Siyasət 

Ən şərəfli an Zəfər anıdır

Zəfər paradı: Şanlı Qələbənin əzəmətli və təntənəli təqdimatı

2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında keçirilən parad əvvəlkilərdən fərqli idi. Bundan əvvəlki Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının, həmçinin Bakının işğaldan azad olunmasının  100 illiyinə həsr olunan hərbi paradlarda Azərbaycan Ordusunun imkanları nümayiş edilirdi. Amma bu paradın xüsusi önəmi var idi. Bu, Zəfər paradı idi. Hər bir azərbaycanlının səbirsizliklə gözlədiyi həmin o şanlı Qələbənin paradı idi… Biz 30 il idi ki, qələbə ruhunda keçiriləcək Zəfəri paradının həsrətində idik.

Qələbənin rəmzi təntənəsi…

Dövlətimizin qüdrəti, Prezident İlham Əliyevin qətiyyəti, Azərbaycan Ordusunun gücü, xalqımızın birliyi, həmrəyliyi sayəsində qazanılan şanlı Qələbəmizin təqdimatı olan Zəfər paradı döyüşlərdən qalib çıxmış, düşməni dəmir yumruqla əzmiş əsgərlərimizin, zabitlərimizin qalibiyyət yürüşü idi. Bu, eyni zamanda, ərazi bütövlüyümüzün bərpasının təqdimatı idi. Zəfər paradına işğaldan azad edilmiş ərazilərimizdə dalğalandırılan üçrəngli bayrağımızın gətirilməsi xalqımızın sonsuz qürur və iftixar mənbəyi kimi dövlətçilik tariximizə qızıl hərflərlə əbədi həkk olunan müstəsna hadisə oldu.

Azərbaycan Silahlı Qüvvələrinin bütün qoşun növlərinin, hərbi birləşmə və hərbi tədris müəssisələrinin şəxsi heyətlərinin, hərbi texnikaların iştirak etdikləri Zəfər paradında ölkə ictimaiyyəti bir daha dövlətimizin hərbi gücünün, ordumuzun döyüş və qələbə əzminin əyani şahidi oldu. Azərbaycan Ordusunun qəhrəmanlığına, müdafiə sənayesi sahəsində əldə etdiyimiz uğurlara, hərbi arsenalımızda mövcud olan silah-sursat və texnikaların nümayişinə, müharibənin gedişində düşmən ordusundan ələ keçirilən qənimətlərin göstərilməsinə həsr olunmuş Zəfər paradımız, hər birimizə sonsuz qürur və xoşbəxtlik bəxş etdi, hər bir azərbaycanlının öz ordusunun qüdrətinə  inamını, qürur və fəxarətini qat-qat artırdı.

Paradın ən həssas məqamı isə kiçik uşaqların böyük sevinlə küçələrdən keçən ordumuzu, əsgərlərimizi alqışlamaları idi. Balaca əllərində Azərbaycan bayrağı “Ən böyük əsgər, bizim əsgər!”, “Şəhidlər ölməz, Vətən bölünməz!”, “Qarabağ Azərbaycandır!” şüarı səsləndirən bugünkü uşaqlar sabah Vətənin keşiyində duracaq gəncliyimizdir. Kiçik qəlbində böyük Azərbaycan sevgisi daşıyan uşaqların coşqusu Zəfər paradının ən yaddaqalan anlarındandır.Bu mənada, Qələbəmizə həsr olunan bu tarixi təntənə böyüməkdə olan nəslin vətənpərvərlik hisslərinin tərbiyə olunmasında müstəsna əhəmiyyət kəsb edir.

Bütün bunlarla yanaşı, Zəfər paradı işğalçı Ermənistana və ona havadarlıq edən dövlətlərə bir sıra mesajları çatdırdı.  Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəsinə həsr olunmuş paradda 150-dək hərbi texnika, həmçinin müharibə zamanı qənimət kimi ələ keçirilmiş Ermənistan silahlı qüvvələrinə məxsus hərbi texnikanın bir qismi nümayiş edilirdi. Ermənistanın 26 ildə möhkəmləndirdiyi istehkamlar, səngərlər, Qarabağda cəmləşdirdiyi yüzlərlə, minlərlə hərbi texnika onu xilas edə bilmədi. Azərbaycanın apardığı ən müasir döyüş əməliyyatlarının qarşısında bu texnikalar heç bir işə yaramadılar, ordumuzun hədəfinə çevrilərək metal parçasına döndülər. Paradda qənimət götürülmüş Ermənistanın hərbi texnikasının nümayişi müharibədən sonra düşmənə vurulan növbəti zərbə oldu.

Unutmamaq və unutdurmamaq üçün…

Xalqımızın Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı tarixi Zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Bakıda Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin yaradılması haqqında Sərəncam imzalayıb, həmçinin Hərbi Qənimətlər Parkının salınmasının təşəbbüskarı olub. Parkdakı eksponatlar arasında Silahlı Qüvvələrimizin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdüyü 2 mindən çox hərbi avtomobilin nömrə nişanlarından hazırlanan və üzərində “Qarabağ Azərbaycandır!” şüarı əks olunan kompozisiya, Ermənistan tərəfindən törədilən müharibə cinayətləri, o cümlədən döyüş bölgəsindən uzaq olan ərazilərimizin raket zərbələrinə məruz qalması, dinc sakinlərin qətlə yetirilməsi və yaralanması barədə faktlar, düşmən tərəfindən Azərbaycan ərazisinə atılmış “İsgəndər-M” raketinin qalıqları var.

O Zəfər qiymətlidir ki, paylaşmağa, birgə sevinməyə qardaşın var

Zəfər paradının digər önəmi mərasimin Azərbaycan-Türkiyə dostluğunun və qardaşlığının rəmzi kimi tarixə yazılması, tribunada Prezident, Ali Baş Komandan İlham Əliyevlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın çiyin-çiyinə dayanması, qardaş ölkəni təmsil edən rəsmi şəxslərin iştirakı , hərbçilərinin Azadlıq meydanında nümunəvi keçidi oldu. Qardaş Türkiyə hərbçilərinin paraddan keçidi coşqu ilə qarşılandı və bütün xalqımızı dərindən qürurlandırdı. Türkiyə dövləti, onun siyasi-hərbi rəhbərliyi bu müharibədə birmənalı şəkildə Azərbaycanın yanında oldu, ölkəmizin haqlı mövqeyini, ərazi bütövlüyünü qətiyyətlə dəstəklədi. Bütün dünya bir daha Azərbaycan-Türkiyə dostluğunun və qardaşlığının sarsılmazlığını gördü.

Bu gün də Azərbaycan qardaş Türkiyə ilə birgə addımlayır. Qarabağda həyata keçirilən  abadlıq-quruculuq, yenidənqurma işlərində Türkiyə dövləti və şirkətləri bizim yanımızdadır. Tezliklə işğaldan azad edilmiş tarixi torpaqlarımız yenidən dirçələcək, daha da müasir formada öz əvvəlki görkəminə qayıdacaq. Bütün dünya Ermənistanın dağıdıcı, terrorçu, vandalizm əməllərinin nəticələrinə şahid olduğu kimi, Azərbaycanın da gerçəkləşdirdiyi infrastruktur layihələri çərçivəsində ümumbəşəri dəyərlərə həssas münasibətinin şahidi olacaq.

Azərbaycan Silahlı Qüvvələrinin qələbəsini bəyan etməklə yanaşı, bu parad həm də ordumuzun gücünün, qüdrətinin nümayişi idi. Zəfər paradından bütün qoşun növlərini əhatə edən 3000 hərbçi ilə yanaşı, 150-dək hərbi texnika keçdi. Birlik, birləşmə və hərbi hissələrin xüsusi texnikaları və silah sistemlərinin keçidi zamanı nümayiş etdirilən xüsusi təyinatlı avtomobil, zirehli-tank texnikası, hava hücumundan müdafiə, artilleriya və əməliyyat taktiki raket sistemləri, pilotsuz uçuş aparatları ordumuzda aparılan modernləşmə işlərinin nümunələridir. Bu parad bir daha göstərdi ki, ordu quruculuğu prosesi Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ötən illər ərzində uğurla davam etdirilib. Bunun nəticəsində Azərbaycan Silahlı Qüvvələri bu gün regionun modern texnika ilə təchiz edilən, Vətənin müdafiəsinə daim hazır olan yüksək nizam-intizama malik bir quruma çevrilib.

Ötən iki il…

Zəfər paradından ötən iki ilin hər günü tariximizə  biri-birindən əhəmiyyətli tarixi hadisələri həkk edib. Dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərimizə ardıcıl səfərləri Böyük Qayıdışın daha da sürətlənməsi deməkdir. Hazırda bütün işğaldan azad edilmiş ərazilərimiz qurculuq meydanına çevrilib. Qarabağ və Şərqi Zəngəzur cənnətə çevrilir. Böyük Qayıdışın tam şəkildə reallaşması ilə ölkəmizin həyatında  yeni mərhələ başlayacaq. Tarixi Zəfərimizdən dərhal sonra cənab İlham Əliyev Ermənistana beynəlxalq hüququn 5 əsas prinsipini özündə əks etdirən sülh təklifini edib. İki ildə bu istiqamətdə keçirilən görüşlərin hər biri hədəfə doğru  bir addım irəliləmək deməkdir. Regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi, Azərbaycanla Ermənistan arasında münasibətlərdə yeni səhifənin açılması üçün sülh müqaviləsinin imzalanması, etimad mühitinin yaradılması hazırkı dövrün əsas çağırışlarındandır.

Qalib xalqımız Zəfər paradının ikinci ildönümünü böyük qürur hissi ilə qeyd edir. Tarixi Zəfərimizin təqdimatında əhəmiyyətli rol oynayan hər bir addım xalqımız tərəfindən böyük rəğbətlə qarşılanır.

Daha çox xəbərlər