Gündəm 

Silahlı Qüvvələrimiz hər cür təhdidə adekvat cavab vermək qüdrətindədir

Azərbaycanda nizami və mütəşəkkil ordu quruculuğu ilə bağlı islahatlar ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra geniş miqyasda aparıldı. Dövlətin müdafiə qüdrətinin möhkəmlənməsinin ən mühüm amili sayılan ordu quruculuğu istiqamətində aparılan islahatlar Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə daha geniş miqyasda həyata keçirildi. Qəhrəmanlıq tariximizi yazan Silahlı Qüvvələrimiz İkinci Qarabağ müharibəsində Ermənistan üzərində qazandığı Zəfərlə Ulu Öndərin arzuladığı qədər peşəkar qüdrətli ordu olduğunu göstərdi. 44 günlük Vətən müharibəsində qazandığı uğurlarla qəhrəmanlıq tariximizin möhtəşəm səhifələrini yazan, paytaxtımızda keçirilən Zəfər paradı, qəhrəman əsgər və zabitlərimizin meydanda qürurla addımlaması hərbçilərimizin fədakarlığının, yüksək səviyyədə olan döyüş bacarığının məntiqi nəticəsi idi.

İkinci Qarabağ müharibəsinin ilk günlərindən yalnız Qələbə naminə vuruşaraq döyüşlərdə şücaət göstərən hərbçilərimiz ən çətin, keçilməz müdafiə xətlərini peşəkarcasına yararaq sözün əsl mənasında ölümə getməyi belə şərəf, Vətən, xalq qarşısında müqəddəs borc hesab edirdilər. İşğaldan azad edilmiş ərazilərimizdə, yüksəkliklərdə dalğalanan üçrəngli bayraqlarımız varlığımızın əbədiyyət rəmzi kimi düşmənə göz dağı idi.
Vətən müharibəsinin davam etdiyi 44 gün ərzində bir gün belə dayanmadan irəliyə, Zəfərə doğru gedən əsgər və zabitlərimiz döyüş meydanında ədaləti bərpa edərək Müzəffər Ali Baş Komandan İlham Əliyevin və xalqımızın etimadını, güvənini doğrultdu. Ərazi bütövlüyümüzün keşiyində sayıqlıqla dayanan hərbçilərimizin rəşadəti sayəsində işğaldan azad edilən hər qarış torpaq belə tariximizə qəhrəmanlıq salnaməsi kimi yazıldı.
Alınmaz qala sayılan Şuşanı erməni işğalından azad edən Azərbaycan Silahlı Qüvvələri müharibə tarixində görünməmiş qəhrəmanlıq dastanı yazdılar. Xarici KİV-lərə müsahibələrində «Şuşasız bizim qələbəmiz yarımçıq olardı» söyləyən, bu şəhərin işğaldan azad olunmasını müharibənin həlledici məqamı adlandıran Prezident İlham Əliyev Ali Baş Komandan kimi hərbçilərimizin döyüş qabiliyyətini, peşəkarlığını yüksək qiymətləndirir: « Qəhrəman övladlarımız dağlardan, meşələrdən, dərələrdən, cığırlardan bu uzun məsafəni qət edərək, qanlı döyüşlərdə düşməni məğlub edərək Şuşaya yaxınlaşıb. Ondan sonra sıldırım qayalara dırmaşaraq, yüngül silahlarla küçə döyüşlərində, şəhər döyüşlərində, əlbəyaxa döyüşlərdə düşməni məğlub edib, torpağımızdan qovub, üçrəngli bayrağımızı Şuşada qaldırıb. Bu tarixi gündən cəmi iki il keçib və iki il ərzində bir çox hadisələr baş verib. İllər keçdikcə hərbçilərimizin qəhrəmanlığı hər kəs üçün daha bariz şəkildə aydın olacaq.»

27 sentyabr 2020-ci ildən başlayaraq Şuşaya uzanan Zəfər tariximizin hər günü güclü iradə, Vətən sevgisi ilə dolu idi. Ermənistan ordusunda 10 mindən çox fərarinin olmasına baxmayaraq Azərbaycanın hərbi kontingetində bir nəfər də olsun döyüşlərdən yayınma halları olmamışdır. Bu cür nizam-intizam, eyni zamanda, cəsur övladlarımızın torpağa, yurda bağlılığın, gənclərimizdə vətəndaşlıq məsuliyyətinin, milli- mənəvi keyfiyyətlərin yüksək olmasının göstəricisi idi.

Arxada qalan iki ilə nəzər saldıqda görürük ki, Zəfərə gedən yol çox da asan olmayıb. Qüdrətlənən iqtisadiyyatımızdan məqsədyönlü istifadə ilə ölkəmizin müdafiə qüdrətinin güclənməsini, Silahlı Qüvvələrimizin ən müasir silah-sursatlarla, hərbi texnika ilə təmin edilməsini başlıca vəzifə kimi diqqətdə saxlayan Prezident İlham Əliyev Müzəffər Ali Baş Komanda kimi də sərkərdəlik məharətini göstərdi.

Orduda peşəkarlığın artması, yeni nəsildə hərbi vətənpərvərlik ruhunun formalaşması heç vaxt Qarabağı görməyən gənclərimizi belə Qələbəyə ruhlandırırdı. Ermənistanın işğalı altında qalan torpaqlarımızın azad olunmasında qəhrəmanlıq göstərən hərçilərimizin, könüllülərin fədakarlığı ən güclü silahdan da artıq mənəvi dəstək kimi Zəfərə uzanan yolu yaxınlaşdırdı. Müxtəlif dillərə, dinlərə məxsus olsalar belə eyni məqsəd naminə birləşən bütün ölkə vətəndaşları milli birlik, həmrəylik ideyalarına sadiqliyini «xalq-ordu» ifadəsini bir ailənin üzvü kimi nümayiş etdirdi. Bu gün bu duyğular daha güclü və inamlıdır. Bu baxımdan İkinci Qarabağ müharibəsində düşmənə sarsıdıcı zərbələr endirən Silahlı Qüvvələrimizin əsgər və zabitlərinin döyüş qabiliyyətini, rəşadətini Vətən müharibəsinin dərslərini Ermənistan kimi Qarabağda müvəqqəti məskunlaşan Rusiya Federasiyasının Müdafiə Nazirliyinin sülhməramlı kontingentinin rəhbərləri, sıravi əsgərləri belə unutmamalıdırlar.

«Fərrux», «Qisas» əməliyyatları, 13-14 sentyabr Ermənistan-Azərbaycan sərhədindəki hadisələr Ermənistan üçün dərs olmalıdır. Bu dərsi öyrədən isə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi Silahlı Qüvvələrimizin yüksək hazırlıqlı hərbçiləridir.

13-14 sentyabr əməliyyatından sonra strateji yüksəkliklərdə yerləşən Milli Ordumuzun döyüş bacarığını, hazırlığını Vətən müharibəsindəki hərbi əməliyyatlarda hiss edən Ermənistan bilməlidir ki, Qarakilsə, Qafan, Gorus, İstisu şəhərlərinə nəzarət edən, Bala Göyçə gölünün sahilində yerləşən Silahlı Qüvvələrimiz müharibədən sonra daha da güclənib.

Bu gücün, dəmir yumruğun zərbəsini alan Ermənistan öhdəliklərini yerinə yetirməyə borcludur. Hələ də sülh sazişinin imzalanmasına mane olan, Zəngəzur dəhlizinin bərpasına əngəl törədən Ermənistan və havadarları kapitulyasiya aktını unutmamalıdır.

«Məğlub edilmiş ölkə özünü belə apara bilməz. Ona görə bizim bütün addımlarımız əsaslıdır. Düzdür, Ermənistanın bəzi xarici havadarları bizi nədəsə günahlandırmaq istəyirlər. Onların cavabını da mən vermişəm. Yenə də nəsə banlasalar, yenə də cavablarını verərəm. Bu, məni dayandırmaz. Amma fakt odur ki, biz öz haqqımızı tələb edirik və Azərbaycanın haqlı olması böyük beynəlxalq aktorlar tərəfindən sual altına qoyulmur» sözləri ilə müharibədən keçən iki il ərzində daha da güclənən, Qarabağı və Şərqi Zəngəzuru yenidən quran Azərbaycan xalqı iqtidar ətrafında daha sıx birləşərək ordumuzun gücləndirilməsi üçün vətəndaşlıq borcuna da sadiqdir. «Öldü var, döndü yoxdur» amalı ilə Vətən müharibəsinə başlayan, «Yə azadlıq, ya da ölüm!» deyərək haqqını tələb edən Azərbaycan xalqı məqsədinə nail oldu. İkinci Qarabağ müharibəsində zəngin döyüş təcrübəsi qazanan ordumuz sadiq qaldığı qəhrəmanlığını, peşəkarlığını, fədakarlığını lazım gəldiyi məqamlarda təkrarlamaq qüdrətindədir.

Bu gücün qarşısında aciz olduğunu dərk edən Ermənistan yaxşı qonşuluq siyasəti aparmaq istəyirsə, ilk növbədə 2020-ci ilin 10 noyabr Bəyanatının bütün müddəalarını yerinə yetirməlidir. Azərbaycanla sülh üzrə aparılan danışıqlarda səmimi olmalıdır. Növbəti dəfə təxribatlara yol versə qarşısında yenə də Azərbaycan Ordusunu görəcək. «Biz sülh istəyirik, biz müharibə istəmirik. Sülh, amma ədalətli sülh. İrəli sürdüyümüz şərtlər ədalətlidir, beynəlxalq hüquqa əsaslanır və sülh müqaviləsi bu şərtlər əsasında imzalanmalıdır. Əgər Ermənistan xoş niyyət göstərsə, bu, imzalanacaq, göstərməsə, imzalanmayacaq. Ondan sonra nə olacaq, onu həyat göstərər» söyləyən Prezident İlham Əliyev işğalçı Ermənistana Silahlı Qüvvələrimizin gücünü, iradəsini, yenilməz milli qürurunu xatırladır. «İşğal illəri dövründə hərbçilərlə çoxsaylı görüşlərdə – hərbi hissələrdə, səngərlərdə, Lələtəpə zirvəsində, hərbi paradlarda hər zaman deyirdim ki, gün gələcək biz öz doğma torpaqlarımızı qaytaracağıq. Hər zaman deyirdim ki, Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan çıxmasa, biz hərbi yolla Qarabağ məsələsini həll edəcəyik. Belə də oldu. Müzəffər Azərbaycan Ordusu tarixi missiyanı şərəflə yerinə yetirdi» söyləyən Prezident İlham Əliyev ilk gündən Qələbəmizə inanan xalqımızın böyüklüyünü, gücünü, sarsılmaz iradəsini də Zəfərimizin başlıca amili adlandırır.

Bütün dünya ictimaiyyəti gördü ki, Azərbaycan işğalla barışmayacaq.
Hadrutda, Kəlbəcərdə yeni birləşmiş komando hərbi birləşmələrinin yaradılmasını müdafiə qüdrətimizin artan potensialı kimi dəyərləndirən Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi Silahlı Qüvvələrimiz sübut etdi ki, münaqişənin hərbi həlli mövcuddur. «Nə hərb, nə sülh vəziyyəti»nin qalması bölgədə sülhə təhdid, regionda sabitliyin qorunmasına süni yaradılan təhdiddir. Amma reallıq budur ki, dünyanın ən güclü orduları arasında sayılıb-seçilən Azərbaycanın Silahlı Qüvvələri hər cür təzyiqlərə, təhdidlərə adekvat cavab vermək iqtidarındadır.

Daha çox xəbərlər