ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV MÜASİR,MÜSTƏQİL AZƏRBAYCAN DÖVLƏTİNİN MEMARIDIR
Ulu öndərin əziz xatirəsi yüksək ehtiram və dərin minnətdarlıq hissi ilə qeyd olunur
Bu gün, 12 dekabr tarixi, bütün həyatını milli dövlətçiliyimizin yaradılmasına, intişar tapmasına həsr edən ümummilli lider Heydər Əliyevin həyatla cismani vidalaşdığı gündür. 90-cı illərdə yeni müstəqillik yoluna qədəm qoyan Azərbaycan özünün təbəddülatlar dövrünü yaşayırdı. Hər yeri bürüyən xaos, siyasi böhran, fəlakət həddinə çatmış sosial-iqtisadi vəziyyət ölkəni tamamilə parçalanmaq, bir dövlət kimi məhv olmaq dilemması ilə üz-üzə qoymuşdu. Nəhayət, tarixin yaratdığı növbəti bir şansı əldən vermək istəməyən Azərbaycan xalqı təcrübəli, qətiyyətli siyasi lider kimi böyük siyasət adamı Heydər Əliyevə müraciət etdi. Ümumiyyətlə, Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında böyük xidmətlərindən söhbət açanda 1969-1982-ci illəri xarakterizə etmək olduqca vacibdir. Böyük öndərin 1969-cu ildən respublika rəhbəri təyin edilməsi ilə Azərbaycanın tarixində sürətli inkişaf dövrü başladı. Onun rəhbərliyi ilə qısa zaman ərzində iri sənaye müəssisələri inşa edildi, təsərrüfat, elm və təhsil sahələrində ciddi islahatlar aparıldı. Vaxtilə, keçmiş SSRİ məkanında hər hansı bir inkişaf göstəriciləri ilə tanınmayan Azərbaycan, çox keşmədi ki, bütün meyarlar üzrə böyük nailiyyətlər əldə etdi.
Zaman keçdi və nəhayət 90-cı illərdə ölkəni bürüyən xaosdan cana yığılan milyonlarla insanın ona olan ümidlərini yüksək qiymətləndirən Heydər Əliyev 1993-cü ildə Bakıya döndü və siyasi hakimiyyətinin tamamilə fərqli, yeni bir dövrü başlandı. Ölkədə anarxiya, xaos baş alıb gedir, torpaqlarımız mənfur Ermənistan tərəfindən işğala məruz qalırdı. Məhz bu böyük insanın siyasi əzmi, dövlətçilik təcrübəsi sayəsində 1994-cü ilin qışında Azərbaycan Ordusu cəbhədə ilk uğurlu əməliyyatlarına imza atdı. Tam əminliklə demək olar ki, 2016-cı ilin aprel döyüşlərində və 44 günlk Vətən Müharibəsində qazanılan tarixi qələbə ordu quruculuğunda Heydər Əliyev strategiyasının məntiqi sonluğu idi. Təsadüfi deyil ki, böyük dövlət adamı ömrünün son günlərində Azərbaycan xalqına müraciətində İlham Əliyevin şəxsiyyətini xarakterizə edərkən demişdir: “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri xalqın köməyi və dəstəyi ilə İlham Əliyev başa çatdıra biləcək”.
Aran Media Qəzeti
Baş Redakor: Şeyda Əzizova

