Gündəm 

Tarixə Türkiyə-Azərbaycan qardaşlığının simvolu kimi yazılan Zəfər paradı

Azərbaycanın tarixində əlamətdar hadisələrilə yadda qalan günlər çox olsa da önəmi, insanlara bəxş etdiyi qüruru ilə seçilən 10 dekabr 2020-ci il möhtəşəmliyi ilə seçilir. Həmin gün paytaxtımızda keçirilən Zəfər paradı xalqımızın yaddaşına birlik və həmrəyliyinin təcəssümü kimi yazıldı. Bu tarix torpaqlarımızı 30 il işğal altında saxlayan Ermənistanın süqutu, əbədilik məhvə düçar edildiyi gün oldu. «Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var idi. Azərbaycan xalqının 30 illik yurd həsrətinə son qoyan İkinci Qarabağ müharibəsinin təntənəsi olan paradda ən müasir hərbi avadanlıq və ləvazimatlarla təchiz olunmuş qüdrətli Azərbaycan Silahlı Qüvvələri ilə birgə düşmənin döyüş meydanlarında qoyub qaçdığı, Milli Ordumuz tərəfindən darmadağın edilmiş, qənimət götürülmüş sınıq-salxaq hərbi texnikalarının nümayişi Ermənistana hərbi və mənəvi zərbə oldu» söyləyən, meydanda mətin addımlarla irəliləyərək Ali Baş Komandana «Qələbə hesabatı»nı verən nizami Silahlı Qüvvələrimizi seyr edən Prezident İlham Əliyev yenilməz sərkərdə kimi xalqımıza əbədi sevinc yaşatdı. Bu paradın daha bir önəmini «Bu gün tarixi bir gündür. Bu gün Azadlıq meydanında Zəfər paradı keçirilir. Mən çox şadam ki, bu paradda mənim dəvətimi qəbul edərək Türkiyə Cümhuriyyətinin Cümhurbaşqanı, əziz qardaşım Rəcəb Tayyib Ərdoğan iştirak edir. Eyni zamanda, Türkiyədən gəlmiş böyük nümayəndə heyəti, türk əsgər və zabitləri iştirak edirlər. Bu, bir daha bizim birliyimizi, dostluğumuzu və qardaşlığımızı göstərir» sözləri ilə bildirən dövlət başçımızın vurğuladığı kimi, bu tarixi gün Vətən müharibəsinin ilk ilk saatlarından xalqımızla bir olan Türkiyə ilə birliyimizin, qardaşlığımızın bayramı idi. 44 gün davam edən İkinci Qarabağ müharibəsini Qələbə ilə başa çatdıran Azərbaycan Silahlı Qüvvələri illərdən bəri aparılan siyasi, diplomatik mübarizəni hərb meydanında davam etdirərək əzəli torpağımız olan Qarabağı əsl sahiblərinə qaytardı.

İşğalçını dəstəkləyənlərə, ölkəmizin uğurlarına qısqanan ermənipərəst qüvvələrə əbədi dərs verdi.
İşğalçı ölkənin «güclü ordu»sunu qısa müddətdə məhv edən, təhlükəli bəyanatlar səsləndirməklə, «Qarabağ Ermənistandır» söyləməklə istəyinə çatdığını çürük fəlsəfəsi ilə düşünən, kapitulyasiya aktını imzalamaqla Qarabağa sahiblənmək, Cəbrayıla yol çəkmək iştahasına Şuşada sərxoş halda oynadığı sonunucu yallısı ilə son qoyan Ermənistanın başsız baş naziri Nikol Paşinyana layiqli qulaqburması verildi. Ermənistanın işğalına ilk məruz qalan və sonuncu şəhər olaraq azad edilən Şuşa savaşındakı döyüşlərdə separatçılar darmadağın edildi . Tarixi nailiyyətimiz olan Şuşanın azad edilməsi ilə düşmənin beli qırıldı. Azərbaycan bayrağı mədəniyyət paytaxtımızda dalğalandı. Azərbaycan öz gücü, qardaş Türkiyənin dəstəyi ilə Ermənistanın hərbi texnikalarını, canlı qüvvələrini məhv etdi. Bütün dünya ictimaiyyəti gördü ki, Prezident İlham Əliyev hərb meydanında müzəffər sərkərdə , diplomatik cəbhədə böyük strateq nümunəsi ortaya qoydu. Müzəffər Ali Baş Komandanımız informasiya müharibəsində Azərbaycanın haqq səsi oldu, cəsarətlə bütün təzyiqlərə sinə gərdi, öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik rəmzinə çevrildi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev inamla səsləndirdiyi «Qarabağ Azərbaycandır!»” bəyanatını reallaşdırmaqla mümkünsüzü mümkün etdi. Türkiyə ilə Azərbaycan yumruq kimi birləşərək təkcə Ermənistana deyil, illərdən bəri işğalçını dəstəkləyən ədalətsiz güclərə sübut etdi ki, döyüş meydanında Zəfəri təkcə tanklarla, toplarla deyil, ağılla, zəka ilə , düşünülmüş siyasətlə qazanmaq olar. Zəfər paradı Azərbaycanın müdafiə qüdrətinin, əsgər və zabitlərimizin peşəkarlığının, cəsarətinin, qəhrəmanlığının nümayişi oldu. Torpaqlarımızın Ermənistanın işğalından azad edilməsi üçün sona qədər gedəcəyini bəyan edən dövlət başçımız hərbi paradda tarixi Zəfərimizi «Bu gün biz qəhrəman xalq kimi bu bayramı qeyd edirik. Azərbaycanın müzəffər Ordusu öz tarixi missiyasını yerinə yetirdi, Ermənistanı məğlub etdi. Ermənistan ordusu demək olar ki, yoxdur, məhv edilib. Bundan sonra əgər erməni faşizmi bir daha baş qaldırsa, nəticə eyni olacaq. Yenə Azərbaycanın dəmir yumruğu onların belini qıracaq» sözləri ilə bəyan etdi. «Qarabağ Azərbaycandır və nida!» sözlərinə sadiq qaldığını müdafiə qüdrətimizi möhkəmləndirməklə bildirdi. Qalib ordunun müzəffər komandanı olduğunu «Demişdim ki, gün gələcək və bu gün işğaldan azad edilən torpaqlarda qaldırılan Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və bu gün gəldi. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır. Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik» sözləri ilə bəyan etdi.

Fransa kimi mühafizəkar dövlətin 30 il işğal altında qalan Azərbaycan ərazilərində inşa etdiyi istehkamlar, səngərlər, verdiyi yüzlərlə, minlərlə hərbi texnika belə Ermənistanı biabırçı məğlubiyyətdən xilas edə bilmədi. Milli Ordumuzun XXI əsrin tələblərinə uyğun apardığı döyüş əməliyyatlarında fərarilərdən ibarət düşmən ordusu ilk günlərdən səngərləri tərk edərək təslim oldular. Texnikaları metal parçası kimi Hərbi Qənimətlər Parkında «məskunlaşaraq» erməni rəzilliyini təsdiqlədi. Ermənistana ən böyük siyasi, hərbi , diplomatik zərbə isə işğalçı dövlətin Bakıda Hərbi Qənimətlər Parkının tezliklə bağlanması ilə əlaqədar vəsatətinin Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən rədd edilməsi oldu.

Son nəfərinə qədər məhv olmaq təhlükəsi ilə üzləşən məğlub Ermənistan iki yoldan birini seçməli idi. Paşinyan hakimiyyəti reallığı nəhayət ki, dərk edərək «ağ bayraq» qaldırdı. Xalqımızın 30 il gözlədiyi torpaq həsrətinə 8 noyabr 2020-ci ildə son qoyuldu . Qarabağa qovuşduğumuz bu şanlı tarix dövlət səviyyəsində Zəfər günü kimi qeyd olunur. Məhz bu tarixdə Nikol Paşinyanın «nöqtəsi»nə Prezident İlham Əliyevin «nida»sı ilə son qoyuldu. İmzalanan üçtərəfli Bəyanata əsasən «Dağlıq Qarabağ»ın «statusu» da cəhənnəmə göndərildi.

Azərbaycan Silahlı Qüvvələrinin bütün qoşun növlərinin, hərbi birləşmə və tədris müəssisələrinin şəxsi heyətlərinin iştirak etdikləri Zəfər paradında ölkə ictimaiyyəti bir daha dövlətimizin müdafiə qüdrətinin , ordumuzun döyüş və qələbə əzminin şahidi oldu. Zəfər paradı xalqımızda belə bir inam yaratdı ki, ata-babalarımızın ulu torpağı olan Şərqi Zəngəzur da əsl sahiblərinə qovuşacaq.

Zəfər paradının digər önəmi mərasimin dostluq və qardaşlığın rəmzi kimi tarixə yazılması, tribunada Prezident, Ali Baş Komandan İlham Əliyevlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın çiyin-çiyinə dayanması, qardaş ölkəni təmsil edən rəsmi şəxslərin iştirakı , hərbçilərinin Azadlıq meydanında nümunəvi keçidi oldu. Bütün dünya bir daha Azərbaycan-Türkiyə dostluğunun və qardaşlığının sarsılmazlığını gördü. «Bu, birliyimizin, qardaşlığımızın təzahürüdür. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir. Bu gün biz birlikdə Zəfər paradında iştirak edərkən, bir daha bizim birliyimizi həm xalqlarımıza, eyni zamanda, bütün dünyaya göstəririk» söyləyən, Zəfər paradını Prezident İlham Əliyevlə birgə izləməkdən qürur duyduğunu bildirən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın «Türkiyə olaraq Azərbaycan ilə münasibətlərimizdə özümüzə hər zaman böyük lider bildiyimiz Heydər Əliyevin «Bir millət, iki dövlət»” şüarını rəhbər tutduq. Qazi Mustafa Kamal Atatürkün dəqiq ifadəsi ilə Azərbaycanın kədərini kədərimiz, sevincini sevincimiz bildik» sözləri bütün türk dünyasının birlik simvolu kimi düşmənə dərs oldu. Zəfərimizlə birgə qürur duyduğunu bildirən cənab Rəcəb Tayyib Ərdoğan vurğuladı ki, artıq Azərbaycan torpaqları illərdən bəri həsrət qaldığı Tərtər çayının sularına qovuşmuşdur. Şuşanın dağlarının başındakı duman dərdli deyil. Girov qalmış xarıbülbül azaddır və daha gözəl açacaqdır. Köndələnçayın coşqun suları ermənilərin əsarətində qalan torpaqlarımıza yeni həyat verəcəkdir. O taylı , bu taylı qardaşların həsrətindən yorulan Araz vüsal nəğməsini oxuyacaq.

Bütün türk dünyasını birləşdirəcək Zəngəzur dəhlizinin istifadəyə veriləcəyi gün isə türk dünyası dövlətlərinin birgə qeyd edəcəkləri tarixi Zəfər günü olacaq. O gün yaxındadır və mütləq olacaq!

İkinci Qarabağ müharibəsindən ötən iki ildə Böyük Qayıdışın addımları kimi işğaldan azad edilmiş torpaqlarımızda aparılan bərpa-quruculuq işləri, tikilən beynəlxalq hava limanları, çəkilən yollar, bölgələrdə yenilənən infrastruktur, canlanan torpaqlarımız, Ağalı kəndində yurdlarına qovuşan insanlar Zəfərimizin xalqımıza yaşatdığı sevincli anlardır. «Zəfərdən zəfər doğar» müdrik kəlamının real həyatdakı nümunəsi qüdrətli Azərbaycandır!

Daha çox xəbərlər