Gündəm 

Avropa Türkiyəni Cənubi Qafqazda əsas güc sayır

Toivo Klaar: Bu ölkənin Ermənistanla Azərbaycan arasında münasibətlərin hərtərəfli nizamlanması məsələsində təklif edəcəyi çox şey var

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Ermənistanla Azərbaycan arasında imzalanacaq sülh müqaviləsində Türkiyənin də mühüm rol oynayacağını bildirib: «Türkiyə Ermənistan-Azərbaycan münaqişəsinin həllində real yardım göstərə bilər. İnanın ki, bu ölkənin Ermənistanla Azərbaycan arasında münasibətlərin hərtərəfli nizamlanması məsələsində təklif edəcəyi çox şey var.»

Aİ-nin xüsusi nümayəndəsi bu fikri dekabrın 9-10 tarixlərində İstanbulda keçirilən  «TRT World Forum 2022» çərçivəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşdən,  həm də İrəvana səfərindən sonra öz «Twitter» səhifəsində yazıb. Aİ rəsmisinin bu fikirləri bir daha göstərir ki, Avropa Türkiyənin Cənubi Qafqazda mövqelərinin güclənməsi reallığını qəbul edir. Düzdür, burada rəsmi Ankaranın Azərbaycanla Ermənistan arasında danışıqlar prosesində hansı formada iştirak edə biləcəyi açıqlanmayıb, lakin Türkiyənin bu prosesə ciddi təsir göstərmək iqtidarında olduğu təsdiqlənib.

Bu da bir reallıqdır ki, İkinci Qarabağ müharibəsindən sonra Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması barədə əhəmiyyətli fikirlərin sayı artmağa başladı. Hətta erməni cəmiyyətində də Türkiyə ilə birbaşa iqtisadi-ticari əlaqələrin yaradılmasına dair çoxsaylı təkliflər veridi. Ən mühümü isə odur ki, 2021-ci ilin əvvəlindən Türkiyə və Ermənistan liderləri hər iki dövlət arasında münasibətlərin normallaşdırılması prosesinə başlamaq üçün xüsusi nümayəndələr təyin ediblər. Eyni zamanda, Aİ-nin Praqa sammiti çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilk dəfə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb. Bütün bunların nəticəsi olaraq bəyan edildi ki, hər iki ölkə arasında aviareyslərin təşkili də baş tuta bilər.

Düzdür, Nikol Paşinyan ruspərəst sələfləri Robert Koçaryandan və Serjik Sarkisyandan fərqli olaraq nisbətən müstəqil siyasət yürütməyə çalışır. Xüsusilə ölkəsinin Rusiyadan asılılığını azaltmaqla Avropaya meyillənmək istəyir. Buna görə hətta «rus natosu» hesab edilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından da (KTMT)  çıxmağa can atır. Ötən ay hətta Ermənistanda keçirilən KTMT sammitində o, yekun bəyanatı imzalamaqdan imtina etmişdi ki, bu da Rusiya Prezidenti Vladimir Putinin narazılığına səbəb olmuşdu.

Bütün bunlardan çıxan nəticə odur ki, Ermənistan Türkiyə ilə münasibətlərini düzəltmək üçün Ankaranın tələb etdiyi Azərbaycanla sülh müqaviləsini imzalamağa hazırdır. Lakin  həm Ermənistandakı ruspərəst qüvvələr, həm də Kreml buna maneçilik törədir. Məqsəd Cənubi Qafqazı hələ də «qaynar nöqtə» kimi saxlamaqla burada öz mövqelərini qorumaqdır.

Onu da bildirək ki, Avropa İttifaqı kimi, ABŞ da Cənubi Qafqazda sülh müqaviləsinin imzalanmasına dair konkret mövqe sərgiləyir. Hətta ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib ki,  Birləşmiş Ştatlar ardıcıl olaraq Ermənistanla Azərbaycan arasında uzunmüddətli, əhatəli nizamlanma yolunun tapılmasının vacibliyini vurğulayaraq gərginliyin azaldılmasına çağırış edir: « Bu isə sülh müqaviləsinin imzalanmasından keçir.» O, bu məqsədlə ABŞ-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın görüşünü təşkil etdiklərini də xatırladıb.

Bundan başqa, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına nail olmaq üçün ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Riker də bölgəyə mütəmadi səfərlər edir.

Daha çox xəbərlər