Türk dünyası böyük bir ailədir
Türkmənbaşı şəhərində Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin Birinci Zirvə Görüşündə imzalanan sənədlər bütün türk dünyasının birlik və həmrəyliyinin yol xəritəsidir
Ötən ay Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə çıxış edərək dost ölkələr arasında əməkdaşlığın genişləndirilməsinin aktuallığından, perspektivlərindən bəhs edən Prezident İlham Əliyev Azərbaycanın neft-qaz layihələrinin reallaşmasında tərəfdaş dövlətlərin birgə səyini yüksək qiymətləndirib. 2009-cu ildə Naxçıvanda keçirilən Zirvə Görüşündən başlayaraq daha geniş miqyasda təşkilatlanan türk dövlətlərinin həmrəyliyinə töhfə verən Azərbaycan 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanın əhatə etdiyi İslam ölkələrinin böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat infrastrukturuna, müasir hərbi imkanlara malik olduğunu diqqətə çatdırıb.
Dövlət başçımız «Türk dünyası böyük bir ailədir. Bir-birimizin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməliyik. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığımızı fəallaşdırmalıyıq» sözləri ilə bu birliyin təkcə müstəqil türk dövlətlərindən ibarət olmadığını vurğulayıb, həmrəyliyi daha da gücləndirəcək Zəngəzur dəhlizinin əhəmiyyətindən də söz açıb. İkinci Qarabağ müharibəsini Zəfərlə başa vuraraq Ermənistanın işğalından azad edilmiş Azərbaycan ərazilərində aparılan bərpa-quruculuq işlərində türk dövlətlərinin iştirakını qardaşlıq köməyi kimi yüksək qiymətləndirib.
Türk dövlətlərinin başçılarını Qarabağa və Şərqi Zəngəzura dəvət edən Prezident İlham Əliyev Özbəkistanın, Qazaxıstanın işğaldan azad edilmiş rayonlarda inşa etdikləri məktəblər üçün minntədarlığını bildirib.
Dekabrın 14-də Türkmənbaşı şəhərində Azərbaycan, Türkiyə və Türkmənistan prezidentləri İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan, Sərdar Berdiməhəmmədov arasında baş tutan Birinci Sammit türk həmrəyliyinin növbəti təcəssümü idi.
Etnik, dini, mədəni kökləri, ortaq mənəvi dəyərləri oxşar olan üç dövlətin rəsmi nümayəndələrinin iştirakı ilə keçirilən bu görüşü ölkələr və xalqlar arasındakı əlaqələrin inkişafının yeni mərhələsi kimi dəyərləndirən Prezident İlham Əliyev görüşdə çıxış edərək bütün türk dünyasının birliyinin, təhlükəsizliyinin qorunmasının hazırda daha aktual olduğunu diqqətə çatdırıb. «Azərbaycanın həm Türkiyə, həm də Türkmənistanla siyasi əlaqələri yüksək səviyyədədir» söyləyən dövlət başçımız bildirib ki, Türkiyə ilə ölkəmiz arasında imzalanan Şuşa Bəyannaməsi münasibətlərimizi strateji müttəfiqlik səviyyəsinə çatdırdığı kimi, 2017-ci ildə Azərbaycan ilə Türkmənistan arasında strateji tərəfdaşlıq haqqında Bəyannamənin qəbulu türk birliyinə verilən töhfədir. BMT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ATƏT və digər təsisatlar çərçivəsində əməkdaşlıq edən türk dövlətləri arasında iqtisadiyyat, ticarət, nəqliyyat-logistika və digər sahələrdə əməkdaşlıq yüksək səviyyədə inkişaf edir. Türkiyə iqtisadiyyatına 20 milyard dollara yaxın sərmayə qoyan Azərbaycanın bu il Türkmənistan ilə ticarət dövriyyəsi rekord səviyyədədir. Zəngin enerji resurslarına malik Azərbaycanın Türkiyə və Türkmənistanla mövcud olan enerji, nəqliyyat-logistika sahəsindəki əlaqələrini genişləndirməklə türk dövlətləri arasındakı münasibətlərin yeni istiqamətlər üzrə təkmilləşməsi günümüzün tələbidir. Hər üç ölkənin maraqlarına uyğun layihələrin həyata keçirilməsi, yeni, müasir infrastrukturun yaradılması bütünlükdə türk dünyasının həmrəyliyinə qoyulan sərmayədir. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısı, öz ərazisində dəmir yolu, avtomobil nəqliyyatı və hava nəqliyyatı ilə bağlı layihələri icra edən Azərbaycan türk dövlətləri üçün də önəmli tranzit ölkədir.
2022-ci ilin 10 ayında Azərbaycan ərazisindən keçən ümumi tranzit daşımalarının həcminin ötən ilin müvafiq dövrü ilə müqayisədə 80 faizdən çox artdığını ölkəmizin əlverişli geosiyasi məkanda yerləşməsi ilə əlaqələndirən Prezident İlham Əliyev onu da bildirib ki, Zəngəzur dəhlizinin açılması ilə əməkdaşlıq daha da genişlənəcək.
Xatırladaq ki, Zəngəzur dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində aparılan işlərin dəmir yolu xətti üzrə 40 faizi, avtomobil yolu üzrə 70 faizi icra olunub. Bütün işlər 2024-cü ildə tamamlanacaq və nəticədə yeni nəqliyyat dəhlizi yaranacaq. Türkiyənin və Türkmənistanın şirkətləri yüklərinin daşınması üçün potensialı artan Bakı Beynəlxalq Dəniz Ticarət Limanının, Ələt Azad İqtisadi Zonasının imkanlarından istifadə etməklə dünya iqtisadiyyatına inteqrasiya edə bilərlər. 50-dən çox yük gəmisi ilə Xəzər dənizində ən böyük ticarət, 18 yük təyyarəsi olan mülki hava yük donanmalarına, Bakı gəmiqayırma zavoduna malik Azərbaycan türk dövlətləri arasında əlaqələri birləşdirmək üçün geniş imkanlara malikdir. Füzulidə və Zəngilanda istifadəyə verilən Beynəlxalq Hava limanlarının sayının artması türk birliyinin möhkəmlənməsinə xidmət edəcək Zəngəzur dəhlizinin bərpası, işğaldan azad olunmuş Laçında inşa edilən beynəlxalq hava limanı ilə əlaqələr daha da intensivləşəcək.
Üç dövlət arasında keçirilən Birinci Zirvə Görüşündə Birgə Bəyanatın qəbulu, ticari-iqtisadi, elm, təhsil və mədəniyyət , gömrük əməkdaşlığına dair Birgə məşvərət komissiyasının yaradılması, energetika, nəqliyyat sahəsində əməkdaşlığın möhkəmlənməsi ilə bağlı sənədlərin imzalanması təkcə üç dövlətin deyil, bütünlükdə türk dünyası ölkələrinin maraqlarına uyğundur.

