə olaraq Azərbaycan ilə münasibətlərimizdə özümüzə hər zaman böyük lider Heydər Əliyevin “Bir millət, iki dövlət” şüarını rəhbər tutduq. Qazi Mustafa Kamal Atatürkün dəqiq ifadəsi ilə Azərbaycanın kədərini kədərimiz, sevincini sevincimiz bildik. Bu anlayışla Qarabağı otuz il boyunca sinəmizdə yara etdik. Bu gün də bu yaranın sağalmasının sevincini paylaşmaq, bu şanlı zəfəri birlikdə qeyd etmək üçün aranızdayıq.

Atdığı addımları ilə hər zaman Azərbaycanın yanında olduğunu təsdiqləyən Türkiyə ilə ölkəmiz arasında əlaqələr bütün sahələrdə uğurla inkişaf edir. Məhz iki dövlətin siyasi iradəsi, qətiyyəti sayəsində reallığa çevrilən enerji layihələri regionda sabitliyi, təhlükəsizliyi möhkəmləndirməklə yanaşı, dünyanın enerji təhlükəsizliyinin təminatına böyük töhfələrdir.

Azərbaycan və Türkiyə eyni köklər üzərində böyüyən ulu bir çinara bənzədilərək  vurğulanır ki, həmin çinarın kölgəsi həyata keçirilən  layihələrlə bu gün Qafqazdan Avropayadək bir çox ölkəyə qədər uzanır. BTC və BTƏ  neft-qaz layihələrinin ardınca BTQ  dəmir yolunun istifadəyə verilməsi, eyni zamanda, əməkdaşlığın regional çərçivədən çıxaraq  coğrafiyasını genişləndirməsi fonunda Cənub Qaz Dəhlizinin, onun əsas seqmentlərindən olan TANAP və TAP-ın istifadəyə verilməsi  və sair kimi biri-birindən önəmli hadisələr Qafqazdan Avropayadək uzanan kölgənin təqdimatlarıdır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TANAP-ı növbəti layihələrin müjdəçisi kimi qiymətləndirmişdir.

Reallaşan hər bir layihə region və tərəfdaş ölkələrin həyatına yeni nəfəs gətirir. Türkiyə rəsmiləri də bu məqamı  qeyd edirlər ki, qarşılıqlı uzaqgörənliklə ortaq hədəflərə doğru həmrəyliklə hərəkət etdikdə regional və qlobal sabitliyə, əmin-amanlığa necə böyük töhfə verməyin mümkün olduğu Azərbaycan və Türkiyənin  mənzərəsində aydın görünür. Bu gün bu mənzərə dünyaya ölkələrin öz maraqlarını, iqtisadi sabitliklərini təmin etmələrinin yolunun himayəçilikdən və onu artırmaqdan, ticarət müharibələri aparmaqdan yox, həmrəylikdən, rəqabətlilik mühitindən, güclü əməkdaşlıqdan keçdiyini çox aydın şəkildə göstərir.

Azərbaycanla Türkiyə arasında əlaqələr  digər sahələrdə olduğu kimi, hərbi sahədə də  yüksək səviyyədədir. Azərbaycan  və Türkiyə hərbçilərinin ənənəvi olaraq keçirilən hərbi təlimləri  deyilənlərin təsdiqidir. Silahlı Qüvvələrimiz hər bir vəzifəni təkcə və birgə icra etməyə hazırdır və qadirdir.  Bu təlimlər qardaş ölkənin KİV-lərində  daha çox müzakirə olunmaqla, Azərbaycan-Türkiyə dostluğunun, birliyinin  bariz nümunəsi kimi qeyd edilir. «Bir millət, iki dövlət» kimi dəyərləndirilən  Azərbaycanla  Türkiyə arasında əlaqələrin inkişafının göstəricisi kimi şərh edilən bu təlimlər, həmçinin  iki ölkənin silahlı qüvvələri arasında əlaqələndirmənin güclənməsinə və qabaqcıl təcrübə mübadiləsinə xidmət edir, regional sülhün və təhlükəsizliyin möhkəmləndirilməsinə töhfə verir.   Bütün beynəlxalq təşkilatlarda   vahid mövqedən çıxış edən, hər bir məsələyə yanaşmada ədaləti ortaya qoyan Azərbaycan və Türkiyənin diaspor təşkilatlarının birgə fəaliyyəti də diplomatik uğurlarımıza davamlı töhfələr verir. 44 günlük İkinci Qarabağ müharibəsi zamanı  Azərbaycan-Türkiyə diaspor təşkilatlarının birgə fəaliyyəti nəticəsində ermənilərin iç üzləri bir daha dünya ictimaiyyətinə açıqlandı.

Azərbaycan 44 gündə yazdığı tarixlə haqqı-ədaləti, beynəlxalq hüququ bərpa etdi, işğala son qoydu. Azərbaycan Ordusu göstərdiyi şücaəti ilə bir daha işğalçı Ermənistana yerini göstərdi, diz çökdürdü, “məğlubedilməz erməni ordusu” mifini dağıtdı, kimin haqlı, kimin saxta tarix yazaraq yalanları ilə həqiqəti inkar etmək yolu tutduğunu dünyaya nümayiş etdirdi.

44 günlük müharibə Azərbaycan-Türkiyə dostluğunun sarsılmazlığını bir daha  dünyaya göstərdi. Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəmizə səfəri və Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə Zəfər paradını izləməsi, birliyimizi, həmrəyliyimizi,  dünyaya mesajlarını özündə əks etdirən çıxışı,  həmçinin ölkələrimiz arasında müxtəlif sahələrə dair bir sıra mühüm sənədlərin imzalanması Azərbaycanla Türkiyə arasındakı dostluq və qardaşlığın daha bir əyani təzahürü oldu.  Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə mətbuata bəyanatında “Bu gün Türkiyə-Azərbaycan tarixində çox əlamətdar, önəmli bir gündür. Bu gün biz birlikdə Zəfər paradını seyr edərkən bir-birimizi təbrik etdik. Bu Zəfər münasibətilə xalqlarımızı təbrik etdik. Bu tarixi Zəfər bizim birliyimizin təcəssümüdür” söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirmişdir ki,  Türkiyə və onun Cümhurbaşqanı müharibənin ilk saatlarından Azərbaycana, Azərbaycan xalqına öz dəstəyini göstərib. Onun bəyanatları həm Azərbaycan xalqı üçün çox dəyərli idi, qiymətli idi, eyni zamanda, bütün dünyaya bir mesaj idi ki, Azərbaycan tək deyil, Azərbaycana heç kimsə mane olmasın. Azərbaycan haqq davasına çıxıb, Vətən savaşına çıxıb. Türkiyə Azərbaycanın yanındadır. Bu mesaj, əslində, həmrəyliyin bir təcəssümü idi. Onu göstərdi ki, Azərbaycan öz  davasında haqlıdır: “Biz tarixi ədaləti bərpa etdik. Biz uzun illər sürən işğala son qoyduq. Türkiyə kimi qardaşımızın yanımızda olması bizi daha da ruhlandırırdı. Bizə əlavə güc verirdi. Biz gücdən istifadə edərək öz tarixi torpaqlarımızı işğalçılardan azad etdik.”

Tarixi Zəfərimizdən, Zəfər paradından ötən iki ilin hər günü tariximizə  biri-birindən əhəmiyyətli tarixi hadisələri yazıb. Dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərimizə ardıcıl səfərləri Böyük Qayıdışın daha da sürətlənməsi deməkdir. Tarixi Zəfərimizdən dərhal sonra cənab İlham Əliyev Ermənistana beynəlxalq hüququn 5 əsas prinsipini özündə əks etdirən sülh təklifini edib. İki ildə bu istiqamətdə keçirilən görüşlərin hər biri hədəfə doğru  bir addım irəliləmək deməkdir. Hazırda bütün işğaldan azad edilmiş ərazilərimiz qurculuq meydanına çevrilib. Qarabağ və Şərqi Zəngəzur cənnətə çevrilir. Böyük Qayıdışın tam şəkildə reallaşması ilə ölkəmizin həyatında  yeni mərhələ başlayacaq. 30 il işğal altında olan və iki ilidir tarixi sahibinə qovuşan torpaqlarımızın malik olduğu potensialdan səmərəli istifadə etməklə daha yeni-yeni hədəflərə doğru inamla addımlayacağıq.

Daha çox xəbərlər