Ümummilli Liderin müəyyənləşdirdiyi iqtisadi kurs ölkəmizi regionun liderinə çevirib
Tarix haqqında yazanlar çox olsa da, tarix yaradanların sayı azdır. Çünki tarix yaratmaq olduqca cəsarətli və məsuliyyətlidir. Dünyada belə şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycanın memarı və qurucusu, ulu öndər Heydər Əliyevin özünəməxsus yeri var.
Aydın məsələdir ki, Vətənini və xalqını sonsuz məhəbbətlə sevən, qətiyyəti və müdrikliyi ilə milyonları öz ətrafında birləşdirməyi bacaran, hadisələri düzgün qiymətləndirib reallıqlardan lazımi nəticə çıxaran ulu öndər Heydər Əliyev kimi siyasətçi, dahi şəxsiyyət tarix yarada bilərdi. Məhz Ulu Öndərin gərgin əməyinin nəticəsində dövlət müstəqilliyinin ilk illərində dərin böhrana düçar olmuş ölkə iqtisadiyyatı yenidən və müasir dövrün tələblərinə uyğun quruldu, dünya iqtisadiyyatına inteqrasiya edildi. Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi iqtisadi kurs hazırkı dövrdə də öz əhəmiyyətini qoruyub saxlayır.
1990-cı illərin əvvəlində Sovet İttifaqının süqutu, buradakı müəssisələr arasında mövcud əlaqələrin pozulması, Ermənistanın hərbi təcavüzü nəticəsində 1 milyondan artıq soydaşımızın doğma yurd-yuvasından didərgin düşməsi, Azərbaycanın iqtisadi, siyasi, informasiya blokadasına alınması ölkənin sosial-iqtisadi həyatını olduqca çətin vəziyyətə salmışdı. Bu da az imiş kimi, o dövrdəki siyasi rəhbərliyin səriştəsizliyi, eyni zamanda, baş verən hakimiyyət böhranı ölkəni nəinki belə bir fəlakətdən azad olmağa imkan verirdi, əksinə vəziyyəti daha da ağırlaşdırmaqla Azərbaycanı bütün sahələrdə uçuruma yuvarladırdı. Belə sahələrin önündə gedəni isə heç şübhəsiz ki, ölkə iqtisadiyyatı idi.
Həmin dövrün iqtisadi mənzərəsini o illərin makroiqtisadi göstəricilərində canlandırmaq mümkündür. Belə ki, 1991-1994-cü illər ərzində ölkə iqtisadiyyatında ümumi daxili məhsul (ÜDM) istehsalı hər il orta hesabla 16,5 faiz aşağı düşmüşdü. Həmçinin sənaye istehsalının həcmi 1985-ci illə müqayisədə 1991-ci ildə 10 faizə, 1992-ci ildə 37 faizə, 1993-cü ildə isə 50 faizə qədər azalmışdı.
İstehsal sahələrinin sıradan çıxması nəticəsində işsizlik səviyyəsi artmışdı. 1992-ci ildə inflyasiya səviyyəsi əvvəlki ilə nisbətən 4,9 dəfə artaraq 1012,3 faiz təşkil etmiş, 1994-cü ildə isə özünün ən yüksək həddinə – 1763,5 faizə çatmışdı. Bunlardan əlavə, büdcə kəsirinin ÜDM-ə nisbəti 1991-ci ildəki 0,1 faizdən 1994-cü ildə 13 faizə qədər artmışdı və büdcə kəsiri bütövlükdə Milli Bank tərəfindən maliyyələşdirilirdi.
1992-1994-cü illərdə, həmçinin xarici ticarət dövriyyəsinin həcmi 42 faiz azalmış, 1994-cü ilədək ölkə iqtisadiyyatına xarici sərmayə qoyulmamışdı. 1994-cü ildə Milli Bankın uçot dərəcəsi 250 faizə çatmışdı. Nəticədə ölkə iqtisadiyyatı idarəolunmaz vəziyyətə düşmüşdü.
Aydın məsələdir ki, belə vəziyyətdən çıxış yolu tapmaq, ölkəni iqtisadi uçurumun kənarından qurtarmaq da asan deyildi. Lakin ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtmasından sonra ölkədə siyasi sabitliyin bərqərar olunması, atəşkəsin əldə edilməsi ilə irimiqyaslı iqtisadi islahatlara başlanıldı. İlk növbədə 1994-cü il sentyabrın 20-də dünyanın 8 ölkəsini təmsil edən 11 transmilli neft şirkəti ilə dünya tarixinə “Əsrin müqaviləsi” kimi düşmüş sənədin imzalanması və icrasına başlanması ilə Azərbaycanın beynəlxalq iqtisadi sistemə inteqrasiyasının və ölkənin enerji təhlükəsizliyinin möhkəm təməli qoyuldu. Eyni zamanda, ümummilli lider Heydər Əliyevin 1999-cu ildə imzaladığı Fərmanla neft yataqlarının xarici şirkətlərlə birgə işlənməsindən əldə edilən mənfəət neftinin satışından daxil olan vəsaitlərin səmərəli idarə olunması, həmin vəsaitlərin prioritet sahələrin inkişafına və sosial-iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsinə yönəldilməsini təmin etmək üçün Dövlət Neft Fondu yaradıldı. Nəticədə neft sektoru iqtisadiyyatın digər sahələrinin inkişafında lokomotiv rolunu oynamağa başladı. Bununla da məqsədyönlü iqtisadi siyasət nəticəsində makroiqtisadi sabitliyə nail olundu və davamlı iqtisadi artımın əsası qoyuldu. İqtisadiyyatın bütün sahələrində islahatlara başlanıldı, cəlb olunan investisiyaların həcmi ildən-ilə yüksəldi, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində ciddi addımlar atıldı.
“İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” deyən ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə 1995-ci ildən başlayaraq aqrar sektorun bazar prinsipləri əsasında yenidən qurulması, sovxoz və kolxozların ləğv olunması, onlara məxsus torpağın, mal-qaranın və əmlakın kəndlilərə paylanması kimi tədbirlər nəticəsində kənd təsərrüfatında ciddi struktur dəyişiklikləri baş verdi, keyfiyyətcə fərqli münasibətlər formalaşdı. Aqrar sektorda səmərəli təsərrüfatçılığın, sahibkarlığın inkişafının təmini məqsədilə kənd təsərrüfatı məhsulları istehsalçılarının əvvəlki vergi borcları silindi. Bununla yanaşı, kənd təsərrüfatı məhsulu istehsalçıları torpaq vergisindən başqa bütün digər vergi ödəmələrindən azad edildilər. Beləliklə də, ulu öndər Heydər Əliyevin memarı olduğu və uğurla həyata keçirdiyi torpaq islahatı Azərbaycan kəndlisinin çoxəsrlik arzusunu reallaşdırdı, onları torpağın həqiqi sahibinə çevirdi. Eyni zamanda, dövlət mülkiyyətinin özəlləşdirilməsinin qanunvericilik bazası yaradıldı və müvafiq Dövlət proqramları təsdiq olundu. Əlavə etmək lazımdır ki, hazırda da kənd təsərrüfatı məhsullarının istehsalçıları torpaq vergisi istisna olmaqla digər vergilərdən azaddırlar.
Beləliklə, müstəqilliyin ilk illərində baş vermiş tənəzzülə ulu öndər Heydər Əliyevin həyata keçirdiyi strategiyanın nəticəsində son qoyuldu. Artıq 1995-ci ildən Azərbaycanda bərpa və dinamik inkişaf dövrü başlandı. 1995-2003-cü illər ərzində ümumi daxili məhsul 90,1 faiz, dövlət büdcəsinin gəlirləri 3 dəfə, ölkənin valyuta ehtiyatları 85 dəfə, sənaye məhsulunun həcmi 25,2 faiz, kənd təsərrüfatı istehsalının həcmi 53,9 faiz, xarici ticarət dövriyyəsi 4 dəfə, iqtisadiyyatda məşğul olanların orta aylıq real əməkhaqqı 5,1 dəfə artdı, inflyasiya göstəricisi 2-3 faiz səviyyəsinə qədər endirildi, bütün maliyyə mənbələri hesabına iqtisadiyyata yönəlmiş investisiyaların ümumi həcmi 20 milyard ABŞ dollarını ötdü. Əldə olunmuş nailiyyətlər sonrakı illərdə ölkə iqtisadiyyatının davamlı və dinamik inkişafı üçün möhkəm zəmin yaratdı. Təsadüfi deyil ki, pandemiyanın iqtisadiyyata təsirini nəzərə almasaq, 2003-cü illə müqayisədə 2019-ci ildə ÜDM-nin real artımı 3,4 dəfə, o cümlədən sənaye istehsalı 2,7 dəfə, kənd təsərrüfatı 2 dəfə artıb. Bu dövrdə xarici ticarət dövriyyəsi 6,4 dəfə, ixrac 7,6 dəfə, o cümlədən qeyri-neft məhsullarının ixracı 5,2 dəfə çoxalıb. Eyni zamanda, xarici valyuta ehtiyatları 27 dəfə artıb. Bundan başqa, orta aylıq əməkhaqqı 11 dəfə, orta pensiya 8 dəfə yüksəlib, yoxsulluğun səviyyəsi 50 faizdən 4,8 faizədək azalıb.
Bir sözlə, ulu öndər Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə gəlməsəydi bu gün bütün bu uğurlardan, o cümlədən 44 günlük Vətən müharibəsində əldə olunmuş Zəfərdən də danışmaq mümkün olmazdı. Bu uğurlar heç şübhəsiz ki, gələcəkdə əldə olunacaq nailiyyətlərin də təməli olacaq.

